Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində "Gəncliyini qoru gələcəyin üçün!" adlı tədbir keçirilmişdir

20 dekabr 2016 | 16:00

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Gəncliyini qoru gələcəyin üçün!" adlı layihəyənin icrasını başa çatdırıb. Layihə çərçivəsində sonuncu tədbir Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində keçirilib.
Tədbirdə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov qeyd edib ki, layihənin icrası müddətində gənclər arasında sağlam həyat tərzi təbliğ edilib, zərərli vərdişlərə qarşı effektiv mübarizə aparılıb. Ç.Bayramov qeyd edib ki, gənclər sağlam həyat tərzi keçirməklə qarşılaşdıqları bütün maneələri dəf edə bilərlər: “Hökumətin dəstəyi ilə sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində gənclər arasında ciddi iş görülür. TUMİB də bu prosesdə fəal iştirak edərək, Azərbaycanın gələcəyi üçün sağlam nəsillərin yetişməsinə öz töhfəsini verir. Layihənin davamlılığını təmin etmək üçün daxili imkanlarımız hesabına gələcəkdə də maarifləndirmə işi aparacağıq”.
Ç.Bayramov gəncləri sağlam həyat tərzi keçirməyə, spirtli içkilərdən və siqaretdən uzaq olmağa, davamlı mütaliə etməyə və öz üzərlərində işləməyə  çağırıb. TUMİB sədri əmin olduğunu bildirib ki, Azərbaycan gəncliyi dəmir iradəsi sayəsində qarşısına qoyduğu bütün vəzifələrin öhdəsindən gələcək: “Azərbaycanda idmana və idmançılara göstərilən qayğı sayəsində bu sahədə böyük nailiyyətlər əldə etmək mümkün olub. Azərbaycanın I Avropa Oyunlarına ev sahibliyi etməsi, IV İslam Həmrəylik Oyunlarının 2017-ci ildə Bakıda keçiriləcək ən nüfuzlu idman tədbirilə bağlı hazırlıq prosesinin başa çatmaq üzrə olması bir daha sübut edir ki, ölkəmizdə əhalinin sağlam həyat tərzi keçirməsi dövlətimizin qarşıısnda dayanan əsas vəzifələrdən biridir. Respublikamızın ən ucqar rayonlarında belə İdman Olimpiya Komplekslərinin inşa edilməsi göstərir ki, Azərbaycanda idmana qayğı əhalinin bütün təbəqələrini əhatə edir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət sağlam vətəndaş yetişdirməyə xidmət edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərlik etməsi Azərbaycan dövlətinin idmana göstərdiyi sonsuz qayğının bariz nümunəsidir”.
Layihənin eksperti Seymur Verdizadə gəncliyin tükənməz enerjiyə sahib olduğunu bildiirb. S.Verdizadə deyib ki, orta və yaşlı nəslin vəzifəsi bu enerjini müsbət istiqamətə yönəltməkdir. Natiq əmin olduğunu bildirib ki, gənclər sağlam həyat tərzi keçirməklə bütün neqativ meyllərə qalib gələ bilərlər.
TUMİB mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə gənclərin cəmiyyətin həyatında fəal rol oynadığına diqqət çəkib. S.Novruzzadə qeyd edib ki, yeniyetmə və gənclər arasında maarifləndirmə işinin aparılmasında cəmiyyətin bütün təbəqələri iştirak etməlidir: “Azərbaycanda həyata keçirilən gənclər siyasəti bu kateqoriyaya daxil olan insanların fərdi potensialının üzə çıxmasına xidmət edir. Gənclər onlar üçün yaradılmış münbit şəraitdən maksimum faydalanmağa çalışmalıdırlar”.
TUMİB-in Hüquq Mərkəzinin əməkdaşı Orxan Vəliyev kamil insanla cahil insan arasındakı fərqdən danışıb. O.Vəliyev deyib ki, kamil insan təkcə fiziki deyil, həm də mənəvi cəhətdən sağlam olmalıdır: “Yaxşı insanı pis insandan fərqləndirən əsas cəhətlərdən biri də onun yüksək əxlaqi keyfiyyətlərə malik olmasıdır. Əxlaqlı insan hilədən, yalandan, şər-böhtandan uzaq olur, ətrafına müsbət emosiya bəxş edir.  İnsanın daxili aləmi bəəzn onun çöhrəsində özünü göstərir. Buna görə də çalışın ki, həmişə üzünüz gülsün”.
Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elşən Atakişizadə Azərbaycan gəncliyinin hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirib. E.Atakişizadə deyib ki, gəncliyin sahib olduğu enerji imkan verir ki, o, mürəkkəb situasiyadan da çıxış yolu tapa bilsin. Rəis müavini gəncləri daim hərəkətdə olmağa və yeni-yeni ideyalarla çıxış etməyə səsləyib.

Keçidlər