Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir

14 mart 2017 | 16:00

14 mart 2017-ci il tarixdə ilaxır çərşənbəsi günü Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda ümumrayon bayram şənliyi keçirilmişdir.
Bayram tədbirində Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında Şuranın üzvləri, YAP Suraxanı rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, sənaye müəssisələrinin rəhbərləri, 2 mindən yuxarı rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
“Atəşgah Məbədi”nin qarşısı baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünmüşdü. Meydanın ortasına yerləşdirilmiş böyük səməni şənliyə xüsusi yaraşıq verirdi.
Meydana toplaşmış çoxsaylı rayon ictimaiyyətinin nümayəndələri Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə  “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğundan od götürmək üçün gələn qonaqları böyük mehribanlıqla qarşıladılar. Qonaqlar da rayonun bayram şənliyinə qoşuldular.
Şən, oynaq musiqi sədaları ətrafı bürümüşdü. Milli geyimli qızlar, oğlanlar meydanda rəqs edirdilər. Baharı, Azərbaycanı tərənnüm edən mahnılar dalğa-dalğa hər tərəfə yayılır, bayram mərasiminin iştirakçılarında xoş ovqat doğururdu.
El ağsaqqalı Dədə Qorqud xalqımızı qədim el bayramı münasibətilə ürəkdən təbrik etdi. Azərbaycanın xoşbəxt gələcəyi, firavanlığı, ölkəmizin dirçəlişi və ərazi bütövlüyünün bərpası naminə gördüyü işlərdə Azərbaycan Respublikasının Prezidentini cənab İlham Əliyevə uğurlar arzuladı.
Rayon  ağsaqqallar şurasının sədri Arif Babayev “Atəşgah məbədi”ndən götürdüyü odla bayram tonqalını alovlandırdı.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayon sakinlərini tədbik edərək xüsusi vurğuladı ki, tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən ölkədə siyasi hakimiyyətə qayıdışından sonra Novruz bayramı milli dövlət bayramı səviyyəsinə yüksəldilmişdir.
Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən, milli-mənəvi dəyərlərimizi yaşadan möhtərəm Prezidentimiz cənab İlham Əliyev də hər il bayram günü xalqa təbrik ünvanlayır, paytaxt küçələrində təşkil olunan bayram şənliklərində iştirak edir və onlarla öz sevincini paylaşır. Dövlət başçısının bu addımı xalq tərəfindən böyük rəğbətlə qarşılanır.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqın milli varlığını özündə yaşadan hər bir maddi-mənəvi və intellektual  irsə böyük həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində çox böyük işlər görür.
Rayon rəhbəri Azərbaycanın xoşbəxt gələcəyi, firavanlığı, ölkəmizin dirçəlişi və ərazi bütövlüyünün bərpası naminə gördüyü işlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə uğurlar arzuladı.
Bayram şənliyində tanınmış incəsənət ustaları, rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirdilər, "Kosa, Keçəl və Bahar qız" tamaşasını göstərdilər, rəngarəng konsert proqramı ilə çıxış etdilər. Bayram şənliyində bir tərəfdə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar, kəndirbazlar öz məharətlərini göstərir, digər tərəfdə isə qədim şərq bazarı, sərgilənən misgərlik əşyaları, xalça, palac, kilim iştirakçıların marağına səbəb olurdu. Şənlik iştirakçıları qədim xalq mahnılarını ifa edir, milli musiqinin sədaları altında rəqs edirdilər. Bu əziz bayramı Suraxanı sakinləri böyük sevinc və fərəhlə qeyd etdirlər.
Bayram tədbirləri rayonda davam edir.

Keçidlər