Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda ilin 1-ci rübünün yekunları müzakirə olunmuşdur

17 aprel 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclasında ətraflı müzakirə olunmuş, qarşıda duran vəzifələr konkretləşdirilmişdir.
Şuranın geniş iclasında məruzə ilə çıxış edən  rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışında səsləndirdiyi başlıca müddəalar barədə ətraflı məlumat verdikdən sonra ilin birinci rübündə rayonun sosial-iqtisadi göstəricilərini şərh edərək bildirmişdir ki, 2017-ci ilin 1-ci rübü ərzində Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 39%, tikinti-quraşdırma işləri 19%, əsas kapitala yönəldilən investisiyalar 31%, pərakəndə ticarət dövriyyəsi 4%, orta aylıq əmək haqqı 8%, əhaliyə göstərilmiş pullu xidmətlər 6%, kənd təsərrüfatı 2,1 dəfə, nəqliyyat xidmətləri 2,4 dəfə artmışdır.
Rayonda aparılan tikinti-quraşdırma işləri ilə bağlı Yeni Günəşli “D” yaşayış sahəsində “Xəzər inşaat XXI əsr” MTK tərəfindən 1254 mənzilli 9 ədəd, Zığ qəsəbəsində “Şahinlər” MMC tərəfindən 1050 mənzilli 15 ədəd, Yeni Günəşli “AB” yaşayış sahəsində “Atlanta” MTK tərəfindən 340 mənzilli 1 ədəd, Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsində “Elit-R” MTK tərəfindən 210 mənzilli 3 ədəd çoxmərtəbəli yaşayış binalarının inşası, Hövsan qəsəbəsində “Xəyal Adası” yaşayış kompleksinin salınması işləri, Zığ-Hövsan-Türkan yolunun,Yeni Günəşli “AB” yaşayış sahəsində özəl klinikanın, Qaraçuxur-Əmircan yolunun sol hissəsində “ATEF Şirkətlər Qrupu” tərəfindən yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun, Əmircan qəsəbəsində uşaq bağçasının və Rayon Məhkəməsi üçün yeni inzibati  binanın tikintisi işləri davam etdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən sakinlərin mənzil-məişət şəraitinin yaxşıaşdırılmsı məqsədi ilə Bakı şəhərinin digər rayonlarında olduğu kimi Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 34 və 36 ünvanda yerləşən istismara yararsız iki mərtəbəli yaşayış binalarının əvəzinə “Etibarlı” MTK tərəfindən 12 və 14 mərtəbəli, iki girişli, 177 mənzilli yaşayış binasının tikintisi işləri davam etdirilmişdir.
Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov və Mədən küçələrində yerləşən istismara yararsız 5 ədəd 2 və 3 mərtəbəli yaşayış binalarının əvəzinə pilot layihə çərçivəsində “Spektor-H” MTK tərəfindən çoxmərtəbəli yaşayış binasının tikintisi üçün müvafiq sənədləşmə işlərinə başlanılmışdır.
Rayon infrastrukturunun inkişafı ilə bağlı işlər davam etdirilmiş, yeni qaz, su, kanalizasiya, elektrik, istilik xətləri çəkilmiş və təmir edilmiş,  Hövsan qəsəbəsində yüksəkgərginlikli elektrik yarımstansiyasının tikintisi başa çatdırılmış, rayon ərazisində məcburi köçkünlərin kompakt məskunlaşdığı binalarda 426 məcburi köçkün ailəsi fərdi sayğacla təmin olunmuşdur. 
Rayonun küçələrinə və məhəllədaxili ərazilərə 32,0 min kv.m. asfalt örtüyü salınmış, Zığ dairəsi-Hövsan-Türkan-Qala avtomobil yolunun yenidən qurulması və Zığ dairəsi-Heydər Əliyev  Beynəlxalq Hava Limanı avtomobil yolundan Zığ qəsəbəsinə çıxışın salınması işləri davam etdirilmişdir.
Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna çoxlu sayda qonaq və turist gələcəyini nəzərə alaraq rayon ərazisində yerləşən idarə və müəssisələrin inzibati binalarının fasadlarının və hasarlarının təmir edilməsi, mövcud rəngdə rənglənməsi işləri aparılır.
Rayon rəhbəri bildirmişdir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə cari ilin mart ayının 9-da keçirilən müşavirədə Bakı və Sumqayıt şəhərlərindəki yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin problemlərinin həlli ilə bağlı verilmiş tapşırıqlar Suraxanı Rayon İcra Hakimiyyətində keçirilən iclasda geniş müzakirə olunmuş, məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi və digər məsələlərlə bağlı konkret tədbirlər müəyyənləşdirilmiş, aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
İlqar Abbasov diqqətə çatdırmışdır ki, keçən ilin əvvəlində Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən rayonda sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, iş yerlərinin açılması, investisiyaların, o cümlədən xarici sərmayələrin cəlb edilməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyətində xüsusi qərərgah yaradılmışdır. Həmin vaxtdan işsiz vətəndaşların ödənişli ictimai faydalı işlərə cəlb edilməsinə başlanılmış, yeni iş yerləri açılmış və 2016-cı il ərzində Suraxanı rayonunda 1072 nəfər işsiz vətəndaş həmin proqram çərçivəsində işlə təmin olunmuşdur. Bu il də həmin proqram davam etdirilmiş və 1435 yeni iş yeri açılmışdır.
Məşğulluq orqanlarının göndərişləri ilə MKTB-də 305 nəfər iş axtaran şəxs işə qəbul edilərək rayonun park və bağlarında, mərkəzi yolların kənarında, həmçinin qəsəbələrin ərazisində aparılan abadlıq, yaşıllaşdırma və təmizlik işlərinə cəlb olunmuşdur. Rayonda aparılan ağacəkmə kampaniyalarında 700 tut ağacının tingi 3 saylı doğum evinin ərazisində olmaqla ümumilikdə 1800 ədəd ağac əkilmiş, yaşıllıqlara qulluq edilmişdir. Ağacəkmə kampaniyalarının əsasən təhsil və səhiyyə obyektlərinə yaxın ərazilərdə aparılmasına diqqət yetirilir.
MKTB tərəfindən 36-sı məcburi köçkün olmaqla əlavə 241 nəfər şəxs işə qəbul edilmiş, onların iştirakı ilə rayonun Hövsan qəsəbəsi, Elman Qasımov və Oqtay Şabanov küçələrində mənzil fonduna daxil olan 773 mənzilin olduğu 7 ədəd 9 mərtəbəli, ümumilikdə 41 girişli (14, 15b, 15v, 17a, 18a, 20a, 20b) yaşayış binalarında aparılan əsaslı təmir işləri də davam etdirilmişdir. Binaların pilləkən qəfəslərində özbaşına tikililər sökülmüş, girişləri və pilləkən qəfəsləri əsaslı təmir edilmiş, bloklarda yeni dəmir giriş qapıları və pilləkən qəfəslərində yeni plastik pəncərələr quraşdırılmış, həyətlərdə 3000 m2 sahədə yaşıl qazon əkilmiş, 10 ədəd “Nümunəvi abad məhəllə”nin salınması işləri isə yekunlaşmaq üzrədir.
3 saylı Xüsusi Təyinatlı MKTB tərəfindən Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsi 38, 38A saylı binaların, eləcə də Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun yaşadığı Əmircan qəsəbəsi, 8/6 saylı binanın divarına onun xatirə lövhəsinin vurulması ilə bağlı hazırlıq işləri çərçivəsində sakinlər tərəfindən zəbt edilmiş ümumi istifadədə olan torpaq sahələri azad edilərək söhbətgahlar quraşdırılmış, məhəllədaxili yollar asfaltlanmış, yaşıllıqlar salınmış, yol kənarına səkilər düzülmüş, piyada zolağı çəkilərək binaları əhatə edən məhəllələr abadlaşdırılmışdır.
“Bir bələdiyyə-azı bir layihə” proqramı çərçivəsində Bülbülə bələdiyyəsinin təşkilatçılığı ilə Bülbülə qəsəbəsində yerləşən kənd qəbiristanlığındakı Şəhidlər xiyabanı əsaslı şəkildə təmir  edilmişdir. Bundan əlavə Əmircan qəsəbəsində 18-ci əsrin sonlarında inşa edilmiş “Seyid qızı” türbəsi də əsaslı təmir olunmuş, ətraf əraziləri abadlaşdırılmışdır.
Ötən dövr ərzində rayon əhalisinin müraciətlərinə, onların problemlərinin həllinə, sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə diqqət artırılmışdır.
2017-ci ilin birinci rübündə Suraxanı Rayon İcra Hakimiyyətinə 1012 vətəndaş müraciəti daxil olmuş, 595 nəfərin iştirakı ilə 10 səyyar görüş-qəbul keçirilmiş, RİH başçısı tərəfindən 107 nəfər vətəndaş qəbul edilmiş, 43 elektron məktub cavablandırılmışdır.
2017-ci ilin birinci rübü ərzində rayonun aidiyyəti idarələri tərəfindən aztəminatlı ailələrə 2 milyon 970 min manat sosial müavinət və ünvanlı dövlət sosial yardımı göstərilmiş, 187 nəfər tənha, əlil vətəndaşa evdə sosial xidmət göstərilmiş, 13 nəfər əlil və ya imtiyazlı vətəndaş istirahət üçün pansionat və sanatoriyalara göndərilmiş, 28834 nəfər təqaüdçüyə xidmət göstərilmiş, Rayon Məşğulluq Mərkəzi 11-i məcburi köçkün olmaqla 688 nəfəri işlə təmin etmiş, 159 nəfərə işsiz statusu, 182 nəfərə isə işsizlik müavinəti verilmiş, 42 nəfər peşə hazırlıq kurslarına göndərilmişdir.
Cari ilin 1-ci rübündə Yeni Suraxanı, Zığ və Hövsan qəsəbələrində “ASAN xidmət”in müasir texniki avadanlıqlarla təchiz edilmiş xüsusi avtobusları vasitəsilə 1104 nəfər vətəndaşa səyyar formada xidmətlər göstərilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il fevralın 15-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı rayonda icra olunur və 15 aprel  2017-ci il tarixədək rayon üzrə 110,2 min nəfər və 112 müəssisənin kollektivi tibbi müayinədən keçib, 9 nömrəli stomatoloji poliklinikada 350 nəfər sakinə pulsuz stomatoloji  xidmət göstərilibdir.
Eyni zamanda 2017-ci ilin yanvar ayından Suraxanı Rayon İcra Hakimiyyətinin “Xəzər Qayğıkeşlik Layihəsi” Humanitar İctimai Birliyi ilə birgə təşkil etdiyi "İşıqlı Həyat" adlı aksiyanın növbəti mərhələsinə start verilmiş, gözündə problem olan şəhid və aztəminatlı, imkansız ailələrdən, rayonda məskunlaşmış məcburi köçkünlərdən bir qisminə xidmət göstərilmişdir.
Rayon əhalisinin tibbi müayinəsinin gedişi kütləvi informasiya vasitələrində mütəmadi işıqlandırılır, rayon sakinləri dövlət başçısının bu təşəbbüsünü alqışlayırlar.
2017-ci ilin 1-ci rübü ərzində təsdiq edilmiş tədbirlər planlarına əsasən Suraxanı rayonunda RİH-in təşkilatçılığı və digər qurumların iştirakı ilə bir çox ictimai-siyasi tədbir keçirilmiş, dövlət bayramları və əlamətdar günlər qeyd edilmişdir.
İlqar Abbasov qeyd etmişdir ki, rayona gələn bütün qonaqlar Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olur.  2009-cu ildən bəri müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi institutlar ilə birgə Mərkəzdə 200-dən yuxarı tədbir keçirilmiş, 73 mindən yuxarı yerli və xarici ziyarətçi Mərkəzinin fəaliyyəti tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən 16 mindən artıq istifadəçi faydalanmışdır.
Müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində və Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatında 11-ci sinif şagirdlərinə dərslər tədris olunmuşdur. Suraxanı Rayon İcra Hakimiyyətinin və  Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzdə eyni zamanda ayda bir dəfə tədris olunmaqla “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda 9-11-ci sinif şagirdlərinə 2016-2017-ci tədris ilinin sonuna qədər açıq dərslər keçirilir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94 illiyi ərəfəsində keçirilən tədbirdə açıq dərslərə yekun vurulacaq, fərqlənən müəllimlər və şagirdlər mükafatlandırılacaqlar.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədi ilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə “Ölkəmizi tanıyaq” tur-aksiyaları davam etdirilmiş, növbəti tur-aksiyada Suraxanı rayonunun 27 nümunəvi şagirdi Naxçıvan Muxtar Respublikasına səfər etmiş, səfər zamanı şagirdlər Naxçıvanın qədim tarixi-memarlıq abidələri ilə tanış olmuş, görməli yerlərini gəzmişlər. Bu tur-aksiyada Bakı şəhərində səfərdə olan Naxçıvan məktəbliləri 18 və 25 mart tarixlərdə “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu ilə tanış olmuşlar.
Şuranın geniş iclasında çıxış edən 2016-cı ilin aprel ayında gedən döyüşlərin iştirakçısı, polkovnik-leytenant Elşən Qarayev, “XXI ƏSR Xəzər İnşaat” MMC-nin icraçı direktoru Fikrət Məmmədov, “3MS” MMC-nin direktoru Salman Cəfərov, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Züleyxa Səmədova, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi  Mais Məmmədov, Suraxanı Dəmir Yolu Stansiyasının rəisi Cəfər Əliyev, 8 №li  Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Şahi Sədaqət, “Azəravtoyol” ASC-in “Bakı 7 nömrəli Yol İstismarı” MMC-in rəisi Meybulla Cavadov, 12 saylı İSİS-in rəisi Məşdi Cəfərxanov uğurlara və problemlərə diqqət yetirmiş, qarşıda duran vəzifələrlə bağlı fikir və təkliflərini söyləmişlər.
Müzakirələri yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayonda sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrinin icra olunması, məşğulluq səviyyəsinin artırılması və əhalinin rifahının yüksəldilməsi ilə bağlı konkret tapşırıqlar verdi.
İlqar Abbasov vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ölkənin icra qurumları və rəhbər şəxsləri qarşısında qoyduğu vəzifələrin təxirəsalınmadan yerinə yetirilməsini, ölkə başçısının mühüm tarşırıq və göstərişlərinin, dövlət proqramları və irimiqyaslı layihələrlə bağlı bütün məsələlərin həyata keçirilməsini ardıcıl və tam şəkildə təmin edilməsi üçün Suraxanı Rayon İcra Hakimiyyəti bundan sonra da əzmlə çalışacaqdır.
Bakı şəhərinin, o cümlədən Suraxanı rayonunun inkişafına daim qayğı və diqqət göstərən, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi və iqtisadi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi bir daha əmin etmək istəyirəm ki, rayonun sakinləri və əmək kollektivləri qarşımızda qoyduğu tapşırıqları, nəzərdə tutulmuş bütün işləri vaxtında və keyfiyyətlə yerinə yetirəcək, rayonumuzun inkişaf etdirilməsi və abadlaşdırılması naminə üzərimizə düşən vəzifələrin icra edilməsi üçün bütün səylərimizi və qüvvəmizi səfərbər edəcəyik.
          Milli Məclisin deputatları Ağacan Abiyev və Sevinc Fətəliyeva Şuranın geniş iclasında iştirak etmişlər.
Sonda rayonun  ictimai həyatında fəal iştirakına görə Behbudov Rəşid Əli oğlu və Qarayev Elşən Nüsrət oğlu rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmişlər.

Keçidlər