Rayonun Zığ qəsəbəsində növbəti səyyar görüş keçirilmişdir
8 fevral 2013-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sakinlərlə növbəti səyyar görüşü olmuşdur. Görüşdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak etmişdir.
Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə mütəmadi səyyar görüşləri keçirilir, onların təklif və rəyləri dinlənilir, qarşılaşdıqları problemlərin qısa zamanda aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Növbəti belə görüş Zığ qəsəbəsində Mədəniyyət evində keçirilmişdir. Sakinlərlə keçirilən növbəti görüşə gələn rayon rəhbəri məlumat vermişdir ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqrami”na əsasən Suraxanı rayonunda 102 tədbirin keçirilməsi nəzərdə tutulmuş, onlardan 33-i tam icra olunmuş, 49-nin icrasına başlanılmışdır. Başlanılan və başa çatdırılan tədbirlər proqramın 80,4 faizini təşkil edir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Suraxanı rayonu üzrə həyata keçiriləcək işlərə dair 48 bənddən ibarət əlavə tədbir nəzərdə tutulmuşdur. Bu tədbirlərin 6-na başlanılmışdır. Dövlət Proqramı əsasında rayonda görülməsi nəzərdə tutulmuş işlərin icra vəziyyəti icraçı idarə və təşkilatların rəhbərlərinin iştirakı ilə mütəmadi müzakirə edilir, müşavirələr keçirilir, qarşıya çıxan problemlərin həlli yolları müəyyən olunur.
İlqar Abbasov qəsəbə sakinlərinin diqqətinə çatdırmışdır ki, Proqramda Zığ qəsəbəsi üzrə qaz kəmərlərinin yenidən qurulması, DədəQorqud adlandırılan yaşayış sahəsinin aşağı hissəsinin qazlaşdırılması, 18 ədəd 5 mərtəbəli yaşayış binasının məhəllədaxili və aşağı paylama istilik sistemlərinin yenidən qurulması, 2 ədəd qazanxananın tikintisi, qəsəbənin su təchizatının və kanalizasiya sisteminin yaxşılaşdırılması, qəsəbədə olan ATS-lərin NGN texnologiyası əsasında tikintisi, qəsəbədaxili yolların tikintisi və təmiri, Zığ gölünün ətraf ərazilərində neft tullantılarının təmizlənməsi, müvafiq torpaq işlərinin görülməsi, su mənbələrinin müəyyənləşdirilərək, suvarma sisteminin qurulması və ərazinin yaşıllaşdırılması, 331 saylı uşaq bağçası üçün əlavə korpusun tikintisi, 65 saylı məktəbin əsaslı təmiri və digər işlərin görülməsi nəzərdə tutulmuşdur. Bu işlərin bir qismi icra olunmuş, digərlərinin üzərində isə iş gedir.
Sakinlərlə görüşdə İlqar Abbasov xüsusi vurğulamışdır ki, qəbul edilmiş müxtəlif dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlər əldə edilmiş, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələri həyata keçirilmişdir.
Qəsəbə sakinlərindən Balayev Hüseynağa, Alışov Cabir, Ağaşov Ramiz, Həsənov Rəşad, Qurbanov Müşfiq, Bağırov Murad onları narahat edən məsələlərlə bağlı müraciətlər etdilər. Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Milli Məclisin deputatı Sevinc Fətəliyeva qaldırılan məsələlərə aydınlıq gətirdilər. Səyyar görüşdə sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli RİH rəhbərliyi tərəfindən nəzarətə götürüldü.
Rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə sakinlər ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.
Görüşdə 100-ə yaxın sakin və RİH başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.