Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısı” mövzusunda maarifləndirici tədbir keçirilib

05 iyul 2017 | 16:00

Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu ilə birlikdə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində “Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısı” mövzusunda maarifləndirici tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd etmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyəti Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə silsilə maarifləndirici tədbirlərin keçirilməsini nəzərdə tutmuşdur. Ötən əsrin sonlarından etibarən bəşəriyyət dini radikalizm və fanatizm kimi yeni bir qlobal təhlükə ilə üzləşib. Bu təhlükənin miqyası, əhatə dairəsi, gətirdiyi qorxunc fəsadlar heç də digər qlobal təhlükələrin acı nəticələrindən geri qalmır. Artıq hər gün dini ekstremist qruplaşmalar tərəfindən müxtəlif terror aktlarının törədilməsi barədə xəbərlərin eşidilməsi adi hala çevrilib.
Barxudar Barxudarov vurğulamışdır ki, ölkəmizdə dini fanatizm və radikalizmin dayağı yoxdur. Buna səbəb həm ölkəmizdə tarixən mövcud olan tolerant və multikultural dəyərlərin güclü olması, dini dözümlülük ənənəsinə söykənən Azərbaycan hökumətinin apardığı düzgün və mütərəqqi siyasətdir. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi düşünülmüş, müdrik və qətiyyətli siyasət ölkəmizdə hər hansı dini fanatik təmayüllərin və ideologiyaların yayılmasına imkan vermir.
Dini radikalizmin oyanmasına səbəb olan savadsızlıq, səfalət və ədalətsizlik kimi mənfi sosial təzahürlərin qarşısının alınması üçün dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uzaqgörən və mütərəqqi addımlar atılır. Təhsilin, səhiyyənin, elmin inkişafı və əhalinin sosial təminatının yüksəldilməsi sahəsində çoxsaylı işlər görülür, yüz minlərlə məcburi köçkün evlə təmin olunur, yüzlərlə uşaq bağçası və məktəb tikilir, yeni səhiyyə ocaqları açılır. Əhalinin sosial rifah və inkişaf səviyyəsinin artırılması istiqamətində icra edilən uzaqgörən layihələr cəmiyyətimizdə fundamentalist təzahürlərin, fanatik ideologiyaların tərəfdar kütləsi toplamasına imkan vermir.
Bu işlərin həyata keçməsində Azərbaycanın Birinci vitse-prezidenti,  Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi vurğulanmalıdır. Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını rəhbər tutaraq ardıcıl və məqsədyönlü fəaliyyətini uğurla həyata keçirir. Nəcib əməlləri ilə xeyirxahlıq ünvanına çevrilən, hər bir azərbaycanlının qürur yeri, fəxri və vüqarı olan Heydər Əliyev Fondu qarşıya qoyduğu məqsədlərin həyata vəsiqə tapması üçün yeni-yeni zirvələr fəth edir, doğma Azərbaycanımızın adını daim ucaldır.
Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı göz qabağındadır. Ölkə iqtisadiyyatı son 14 ildə böyük inkişaf yolu keçib. Bununla yanaşı, ölkəmizdə tarixən mövcud olan dini dözümlülük ənənələrinin qorunması və inkişafı, eləcə də multikultural dəyərlərin təbliği Azərbaycan dövlətinin əsas siyasi prioritetlərindəndir. Tolerantlıq və multikulturalizmin təbliğinə bu qədər önəm verilməsi təsadüfi deyildir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” və 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməklə qlobal problemə çevrilmiş dini radikalizm və fanatizm təhlükəsindən qurtulmağın mümkünlüyü mesajını verir.
Tədbirdə məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov qeyd etdi ki, Azərbaycanın özünəməxsus dövlət-din münasibətləri modeli var.
Natiq bu fenomenal modelin özəlliyi, ölkəmizdə tolerant mühitin qorunmasında, multikultural ənənələrin inkişafında dövlətimizin başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasətin mahiyyəti və istiqamətləri barədə maarifləndirici tədbirin iştirakçılarına ətraflı məlumat verdi.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili Layihələr sektorunun məsləhətçisi Elvin Hətəmov ölkəmizdə yaşayan fərqli dinlərin və xalqların nümayəndələri arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərindən danışdı.
Tədbir bu sözlərlə yekunlaşdı: Bu gün ölkədə həyata keçirilən dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas və fərqləndirici xüsusiyyəti odur ki, dindarlara və onların dini hisslərinə hörmət, tolerant və multikultural dəyərlərin qorunması, inkişafı sözdə deyil, əməldədir.

Keçidlər