Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda məskunlaşmış məcburi köçkünlərə xüsusi diqqət və qayğı var

16 mart 2017 | 16:00

Martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən müşavirədə Bakı və Sumqayıt şəhərlərindəki yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin problemlərinin həlli ilə bağlı verilmiş tapşırıqlar Suraxanı rayon İcra Hakimiyyətində keçirilən iclasda geniş müzakirə olunmuş və konkret tədbirlər müəyyənləşdirilmişdir.
İşğal olunmuş bölgələrin icra hakimiyyətləri nümayəndələrinin, məcburi köçkünlərin təmsilçilərinin, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, qəsəbə bələdiyyələrinin, xidmət sahələrinin rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi iclası giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilk müşavirəsini həssas mövzuya - qaçqın və məcburi köçkün ailələrinin sosial problemlərinə həsr etməsi onun yurd-yuvasını müvəqqəti itirmiş vətəndaşlarımıza olan diqqətinin bariz nümunəsidir.
Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir. Ölkə rəhbərliyinin bu qəbildən olan insanlara xüsusi diqqət və qayğısının nəticəsidir ki, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların həyat səviyyəsi, mənzil-məişət şəraitləri əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
Rayon rəhbəri xüsusi vurğulamışdır ki, Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyeva buna qədər həm Heydər Əliyev Fondunun prezidenti, həm də Milli Məclisin deputatı kimi məcburi köçkünlərə qayğı göstərilməsini daim diqqət mərkəzində saxlayıb. Məhz onun təşəbbüsü ilə Heydər Əliyev Fondu Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə “Təhsilə dəstək” layihəsi çərçivəsində hər il çanta və məktəb ləvazimatları hədiyyə edir. Heydər Əliyev Fondunun bilavasitə təşəbbüsü və dəstəyi ilə Xırdalan şəhərində 600 məcburi köçkün üçün yeni yaşayış binası inşa edilib.
Ümumiyyətlə, məcburi köçkün ailələri üçün müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub. Şəhər və rayonlarda bu məqsədlə ayrılmış ərazilərdə salınmış qəsəbələr tam abadlaşdırılıb, texniki infrastruktur yenilənib və həmin ərazilər yaraşıqlı yerlərə çevrilib. Ölkəmizdə olan 12 çadır düşərgəsinin və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət qəsəbələrin ləğvi 2007-ci ildə, 16 fin tipli qəsəbənin ləğvi isə 2016-cı ildə başa çatdırılıb və məcburi köçkün ailələrinin yeni salınmış qəsəbələrə köçürülməsi təmin edilib.
İlqar Abbasov bildirmişdir ki, hazırda respublika üzrə 80 min ailə və ya 340 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Ümumiyyətlə, ölkə üzrə 636 min məcburi köçkündən 217 min nəfəri, yaxud bütün məcburi köçkünlərin 35 faizi Bakı şəhərində müvəqqəti məskunlaşıb. Onlardan 20246 nəfəri (5199 ailə) Suraxanı rayonunda məskunlaşıb. Onlar uşaq bağçalarında, təhsil müəssisələrində, yataqxanalarda, digər sosial obyektlərdə, tikintisi tamamlanmamış, istismara qəbul olunmamış binalarda və başqalarına məxsus zəbt edilmiş mənzillərdə məskunlaşmışlar.
Onlardan 4 bina - Yeni Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsi, keçmiş 1 saylı Texniki Peşə Məktəbi, Xanlar Ələkbərov küçəsi, 72 ünvanındakı yataqxana, Xanlar Ələkbərov küçəsi, 41 saylı bina və Əmircan qəsəbəsi, Park küçəsi, 32 ünvanındakı bina  qəzalı vəziyyətdədir.
Soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi Suraxanı RİH-in  daim diqqət mərkəzində saxlanılır və onların üzləşdikləri problemlərin aradan qaldırılması məqsədi ilə lazımi tədbirlər tərəfimizdən görülür. Qaçqınların və məcburi köçkünlərin işlə təmin edilməsi də Dövlətin diqqət mərkəzindədir. Bildiyiniz kimi, cənab Prezidentin göstərişi ilə işsizlik problemini aradan qaldırmaq üçün xüsusi proqram çərçivəsində böyük vəsait ayrılmış, iş yerləri yaradılmışdır. Bu proqrama əsasən 2016-cı ildə 1072 nəfər işsiz rayon sakini işlə təmin edilmiş, 2017-ci ildə isə rayonda 1435 müvəqqəti iş yerinin açılması nəzərdə tutulmuş, hazırda Rayon Məşğulluq Mərkəzinin  göndərişləri əsasında həmin iş yerlərinə  715 nəfər işsiz vətəndaş, o cümlədən Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində yaşıllaşdırma və yaşayış binalarının cari təmiri işlərinə 542 nəfər vətəndaş işə qəbul edilmiş və hal-hazırda bu proqram üzrə işlər davam etdirilir.
Rayon rəhbəri daha sonra bildirmişdir ki, müşavirədə verilən tapşırıqların icrası ilə bağlı Suraxanı rayonunda da operativ qrup yaradılmış və ötən bir neçə gündə təxirəsalınmaz tədbirlər gerçəkləşdirilmişdir. Qəzalı yerlərdə və ağır şəraitdə yaşayan, ilk növbədə köçürülməyə ehtiyacı olan ailələrin siyahısı dəqiqləşdirilmiş, məşğuliyyətsiz məcburi köçkünlərin müvafiq iş yerləri ilə təmin olunması üçün işlər aparılmışdır.
İclasda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Suraxanı  rayonu üzrə Sektorunun müdiri Əkbər Qənbərli,  Qubadlı rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Xürrəm Quliyev, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədov, Rayon Məşğulluq Mərkəzinin direktoru Sənan Məmmədzadə, problemin uğurlu həlli ilə bağlı mülahizə və təkliflərini söylədilər. Şəhid anası, Zəngilan rayonundan məcburi köçkün Saray Quliyeva, Laçın rayonundan məcburi köçkün Vaqif Şükürov göztərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
İclas bu sözlərlə yekunlaşdı: Qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həsr olunmuş müşavirədə verilən tapşırıqlar Suraxanı rayonunda vaxtında və keyfiyyətlə icra ediləcəkdir.

Keçidlər