Suraxanıda “31 mart - Azərbaycanlıların Soyqırımı günü” silsilə tədbirlərlə qeyd edilmişdir
Rayonda “31 mart-Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
Rayon ərazisində yerləşən tam orta məktəblərdə “31 mart-Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş xüsusi dərslər keçirilmiş, şagirdlərin çəkdikləri rəsmlərin sərgisi təşkil olunmuşdur.
30 mart tarixdə rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova, rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər.
Məlumat verilmişdir ki, Quba Soyqırımı Memorial Kompleksi – 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb. 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb. 2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycanın Biribci vitse-prezidenti Mehriban xanım Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışın ediblər. Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə eyni zamanda rayon ictimaiyyəti nümayəndələrinin, gənclərin iştirakı ilə rayonun 104 nömrəli tam orta məktəbində “31 mart-Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan 104 nömrəli tam orta məktəbin direktoru Kərəm Mehdiyev bildirmişdir ki, hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın 30-31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar.
Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov çıxış edərək qeyd etmişdir ki, Erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "Böyük Ermənistan" dövləti qurmaqdır. Bu soyqırımının əsl hüquqi-siyasi qiyməti Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verilmişdir. Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli "Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında" sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir. Belə bir kompleksin inşası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından son dərəcə vacib əhəmiyyətə malikdir.
Xüsusi vurğulanmışdır ki, Heydər Əliyev Fondu Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin dünya birliyinə çatdırılması üçün müxtəlif səviyyəli tədbirlər təşkil edir. Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əks etdirən filmlərin, fotosənədlərin, kitabların və digər kütləvi nəşrlərin yayılması bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası öz töhfəsini verməkdədir. Faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş bu kampaniya dünyanın əksər ölkələrində uğurla həyata keçirilir.
Tədbirin sonunda məktəblilərin Azərbaycanlıların soyqırımı gününə hazırladığı ədəbi-bədii kompozisiya təqdim olundu.