Suraxanı rayonunda çağırışyaşlı gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2017-ci il aprelin 1-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Suraxanı rayonunda da gənclərin həqiqi hərbi xidmətə çağırışı başlanmışdır.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsində toplaşan çağırışçı gənclər həkim komissiyasında tibbi müayinədən keçərək hərbi hissələrə yola salınırlar.
6 aprel 2017-ci il tarixdə rayon İcra Hakimiyyətinin, SHXÇDX-nın Suraxanı rayon İdarəsinin, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Suraxanı rayonu Heydər Əliyev parkında çağırışyaşlı gənclərin hərbi xidmətə yola salınması münasibətilə tədbir təşkil olunmuşdur. Təntənəli yolasalma mərasiminin iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin parkda ucalan abidəsini ziyarət etmiş, Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Sonra Vətən uğrunda qəhrəmancasına şəhid olmuş iğid oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan SHXÇDX-nın Suraxanı rayon İdarə rəisinin müavini - Səfərbərlik Hazırlığı və Səfərbərlik şöbəsinin rəisi Vüsal Həsənov bildirmişdir ki, çağırışçıların həyatında bu gün əlamətdar bir gündür. Onlar həqiqi hərbi xidmətə yola düşürlər. Son illərdə bütün sahələr üzrə çox sürətlə, yüksək templə inkişaf edən ölkəmizin müdafiə potensialının qüdrətlənməsi istiqamətində də böyük işlərin həyata keçməsi nəticəsində Azərbaycanın müdafiə qüdrəti güclənmişdir. Bu gün ordumuzda döyüş qabiliyyəti, vətənpərvərlik ruhu çox yüksəkdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz bunu otən ilin aprelində mənfur düşmənə göstərdi. Aprel zəfəri bir daha sübut etdi ki, növbəti hərbi əməliyyatlar başlayarsa, Azərbaycanın güclü ordusu qarşısında Ermənistan daha ağır məğlubiyyətə düçar olacaqdır.
Təntənəli yolasalma mərasimində çıxış edən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov hərbi xidmətə yola salınan gəncləri təbrik edərək dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açmış, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışmışdır.
İlqar Abbasov əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini xüsusi vurğulamış, Azərbaycanın sabitlik və inkişafının qarantı olan cənab İlham Əliyevin ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm də bir mənəvi vəzifə kimi səciyyələndirmişdir.
Rayon rəhbəri gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə etmiş, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdıraraq onlara şərəflə xidmət etməyi arzulamışdır.
Daha sonra çıxış edən Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi Pənah Süleymanov qeyd etmişdir ki, Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığına malik peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş mükəmməl, vətənpərvər kadrlardan ibarətdir. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Fərəc Quliyev, şəhid anası Saray Quliyeva, valideyn Vəfa Vəliyeva və digər çıxış edənlər çağrışçılara yaxşı yol arzuladılar. Çağrışçı Orxan İsmayılov çağrışçılar adından şərəflə xidmət etməyə söz verdi.
Hərbiçilərin nümunəvi çıxışlarından sonra çağırışçı gənclər Azərbaycan bayrağını öpərək, müqəddəs “Qurani-Kərim”in altından keçərək Fövqəladə Hallar Nazirliyi Akademiyasının orkestrinin səsləndirdiyi hərbi marşın sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola düşdülər.