Suraxanıda bu günədək 30 min 189 nəfər müayinədən keçib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, əhalinin fevralın 15-dən başlanan növbəti kütləvi pulsuz tibbi müayinəsi Suraxanıda da uğurla davam etdirilir. Aksiya rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada həyata keçirilir.
Suraxanıda 216 min 280 nəfər sakin və rayonda məskunlaşan 20 min 247 nəfər məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində müayinə olunur. İndiyədək rayon üzrə 30 min 189 nəfər vətəndaş və 40-dan çox müəssisənin kollektivi tibbi müayinədən keçib, 1334-də müxtəlif xəstəliklər aşkarlanıb, 37 nəfər stasionar müalicəyə cəlb edilib, 93 nəfər təkrar müayinə və müalicə olunmaq üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilib.
Rayonda əhalinin tibbi müayinəsinin aparıldığı müəssisələrdən biri də Qaraçuxur qəsəbəsində yerləşən 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasıdır. Ölkəmizdə gedən abadlıq-quruculuq işlərinin tərkib hissəsi olaraq əsaslı təmirdən çıxan bu səhiyyə ocağının poliklinika hissəsində Suraxanının idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanların, habelə pensiyaçıların tibbi müayinəsinə xüsusi önəm verilir. Rayon sakinlərinin mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmaları tədbirin yüksək səviyyədə təşkilindən xəbər verir.
Xəstəxananın baş həkimi Arif Məmmədov bildirib ki, əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkarlanaraq insanların müalicəyə cəlb olunması məqsədilə keçirilən bu aksiya hamının ürəyincədir. Xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb edir.
Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər, əvvəlcə terapevt tərəfindən müayinə olunur, sonra isə ehtiyac yarandığı halda onlar cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlər tərəfindən müayinə edilirlər.
Tibbi müayinə başlayandan indiyə kimi xəstəxanada 4 min 474 nəfər tibbi müayinədən keçib. Onların 283 nəfərində xəstəlik aşkar olunub, 14 nəfər stasionar müalicəyə cəlb edilib və 17 nəfəri təkrar müayinə üçün Bakının müxtəlif xəstəxanalarına göndərilib. Eyni zamanda, 1228 nəfərdən labarotor analiz götürülüb, 138 nəfər EKQ, 635 nəfər rentgen müayinələrindən və 179 nəfər isə UZİ müayinəsindən keçib.
Qaraçuxur sakini Ələkbər Quliyev bütün müayinələrdən keçdiyini, həkimlərdən və tibb bacılarından razı qaldığını bildirərək deyib: “Bizim kimi imkansız insanlara müayinə olunmaq şəraiti yaratdığına görə dövlət başçısına təşəkkür edirəm”.
Şövkət Orucova isə fikrini belə ifadə edib: “Prezidentimiz səhhətimiz haqqında özümüzdən daha çox düşünür. Belə bir səhiyyə aksiyasının təşkil olunması haqqında tapşırıq verməsi həm də onu sübut edir ki, dövlətimizin başçısı hər bir Azərbaycan vətəndaşını sağlam görmək istəyir”.