Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib

28 aprel 2017 | 16:00

Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının növbəti ümumi yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Ədliyyə Nazirliyinin, şəhər və kənd bələdiyyələrinin milli assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
İclasda Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyalarının və nəzarət-təftiş komissiyasının hesabatları, 2017-ci il üçün büdcəsi və təşkilati məsələlər müzakirə edilib.
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, hesabat dövründə ölkəmizdə mühüm inkişaf prosesləri, əhalinin gündən-günə maddi rifahının yüksəlməsi müşahidə olunub. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasət nəticəsində respublikamız qüdrətlənir, beynəlxalq aləmdə nüfuzu daha da artır. Azərbaycanda sosial-iqtisadi və siyasi islahatların bir-birini tamamlaması uğurların davamlılığını təmin edir. Bu dövrdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bələdiyyələr də daim inkişafda olub. Bələdiyyələrin Azərbaycanın sürətli sosial-iqtisadi tərəqqisində rolunun artmasına nail olunub, onlar yerlərdə konkret işlərin görülməsinə çalışıblar. Ötən dövrdə yerli özünüidarəetmə institutunun formalaşması üçün ardıcıl tədbirlər görülüb, bu sahədə qanunvericilik bazası təkmilləşdirilib, onların səmərəli fəaliyyəti üçün dövlət tərəfindən lazımi şərait yaradılıb.
Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə çıxış edərək bələdiyyələrin ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş hesab edib. O, qanunvericilikdə edilən dəyişikliklərin önəmindən, bu dəyişikliklərin yerli özünüidarə orqanlarının inkişafına müsbət təsirindən, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərdən danışıb. Azərbaycan bələdiyyə sisteminin effektivliyinin və bələdiyyələrin fəallığının artırılması istiqamətdə görüləcək işlərin əhəmiyyəti vurğulanıb, qəsəbə bələdiyyələrinin sədrlərinə müvafiq tövsiyələr verilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov dövlətin bələdiyyələrə dəstəyindən, ötən dövr ərzində yerli özünüidarəetmənin inkişafından, qazanılan nailiyyətlərdən, Milli Assosiasiyalar vasitəsilə həyata keçirilən çoxsaylı layihələrdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmiz qüdrətli dövlətə çevrilib, sürətli sosial-iqtisadi inkişaf yolu keçib, genişmiqyaslı infrastruktur layihələrinin icrası istiqamətində tarixi nailiyyətlər əldə edib. Bütün dünyanı bürümüş qlobal iqtisadi böhran fonunda ölkə rəhbərliyi köklü iqtisadi islahatlara start verib. Sahibkarlığın inkişafı, daha münbit investisiya mühitinin yaradılması üçün təsirli tədbirlər görülüb.
Sonda Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyalarının və nəzarət-təftiş komissiyasının hesabatları məqbul hesab edilib.

Keçidlər