Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbir keçirilmişdir

04 mart 2017 | 16:00

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Suraxanı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələrin,  psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın 4.4.23-cü bəndinə uyğun olaraq narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilərin hazırlanması istiqamətində təlim-məşğələ keçirilmişdir.
Təlim-məşğələyə rayon İcra Hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi, uşaqlarla iş üzrə məsləhətçi psixoloqu, rayonun tam orta məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, psixoloqları və tibb işçiləri cəlb olunmuşdur.
Rayon İcra Hakimiyyəti baçısının müavini Afət Həsənova təlim-məşğələni giriş sözü ilə açaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 2013-cü il iyunun 24-də imzaladığı Sərəncamla təsdiq edilmiş “Narkotik vasitələrin,  psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə Suraxanı rayonunda müxtəlif tədbirlər həyata keçirilir, əlaqədar dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birlikdə silsilə tədbirlərin keçirilməsi təşkil edilir. Suraxanı rayonunda narkomanlığa qarşı mübarizəyə vətəndaşların cəlb olunması üçün  fəaliyyət göstərən etimad telefonu (012) 452-05-77 vasitəsi ilə məlumatın verilməsinə şərait yaradılmışdır.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun Rəhbər müavini Vasif Quliyev çıxışında qeyd etmişdir ki, hazırda bütün dünyanı ciddi şəkildə narahat edən narkomaniya ağrılı bir problem olmaqla yanaşı, əhatə dairəsini getdikcə genişləndirərək ümumbəşəri bəlaya çevrilmişdir. Narkotik vasitələrə aludəçilik cinayətkarlıq, zorakılıq və digər neqativ hallar üçün münbit zəmin yaradan mühüm amillərdən biri olaraq məhsuldar qüvvələrin inkişafına mənfi təsir göstərməklə gəncləri sosial-iqtisadi və siyasi proseslərdən uzaqlaşdırır, ailələrin və bütövlükdə cəmiyyətin inkişafını ləngidən ağrılı bir prosesə çevrilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və onlardan sui-istifadə ilə əlaqədar mübarizənin gücləndirilməsi məqsədi ilə keçirilən təbliğat xarakterli kütləvi tədbirlərdə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin, incəsənət və idman ustalarının iştirakı vacibdir. Keçirilən tədbirlərə diqqət artırılmalıdır.
Təlim-məşğələdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun Böyük referenti Raqif Allahverdiyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin məsul əməkdaşı Tanrıverdi Aydınov, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Asif Kəngərli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərvanə Əsgərzadə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Tahirə Qədirova çıxış etdilər.
Çıxışlarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəaları və tələbləri diqqətə çatdırıldı və bunun əhaliyə izahının vacibliyi qeyd olundu. Vurğulandı ki, təhsil müəssisələrində təhsil işçiləri və məktəblilər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılmalı, gənclərin kütləvi idman yarışlarına cəlb olunmasına diqqət artırılmalıdır.
Məşğələ iştirakçılarına narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin müalicəsi, onun törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü və narkomanlığın profilaktikası ilə bağlı məlumat verildi və qeyd olundu ki, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı problemlər haqqında ictimai marifləndirmə işini genişləndirmək, asudə vaxtın təşkili məsələlərinə xüsusi fikir vermək lazımdır.
Tədbirdə gənclər evlərinin, idman, mədəniyyət müəssisələrinin fəaliyyətinin gücləndirilməsinin vacibliyi, uşaq və yeniyetmələrin belə müəssisələrə cəlb olunmasının əhəmiyyəti vurğulandı.
Təim-məşqələdə iştirakçıların çoxsaylı suallarına aydınlıq gətirildi.

Keçidlər