Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2016-cı ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib
25 yanvar 2017-ci il tarixdə Zığ Mədəniyyət evinin binasında Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib. Zığ qəsəbəsi ərazisində yerləşən idarə və təşkilatların, təhsil, səhiyyə və digər müəssisələrin, təsərrüfat xidmətlərinin, yerli bələdiyyənin nümayəndələrinin və sakinlərin iştirakı ilə keçirilən toplantıda 2016-cı il ərzində həyata keçirilən işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müzakirə olunaraq növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısının Zığ qəsəbəsi üzrə nümayəndəsi Cəlaləddin Əhmədov və Zığ Bələdiyyəsinin sədri Kənan Nəsrullayev 2016-cı il ərzində qəsəbədə görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış ediblər.
Yığıncaqda çıxış edən Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini Rəşad Hacıyev 2016-cı ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən Suraxanı rayonunda bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcəkdir. Bidirilmişdir ki, RİH tərəfindən rayonun yaşayış məntəqələrində məhəllələr abadlaşdırılacaq, qəsəbədaxili yolların təmiri, su və kanalizasiya sistemləri yenidən qurulması, qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işaqlandırılması ilə bağlı tədbirlər görüləcəkdir.
Tədbirin sonunda qəsəbə sakinlərinin müraciətləri, istək və təklifləri dinlənilmişdir. Qəsəbənin gələcək inkişafı, dam örtüklərinin təmiri, qəsəbədaxili yolların asfaltlaşdırılması və küçələrin işıqlandırılması, ərazinin sanitar təmizliyi, nəqliyyatla yaranmış problemlər və s. barədə müraciətlər dinlənilmiş, onları narahat edən suallar cavablandırılmış, nöqsanların aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.