Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adının əbədiləşdirilməsi məqsədilə xatirə lövhəsinin açılışı olmuşdur

25 aprel 2017 | 16:00

25 aprel tarixdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adının əbədiləşdirilməsi məqsədilə Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 8/6 ünvanında yaşadığı binaya vurulmuş xatirə lövhəsinin açılışı olmuşdur.
Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın üzvləri, Müdafiə Nazirliyinin, Şuşa rayon İcra Hakimiyyətinin,  ictimaiyyətin nümayəndələri, Albert Aqarunovun döyüş yoldaşları, qonaqlar iştirak etmişdir.
Xatirə lövhəsinin açılışına həsr olunmuş tədbir hərbi orkestrin ifasında dövlət himninin səsləndirilməsi ilə başladı. Sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igid oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, Albert Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək 23 yaşında döyüş meydanında qəhrəmancasına şəhid olmuşdur. 154 saylı tam orta məkdəbin adını daşıdığı Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun hər il 25 aprel - döğum günü və 8 may - şəhid olduğu gün rayonda, o cümlədən təhsil aldığı məktəbdə geniş qeyd edilir, Şəhidlər xiyabanında məzarı ziyarət edilir.
Albert Aqarunov Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdirir. 8 may 1992-cu ildə  döyüş meydanında qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Respublikamızın hər yerində olduğu kimi, Suraxanı rayonunda da vətənimizin azadlığı uğrunda şəhid olanlara, onların ailələrinə, müharibə əlillərinə və iştirakçılarına xüsusi diqqət və qayğı var. Suraxanı rayonunda həyata keçirilməsi nəzərdə tutulmuş yerli proqramlardan biri də “Şəhid xatirə komplekslərinin əsaslı təmiri və yenilərinin tikintisi” adlanır. Həmin proqrama əsasən ötən dövrdə 19 ünvanda 63 şəhidin xatirəsini ədəbiləşdirən xatirə kompleksləri əsaslı təmir olunmuş və yeniləri tikilmişdir. Bu gün xatirə lövhəsinin açılışına toplaşdığımız bu bina və ətrafı da “Şəhid xatirə komplekslərinin əsaslı təmiri və yenilərinin tikintisi”  proqramına əsasən abadlaşdırılmışdır.
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun həyat yolu hər bir gənc üçün örnəkdir. Albert Aqarunovun davamçıları ötən ilin aprelində düşmənin təxribatına layiqli cavab verərək öz qəhrəmanlıqlarını bir daha göstərdilər.
İlqar Abbasov vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, müdrik rəhbərliyi altında Silahlı Qüvvələrimiz ötən ilin aprelində son illərin ilk irimiqyaslı hərbi əməliyyatlarında yüksək taktiki və strateji hazırlıq səviyyəsi və işğal altında olan torpaqlarımızı azad etmək əzmi nümayiş etdirdilər.
Bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığına malik peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş mükəmməl, vətənpərvər kadrlardan ibarətdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev orduda islahatların davam etdirilməsini, daha müasir metodlara üstünlük verilməsini, Silahlı Qüvvələrin gücləndirilməsini, döyüş hazırlığının müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçimizlə keçirdiyi görüşdə qeyd etmişdir  ki,  Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir.
Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır.
Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.
Əminəm ki, tezliklə Azərbaycan bayrağı Xankəndində, Şuşada dalğalanacaq.
Tədbirdə çıxış edən Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılov, tədqiqatçı-jurnalist Lalə Hüseynova, Suraxanı Maşınqayırma zavodunda Albert Aqarunovun iş yoldaşı olmuş Məşgül Mirzəyev, Azərbaycanın birinci tank taborunun keçmiş komandiri ehtiyatda olan kapitan Hacı Əzimov, Keçmiş tank komandiri Ağa Qasımov Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfli həyat yolundan, qəhrəmanlığından danışdılar. Tədbir bu sözlərlə yekunlaşdı: Milli Qəhrəman Albert Aqarunovun əziz xatirəsi Azərbaycanı sevən insanların qəlbində əbədi yaşayacaqdır.
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunov ailəsi adından minnətdarlıq etdi.
Sonra Suraxanı rayonu Heydər Əliyev Parkında Həzi Aslanov adına Mərkəzi Zabitlər evinin ansamblının və Şuşa İncəsənət məktəbinin kollektivinin  hazırladığı konsert proqramı təqdim olundu.

Keçidlər