“Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasında olan Suraxanı məktəbliləri qayıtmışlar
“Ölkəmizi tanıyaq” tur-aksiyaların növbəti mərhələsində 23-26 mart tarixlərində Naxçıvan Muxtar Respublikasında olan Suraxanı məktəbliləri xoş təəssüratlarla Bakıya qayıtmışlar.
Naxçıvan Muxtar Respublikasına səfər edən Suraxanı rayonunun 27 nümunəvi şagirdi bu tur-aksiyada Naxçıvan Muxtar Respublikasının zəngin abidələri ilə tanış olmuşlar. Məktəblilər bir daha şahidi olmuşlar ki, bir vaxtlar əzəmətli keçmişini yalnız tarixi abidələri ilə xatırladan Naxçıvan bu gün hamını heyran qoyan inkişaf diyarına çevrilib. Naxçıvanda inkişafın miqyası illərlə, aylarla deyil, günlərlə ölçülür. Təsadüfi deyil ki, Naxçıvan 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub. Bu gözəl diyarda inkişafın təməli Ulu Öndər Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə qoyulub və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində daha da zənginləşib.
Səfər çərçivəsində məktəblilər Naxçıvanda bu günədək qorunub saxlanılan Möminəxatun, Nuh Peyğəmbər, Qarabağlar türbələri, “Əshabi-Kəhf” ziyarətgahı və digər qədim abidələr, M.T.Sidqinin, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev-muzeyləri ilə də tanış olmuşlar.
Suraxanı məktəbliləri onlar üçün yaradılan bu şəraitə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.