“Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti tədbir Suraxanı rayonunda keçirilib
Bakı, 18 aprel, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə “Ailə Akademiyası” layihəsinə start verilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, layihənin Suraxanı rayonu üzrə açılış tədbiri Suraxanı rayon İcra Hakimiyyəti və rayon üzrə yerli özünüidarəetmə orqanlarının iştirakı ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində keçirilib.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəşad Hacıyev “Ailə Akademiyası” layihəsinin xüsusilə də gənc nəslin maariflənməsində xüsusi rola malik olacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycanda dövlət ailə siyasətinin uğurla davam etdiyini qeyd edən R.Hacıyev ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışı zamanı bildirdi ki, Azərbaycanın tarixən gözəl ailə ənənələri olub, həmin ənənələr bu gün də yaşadılmalı, gələcək nəsillərə ötürülməlidir. Bununla yanaşı qloballaşan dünyada baş verən dəyişikliklərin Azərbaycan ailəsinə olan təsirlərini də qeyd edərək, bu mənfi təsirlərin aradan qaldırılması istiqamətində Komitənin fəaliyyəti, Bakı şəhəri və ətraf rayonlarda, eləcə də regionlarda həyata keçirilən layihələri barədə tədbir iştirakçılarına məlumat verib.
“Ailə Akademiyası”nın bu istiqamətdə yeni layihə olduğunu bildirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini layihənin daha geniş miqyasda həyata keçirilməsi işində bələdiyyələri fəal olmağa çağırıb.
“Ailə Akademiyası” layihəsinin ictimai əsaslarla yaradıldığını qeyd edən A.Sofiyeva əsas hədəfin gənclər, yeni qurulan ailələr və sosial aktivliyi zəif olan insanlar olduğunu qeyd edib. Respublikamızda ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən Dövlət proqramlarından, qəbul edilən qanunlardan söhbət açan A.Sofiyeva bildirib ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərmiş, milli adət-ənənələrimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə öz mövqeyini qoruyub saxlayıb.
Daha sonra çıxış edən Ədliyyə Nazirliyinin İnzibati Nəzarət İdarəsinin əməkdaşı Hafiz Əliyev tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib. Sosial şəbəkələrin gənc nəslə olan təsirləri barədə çıxış edən H.Əliyev, layihənin bu istiqamətdə də faydalı olacağını və gənc nəslin sağlam ruhda yetişməsində mühüm əhəmiyyət kəsb edəcəyini bildirib.
Tədbirdən sonra qonaqların iştirakı ilə Qaraçuxur qəsəbə bələdiyyəsi tərəfindən “Ailə Akademiyası” layihəsi çərçivəsində hazırlanan təlimə baxış keçirilib.
Layihə çərçivəsində bələdiyyə orqanlarında yerli sakinlərin iştirakı ilə görüşlərin il ərzində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.