Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Suraxanıda məktəblilərin təntənəli yolasalma mərasimi olmuşdur

23 mart 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədi ilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə “Ölkəmizi tanıyaq” tur-aksiyaları təşkil olunur.
“Ölkəmizi tanıyaq” tur-aksiyaların növbəti mərhələsində 23 mart 2017-cil tarixdə Suraxanı məktəblilərinin Naxçıvan MR-ə təntənəli yolasalma mərasimi olmuşdur.
“Ölkəmizi tanıyaq” layihəsində fəal iştirak edən Suraxanı rayon məktəbliləri əvvəlcə  Ümummilli Liderin Heydər Əliyev parkında  ucalan abidəsini ziyarət etdilər və önünə gül dəstələri düzdülər. Layihə iştirakçıları ilə keçirilən görüşdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, dövlətimizin başçısı cənab İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb. Ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə 6 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 10255 nəfər iştirak edib. Bu il martın 16-19 və 23-26 tarixlərini əhatə edən 7-ci tur-aksiyada 6 istiqamət üzrə 84 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından 3393 nəfər 9-11-ci sinif şagirdi iştirak edəcək. Bununla da “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı, ümumilikdə, 14 minə çatacaq.
İlqar Abbasov qeyd etmişdir ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Suraxanı rayonunun 27 nümunəvi şagirdi bu tur-aksiyada Naxçıvan Muxtar Respublikasına səfər edəcəklər. Naxçıvan bölgəsinin zəngin abidələri Azərbaycanın milli maddi-mədəni irsinin ən parlaq nümunələri sırasındadır. Beş minillik şəhər mədəniyyəti ənənələrinə malik olan qədim Naxçıvan Azərbaycanın, bütövlükdə Qafqazın və dünyanın sivilizasiya xəzinəsinə dəyərli töhfələr verib. Bir vaxtlar əzəmətli keçmişini yalnız tarixi abidələri ilə xatırladan Naxçıvan bu gün hamını heyran qoyan inkişaf diyarına çevrilib. Naxçıvanda inkişafın miqyası illərlə, aylarla deyil, günlərlə ölçülür. Təsadüfi deyil ki, Naxçıvan 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub. Bütün bu uğurları Naxçıvan Muxtar Respublikası Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış blokada şəraitində əldə edib. Bu gözəl diyarda inkişafın təməli Ulu Öndər Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə qoyulub və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində daha da zənginləşib. Naxçıvan istiqaməti üzrə səfər edəcək tur-aksiya iştirakçıları blokada şəraitində intibah yaradan müasir Naxçıvanla tanış olacaqlar. Onlar Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü haqqında ətraflı məlumat alacaqlar. Eyni zamanda, gənclər Naxçıvanda bu günədək qorunub saxlanılan Möminəxatun, Nuh Peyğəmbər, Qarabağlar türbələri, “Əshabi-Kəhf” ziyarətgahı və digər qədim abidələr, M.T.Sidqinin, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev-muzeyləri ilə tanış olacaqlar.
Tur-aksiyanın proqramı təkcə bölgələrin sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanışlıqla bitmir. Məktəblilər üçün asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları keçiriləcək, qaliblərə xatirə hədiyyələri təqdim ediləcək, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil ediləcək.
Yolasalma mərasimində 232 nömrəli tam orta məktəbin direktoru Məhluqə Əzizova, 141 nömrəli tam orta məktəbin şagirdi Elmira Rüstəmli, valideyn Könül Abutalıbova çıxış etdilər və şagirdlər üçün yaradılan bu şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.
Tur iştirakçıları Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular. Tədbir rayonun mədəniyyət kollektivlərinin hazırladıqları konsert proqramı ilə davam etdi.
Sonra şagirdlər onlar üçün ayrılan avtobusla Heydər Əliyev Hava limanına yola düşdülər.

Keçidlər