Naxçıvanlı məktəblilər “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda olub
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasından Bakıya gələn məktəblilər martın 18-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar.
Məktəblilər burada bayram ab-havasında - musiqi, rəqs və Novruz xonçası ilə qarşılanıblar.
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gələn Naxçıvanlı məktəbliləri salamlayan Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova bildirmişdir ki, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsində “Ölkəmizi tanıyaq” tur-aksiyalarının böyük əhəmiyyəti var. Bu turlarda respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səfərləri təşkil olunur və şagirdlər ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında dinamik inkişaf edən, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması ilə tanış olurlar. Afət Həsənova Naxçıvanlı məktəblilərə xoş istirahət arzuladı.
Sonra məktəblilər “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış oldular.
Məbədlə tanışlıq zamanı şagirdlərə bu qədim abidənin tarixi haqqında ətraflı məlumat verildi. Bildirildi ki, “Atəşgah məbədi”, demək olar, bütün dünyada tanınır. Qədim dövrlərdə bu ərazidə zərdüşti atəşpərəstlərin məbədi yerləşib. Əbədi alova mistik əhəmiyyət verən atəşpərəstlər müqəddəs oda tapınmaq üçün buraya gəliblər.
XV-XVII əsrlərdə ticarət karvanları ilə Abşerona gələn atəşpərəst hindular Suraxanını ziyarət ediblər. Hindli tacirlər qədim məbədin yerində yeni tikililər inşa ediblər. “Atəşgah məbədi”nin ən erkən tikilisi 1713-cü ilə aiddir. XVIII əsrdə məbədin ətrafında ibadətgah, hücrələr, karvansara inşa edilib.
Vurğulandı ki, 2012-ci ilin sentyabr ayından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədə bitişik ərazilərdə abadlıq işləri aparılıb, yardımçı binalar tikilib.
Hazırda qədim atəşpərəst məbədinin qapıları yenidən ziyarətçilər üçün açıqdır və dünyanın hər yerindən turistləri cəlb edir.
Məktəblilər gəzintidən xoş təəssüratla ayrıldılar.