2 fevral-Gənclər günü Suraxanı rayonunda qeyd edilmişdir
2 fevral-Gənclər günü ilə əlaqədar Suraxanı rayonu Səttar Bəhlulzadə adına mədəniyyət sarayında gənclərlə görüş keçirilmişdir. Görüşdə 600-ə yaxın gənc iştirak etmişdir.
Görüş iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Ündərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.
Sonra gənclərlə görüş Səttar Bəhlulzadə adına mədəniyyət sarayında davam etdirilmişdir. Gənclərlə görüşdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov iştirak etmişlər.
Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov rayon gənclərinin ötən il əldə etdikləri uğurlar haqqında məlumat vermişdir.
Canlı diskusiya formasında təşkil olunmuş görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov gəncləri 2 fevral-Gənclər günü münasibəti ilə təbrik edərək qeyd etmişdir ki, Ümummilli Liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir.Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür.
Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına olduqca müsbət təsir göstərir. Gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Dövlət gənclər siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov qeyd etmişlər ki, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.
Tədbirdə xüsusi vurğulanmışdır ki, bu yüksək münasibətə cavab olaraq Azərbaycan gəncləri bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.
Görüşdə rayonun ictimai həyatında fəal iştirak etmiş bir qrup rayon gəncinə Rayon İcra Hakimiyyəti başçısının, YAP Suraxanı rayon təşkilatının Fəxri Fərmanı və hədiyyəsi təqdim olunmuş, YAP sıralarına yeni daxil olmuş bir qrup gəncə partiya vəsiqələri verilmişdir.
Sonda Səttar Bəhlulzadə adına mədəniyyət sarayın bədii kollektivi konsert proqramı ilə çıxış etmişdir.