Suraxanıda Ulu Öndərin xatirəsi böyük ehtiramla anıldı
9 dekabr 2016-cı il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
Əvvəlcə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, RİHB yanında Şuranın üzvləri, rayondan Milli Məclisə seçilmiş deputatlar Ağacan Abıyev, Sevinc Fətəliyeva, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, 3 mindən yuxarı rayon ziyalısı və ictimaiyyətin nümayəndələri Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət etdilər və abidənin önünə tər güllər qoydular.
Sonra tədbir iştirakçıları Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular, Elektron lektoriya zalında Ulu Öndərin zəngin irsini öyrənmək məqsədi ilə məktəblilərə təqdim olunan ədəbi-kompozisiyaya baxdılar.
Sonra Suraxanı rayon İcra Hakimiyyətinin Akt zalında “Azərbaycanı davamlı tərəqqi və yüksəliş yoluna çıxaran Ümummilli Lider” mövzusunda konfrans öz işinə başladı.
Konfrans iştirakçıları bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etdilər.
Konfransda çıxış edən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, bu gün, bu zalda öz həyatını bütövlüklə xalqına, Vətəninə həsr edən Ulu Öndər bir daha anılır, əziz xatirəsi yad edilir. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından 13 il keçir. Ötən illər bir daha göstərdi ki, zaman keçib nəsillər dəyişsə də, Ümummilli Lider xalqın yaddaşından silinmir, bu gün də insanların qəlbində ən yüksək ehtiramla yad edilir. Çünki Heydər Əliyev şəxsiyyəti bütün dövrlər və nəsillər üçün əbədilik statusu qazanıb, adı Azərbaycan tarixinə əbədi həkk olunub.
Böyük Azərbaycanlı Heydər Əliyev yüksək zirvə, müqəddəs amal, tükənməz həyat mənbəyidir.
Heydər Əliyev çox müdrik - səbirli və tədbirli, son dərəcə uzaqgörən dahi siyasətçi idi. Ulu Öndərin 70-ci illərdə sovet Azərbaycanında quruculuq, 90-cı illərin ortalarında müstəqil Azərbaycanda xilaskarlıq missiyalarını uğurla həyata keçirməsi məhz bu ali keyfiyyətlərinin göstəricisi idi.
Tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır.
1990-cı illərin əvvəllərində isə Azərbaycan ağır vəziyyətdə faktiki olaraq ölüm-qalım dilemması qarşısında idi. Yenicə müstəqillik qazanmış və xarici təcavüzə məruz qalmış gənc respublikada vətəndaş müharibəsi başlamışdı. Belə bir zamanda Azərbaycanın müstəqilliyi və dövlətçiliyi böyük təhlükə altında idi.
Amma, şükürlər olsun ki, tarixin sınağından çıxmış müdrik liderimiz - Heydər Əliyevimiz vardı. Azərbaycan xalqı ona müraciət etdi, öz taleyini, dövlətini yenidən ona etibar etdi. Ulu Öndər 1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıtdı və xilaskarlıq missiyasını şərəflə yerinə yetirməyə başladı. Heydər Əliyevin müdrik siyasəti və xalqın dəstəyi ilə Azərbaycanın parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi aradan qaldırıldı, ölkədə ictimai-siyasi sabitlik yarandı. İqtisadi tənəzzülü dayandırmaq və dövlət quruculuğu ilə məşğul olmaq üçün imkan yarandı.
Sonrakı dövr isə Azərbaycanın böhranlardan çıxarılması, demokratik dövlət quruculuğunun aparılması, bunun üçün vacib olan siyasi və iqtisadi islahatların həyata keçirilməsi kimi mürəkkəb, taleyüklü məsələlərin həlli ilə əlamətdar oldu. Azərbaycanın iqtisadi inkişafı vüsət aldı, sivil dünyaya inteqrasiya prosesi başlandı.
Heydər Əliyevin uzaqgörən siyasətçi, dahi şəxsiyyət olduğunu bir daha göstərən əsas amillərdən biri daim Azərbaycanın gələcəyini düşünməsi, onun siyasətini davam etdirəcək, arzularını, ideallarını gerçəkləşdirəcək möhtərəm İlham Əliyev kimi müdrik bir siyasətçini yetişdirməsi, ona etimad göstərməsidir. Azərbaycan xalqı da Ümummilli Liderin bu etimadını yüksək dəyərləndirdi və millətin, dövlətin taleyini təyin etmək kimi məsuliyyətli vəzifəni möhtərəm İlham Əliyevə etibar etdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu gün öz genişmiqyaslı və yorulmaz fəaliyyəti ilə Ümummilli Liderin etimadını, xalqın etibarını şərəflə doğrultduğunu sübut edir. Nəticələr də göz önündədir.
Hazırda bütün dünyada planetar miqyaslı qarşıdurmaların, iqtisadi böhranların baş verdiyi kritik bir zamanda Azərbaycanın bu günü, sabahı etibarlı əllərdədir, Azərbaycanın möhtərəm İlham Əliyev kimi müdrik Prezidenti var. Cənab İlham Əliyev bu cür mürəkkəb zamanda Azərbaycanı iqtisadi böhranlardan və siyasi fırtınalardan qoruyaraq irəli, inkişafa və rifaha doğru aparır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi müdrik daxili və xarici siyasətin əsas hədəfləri xalqımızın azad, təhlükəsiz və firavan yaşaması, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq normaları əsasında həll olunması, qaçqın və məcburi köçkün soydaşlarımızın ata-baba yurdlarına qayıtmasıdır.
Qoyulan məqsədlərin reallığa çevrilməsi heç bir şübhə doğurmur, çünki çoxəsrlik dövlətçilik tarixində, möhtərəm Prezidentimiz İlham Əliyevin də haqlı olaraq qeyd etdiyi kimi, müstəqil Azərbaycan heç vaxt indiki kimi güclü, qüdrətli və özünəinamlı olmamışdır.
Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həyata keçirdiyi fəaliyyət hər birimiz üçün nümunədir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sürətlə inkişaf etdirdiyi Azərbaycanın yüksəlişində Heydər Əliyevin adını daşıyan və Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun xidmətləri əvəzolunmazdır.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Suraxanı rayonunun hər bir sakininin qəlbində yaşayır. Suraxanılılar Heydər Əliyev siyasi məktəbinin yetirməsi və onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi xəttini qəlbən müdafiə edir və bu siyasətin xalqımızı firavan gələcəyə aparacığına tam əminliklə inanırlar.
Nə qədər ki, Azərbaycan xalqı var, Müstəqil Azərbaycan dövləti var, onun Ulu Öndəri, Ümummilli Lideri hər birimizin qəlbində daim yaşayacaqdır.
Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ölkəmizin və xalqımızın taleyində oynadığı misilsiz rolun, yerinə yetirdiyi böyük işlərin, yaratdığı sabitliyin və əminamanlığın, iqtisadi strategiyanın, ideoloji təməlin əhəmiyyəti illər ötdükcə daha aydın görünür. Ulu Öndər vətənimiz üçün tarixin ən çətin sınaq dönəmində ən mühüm işləri görmüşdür.
1993-cü ildə Yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndərin qarşısında ən müxtəlif çeşidli problemlər dururdu: siyasi, iqtisadi, geosiyasi, etnosiyasi və sairə. Onları həll etmədən Azərbaycanın qazanmış olduğu kövrək müstəqilliyə dönməz və qəti xarakter vermək, dövlətçilik ənənələrini dirçəltmək, bütün cəmiyyət üçün qanunların prioritetini təmin etmək, düzgün və balanslaşdırılmış xarici siyasi xətt yeritmək qeyri-mümkün idi. Bu qayıdışı ilə Ulu Öndər Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün milli intibahının şərəfli mərhələsini yaşayır. Dinamik inkişaf edən ölkəmizin hərtərəfli yeniləşməsinə xidmət edən əzəmətli layihələr uğurla həyata keçirilir.
Konfransda Ümummilli Liderin zəngin həyat yolundan, müstəqil Azərbaycanın daha da qüdrətlənməsi, dünyada nüfuzunun artması istiqamətində gördüyü işlərdən ətraflı bəhs edildi.
Sonra Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram teatrının aktyorlarının ifasında Ulu Öndərə həsr olunmuş “Qurtuluş” tamaşası təqdim olundu. Tamaşada dünya miqyaslı siyasətçi, Azərbaycan xalqının xilaskarı, Yaradanın sevimlisi, yaranmışların şərəflisi, Ulu Öndər Heydər Əliyevin möhtəşəm obrazı bir daha tamaşaçıların gözləri önündə canlandı.
Sonda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin təbliğində fəal iştirak etdiyinə görə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası və Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildilər.