Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda rayon müşavirəsi keçirilmişdir

19 aprel 2017 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə növbəti tədbir keçirilmişdir.
Tədbirdə  Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin və Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının, Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, qəsəbə Bələdiyyələrinin sədrləri, rayonun ərazisində yerləşən hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə müəssisələrinin rəhbərləri və nümayəndələri, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, 1 və 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin Mənzil Kommunal İstismar Sahələrinin rəhbərləri iştirak etmişdir.
Müşavirəni giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev qeyd etdi ki, su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi, baş vermiş təhlükəli hadisələr zamanı insanların axtarışı və xilas edilməsi istiqamətində aparılmış işlərin təhlili göstərir ki, son illər Fövqəladə Hallar Nazirliyinin digər dövlət strukturları ilə birgə səyləri nəticəsində sularda həlak olma faktları xeyli azalmış, ötən il insanların təhlükəsizliyinin təmin edilməsi məsələlərinə həsr olunmuş işçi müşavirələr öz səmərəsini vermişdir. Lakin, bir sıra hallarda çimərliklərdə istirahət edən və idmanla məşğul olan vətəndaşların qanunvericiliklə müəyyən edilmiş tələb və qadağalara tam riayət etməməsi nəticəsində çimərliklərdə bədbəxt hadisələrinin baş verməsi hallarına hələ də rast gəlindiyi bildirildi.
Tədbirdə “Yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması”, “Əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi”, “Dəniz suyunun təmizlik vəziyyəti” və “Çimərliklərdə ictimai asayişin qorunmasının təşkil  olunması və vəziyyəti” adlı mövzularda  məruzəçilərin çıxışları dinlənilmiş, qeyd olunmuşdur ki, çimərlik mövsümü 15 iyun tarixdən 15 sentyabr tarixədək davam edəcək.
Müşavirədə Suraxanı rayonunda yerləşən çimərliklərdə 18.04.2017-ci il tarixdə keçirilmiş monitorinqin nəticələrinə, su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsinə dair slaydlar və videomaterial nümayiş etdirildi, tədbir iştirakçılarına  FHN tərəfindən hazırlanmış maarifləndirici plakatlar   paylanıldı.
Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Elxan Cəbiyev müşavirə iştirakçılarına tövsiyələrini verdi, tədbirin keçirilməsində göstərilmiş köməyə görə Suraxanı Rayon İcra Hakimiyyətinə öz minnətdarlığını bildirdi.
Sonda Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev qeyd etdi ki, tədbirdə səslənən tövsiyə, təklif və iradlara, çimərliklərin monitorinqinin nəticələrinə uyğun olaraq aşağıda qeyd edilən məsələlərə diqqəti artırmaq lazımdır:
 rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərlərinin yay tətilindən əvvəl şagirdlər arasında maarifləndirmə işinin aparılmasının təşkil edilməsi;
 çimərliklərdə əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün nəzarət kameralarının quraşdırılması;
 çimərliklərdə fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin işçilərinin Hövsan qəsəbəsində yerləşən 23 saylı Şəhər Poliklinikasında tibbi müayinədən keçirilməsi;
 çimərliklərdə fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin sahibləri tərəfindən Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə məişət tullantılarının daşınmasına dair müqavilələrin bağlanılması;
 çimərliklərdə fəaliyyət göstərən ictimai-iaşə obyektlərində çəkilmiş arakəsmələrin dənizdən sahilə doğru  25-30 metr məsafədə götürülməsi;
 itlərin və digər heyvanların çimərlik ərazilərinə daxil olmasının qarşısının alınması;
 çimərlik sahələrinə ictimai nəqliyyatın işləməsinin təşkil edilməsi üçün aidiyyəti qurumlara müraciət edilməsi;
 çirkab suların dənizə axıdılmasının qarşısını alınması üçün aidiyyəti üzrə müraciət edilməsi;
 çimərliklərə gedən daxili yolların təmir edilməsi ilə bağlı aidiyyəti üzrə müraciət edilməsi;
 çimərlikdə növbə çəkən FHN və Təcili tibbi yardım stansiyasının işçiləri üçün lazımi şərait yaradılmasına nəzarət edilməsi.
Tədbirin sonunda qərara alındı ki, verilən tapşırıqların icrasının yoxlanılması məqsədilə yaxın zamanlarda aidiyyəti qurumların iştirakı ilə çimərlik ərazisinə yenidən baxış keçirilsin.

Keçidlər