Suraxanıda 15 saylı xəstəxanada 20 Yanvar faciəsi anıldı
"20 Yanvar” faciəsinin 27-ci ildönümü ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda silsilə tədbirlər keçirilir. Faciə ilə bağlı növbəti anım tədbiri Suraxanı rayon 15 saylı Birləşmiş Şəhər Xəstəxanasında keçirilib. Tədbirdə şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edildi.
Baş həkim Arif Məmmədov bildirib ki, SSRİ Azərbaycanın ondan ayrılıb müstəqil dövlətə çevrilməsini istəmirdi. Bu cür hadisələr Özbəkistanda, Qazaxıstanda və Gürcüstnda da törədilmişdi: “Ona görə də sovet imperiyası bu cür qətliamı həyata keçirsə də, xalqın inamını qıra bilmədi. Əksinə, xalq öz istəyinə nail oldu. Və Azərbaycanın müstəqilliyi də elə “20 Yanvardan keçir”.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev qətliamla bağlı tədbir iştirakçılarına ətraflı məlumat verdi. Bildirdi ki, hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur: “Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin “Qanlı Yanvar”ını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecə Azərbaycan xalqı sınağa çəkildi. Həm xalqın öz içindən yetişdirdiyi qəhrəmanlar üzə çıxdı, həm də ona başçılıq edənlərin kimliyi bəlli oldu. Xalqımız həmin gün nümayiş etdirdi ki, müstəqillik mübarizəsinə qalxmaq, pozulmuş hüquqların, suverenliyin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir. 1990-cı ilin “20 Yanvar”ı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi.Yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, şəhərdə və onun ətrafında qapalı düşərgələrdə yerləşdirildi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibində Stavropol, Rostov və Krasnodardan səfərbər edilmiş zabit və əsgərlər, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edildi. SSRİ rəhbərliyi “DQ”ın Ermənistana birləşdirilməsinə qarşı çıxan Azərbaycan xalqını cəzalandırmaq üçün “Qanlı Yanvar” qırğınını törətdi. Yanvarın 19-dan 20-nə keçən gecə qoşunların qanunsuz yerləşdirilməsi nəticəsində, Bakıda və Respublikanın rayonlarında 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanıldı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları dağıdıldı, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edildi. Bir sözlə, həmin dövrün qiymətləri ilə dövlət, ictimai və şəxsi əmlaklara 5.637. 286 rubl miqdarında maddi ziyan vuruldu. Eləcə də fövqəladə vəziyyət elan edildikdən, yəni yanvarın 20-dən sonrakı günlərdə paytaxda 57 nəfər öldürüldü. Fövqəladə vəziyyət olmayan rayonlarda- yanvarın 25-də Nefçalada 2, 26-da isə Lənkəranda 6 nəfər qətlə yetirildi”.
N. Fəttullayev söylədi ki, yanvarın 21-də fərdi təqaüddə olan Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, burada təşkil olunmuş izdihamlı yığıcaqda çıxış edərək, bu ağır günlərdə xalqla həmrəy olduğunu bildirdi: «20 Yanvar” faciəsinə ilk rəsmi qiymət də Ulu Öndərin təşəbbüsü ilə verilib. Belə ki, 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-ın Ali Məclisi “20 Yanvar” faciəsi ilə bağlı tarixi qərar qəbul etdi. Ulu öndər xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra, ilk olaraq Şəhidlər Xiyabanını ziyarət etdi və bu məsələ yenidən gündəmə gəldi, “20 Yanvar” hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi adımlar atıldı. Qısa bir müddətdə bütün şəhid məzarlarının üstü götürüldü.
Həkim Ramiqə Kərimova isə çıxışında vurğuladı ki, “20 Yanvar” faciəsi heç vaxt unudulmayacaq. Onun sözlərinə görə, bu, təkcə qətliam kimi yox, xalqımızın qələbəsi kimi yadaşlarında qalacaq. Allah “20 Yanvar” şəhidlərinə rəhmət eləsin!”.