Suraxanıda səhiyyə işçıləri Ulu Öndərin xatirəsinı andılar
Suraxanı rayonunda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədi ilə rayonun idarə, müəssisə və təşkilatlarında silsilə anım tədbirləri təşkil olunur. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti tədbir 7 dekabr 2016-cı il tarixdə rayonun səhiyyə işçilərinin iştirakı ilə 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının iclas zalında keçirilmişdir.
Anım tədbirinin əvvəlində bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad edildi.
Tədbiri giriş sözü ilə açan 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Sədaqət Şahi bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 13 il keçir. Bu illər ərzində dünyanın müxtəlif yerlərində Ulu Öndərimizin əzmətli abidələri ucaldılır, adına meydanlar yaradılır, parklar salınır.
Vətənini, millətini sevən hər bir Azərbaycanlı üçün tükənməz qürur mənbəyidir ki, bu gün nəinki ölkəmizdə, bir çox dünya dövlətlərində Ümummilli Liderimiz Heydər Əliyevin Anım günü ilə bağlı tədbirlər keçirilir.
Tədbirdə çıxış edən Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova bildirdi ki, Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, millətimizin və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirdi. Azərbaycan xalqının inkişafı, gələcək tərəqqisi naminə Ulu Öndər Heydər Əliyev vətənimizin ən ağır və faciəli günlərində ona rəhbərliyi öz üzərinə götürərək misilsiz xidmətlər göstərməklə ölkəni parçalanıb məhv olmaqdan xilas etmiş əbədi Liderdir.
Heydər Əliyev sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin inkişafının bütün istiqamətlər üzrə əsaslarını formalaşdırdı. Ölkənin demokratik inkişaf yolunu müəyyənləşdirdi, sosial-iqtisadi-mədəni inkişaf xəttinin təməlini qoydu. Ən əsası isə Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən mükəmməl, gələcək illərdə təməli daha da möhkəmlənəcək milli dövlətçilik ideologiyasını formalaşdırdı və Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsində bu ideologiyanı, Azərbaycanın sosial-iqtisadi-siyasi-mədəni tərəqqisini uğurla həyata keçirə biləcək ən layiqli varisini yetişdirdi.
Bu gün həyatın bütün sahələrində sürətli tərəqqi yolu ilə inamla və möhtəşəm nailiyyətlərlə irəliləyən müasir Azərbaycan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin genişmiqyaslı və yorulmaz fəaliyyəti nəticəsində qısa zaman kəsiyində böyük inkişaf mərhələsi keçmişdir.
Afət Həsənova bildirdi ki, 2004-cü ildə Ulu Öndərin siyasi məfkurəsinin həmişəyaşarlıq səciyyəsini əks etdirmək, yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq niyyəti ilə yaradılan Heydər Əliyev Fondu Ümummilli Liderimizin ideyalarına sadiq qalaraq bu gün ardıcıl və məqsədyönlü fəaliyyətini uğurla davam etdirir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond qarşıya qoyduğu məqsədlərin həyata vəsiqə qazanması işində yeni-yeni zirvələr fəth edir, Azərbaycanımızın adını ucaldır.
Tədbirdə çıxış edən 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Azər Məmmədov, 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinə göstərdiyi diqqət və qayğıdan danışdılar. Qeyd etdilər ki, Ümummilli Liderimizin adı özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək keyfiyyətləri ilə unudulmaz izlər buraxmışdır.