Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda 232 nömrəli məktəbdə Ulu Öndərin xatirəsi anıldı

08 dekabr 2016 | 16:00

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin  zəngin irsinin öyrənilməsi məqsədi ilə 8 dekabr 2016-cı il tarixdə rayonun 232 nömrəli tam orta məktəbdə “Dünya siyasətinin əvəzsiz Lideri” adlı tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərə həsr olunmuş sərgi ilə tanış oldular, məktəblilərin əl işlərinə baxdılar.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan 232 nömrəli məktəbin direktoru Məhluqə Əzizova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ömür yolunun əsas məqamlarına işıq salan giriş sözü ilə çıxış etdi. O, bildirdi ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.1969-cu ilin 14 iyulundan qüdrətli dövlətin, milli intibahın, sosial tərəqqinin, mənəvi yüksəlişin əsası müəyyənləşdi. Bu zamandan bütün dövrlərdə dünyanın ən böyük azərbaycanlısı Heydər Əliyevin heç vaxt bitməyəcək erasının təməli qoyuldu. Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. Heydər Əliyevin mənalı həyatı və yorulmaz fəaliyyəti daim  öyrənilməli və öyrədilməlidir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” fondunun əməkdaşı Vidadi Rzayev, YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov, Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri Rəşid Məmmədov və Yeganə Rəhimova, “Qadın İnkişaf Mərkəzi QHT-nin sədri Şövkət Xanməmmədova, 114 nömrəli tam orta məktəbin direktoru Ceyran Vovruzova çıxış etdilər.
Çıxışlarda  qeyd olundu ki, parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhvolma təhlükəsindən qoruyub saxlayan, onu yaşadan və bu dövlətin bütün atributlarını qurub-yaradan Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir. Ümummilli Lider xilaskarlıq və quruculuq missiyasını yerinə yetirməklə Azərbaycanın dinamik inkişafına, beynəlxalq arenada layiqincə təmsil edilməsinə nail olub.
Ümummilli Liderin həyatı və fəaliyyəti hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Ulu Öndər daim mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsini milli varlığımızı yaşatmağın və təsdiq etməyin ən önəmli məsələsi kimi daim diqqətdə saxlayıb. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli intibah və inkişafının ideya təməli olan konsepsiyanı - azərbaycançılığı da nəzəri və təcrübi yönlərdə yüksək səviyyəyə qaldırıb. Azərbaycançılığın ümummilli ideologiya halına gəlməsi, onun bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil dövlətimizin əsasına çevrilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir. Heydər Əliyevin öz həmvətənlərinə müqəddəs əmanət qoyduğu müstəqil Azərbaycan onun ölməz ideyalarının işığında gələcəyə inamla addımlayır.
Tədbirdə çıxış edənlər bir daha qeyd etdilər ki, dünya şöhrətli şəxsiyyət, böyük dövlət xadimi Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib, Azərbaycanın inkişaf tarixində silinməz izlər qoyub. Onun böyük zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilib. Dünyanın ən tanınmış siyasətçiləri bu böyük zəka sahibinin fəaliyyətini, onun dəyərli irsini yüksək qiymətləndirirlər.
Sonda məktəblilərin Ulu Öndərə həsr etdikləri ədəbi-bədii kompozisiya təqdim olundu.
Məlumat üçün bildirək ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin  zəngin irsinin öyrənilməsi məqsədi ilə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 29 noyabr tarixdən Tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri xüsusi qrafik üzrə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olurlar.

Keçidlər