Suraxanıda Ulu Öndərin xatirəsi silsilə tədbirlərlə anılır
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevi “Anım günü”nün Suraxanı rayonunda keçirilməsi ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sərəncamı ilə tədbirlər planı təsdiq edilmişdir.
Tədbirlər planına uyğun olaraq rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədi ilə rayonun idarə, müəssisə və təşkilatlarında silsilə anım tədbirləri təşkil olunur. Növbəti tədbir 5 dekabr 2016-cı il tarixdə rayonun 118 nömrəli tam orta məktəbində keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərə həsr olunmuş sərgi ilə tanış oldular, məktəblilərin əl işlərinə baxdılar.
Anım tədbirinin əvvəlində bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad edildi və Ulu Öndərin zəngin irsini öyrənmək məqsədi ilə hazırlanmış film nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan 118 nömrəli məktəbin direktoru Nizaməddin Ağayev bildirdi ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından artıq 13 il keçir. Azərbaycan dövlətçiliyinin xilaskarı, görkəmli siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyev şəxsiyyəti barədə söz demək nə qədər şərəflidirsə, bir o qədər də məsuliyyətli və çətindir. Heydər Əliyevin mənalı həyatı və yorulmaz fəaliyyəti Azərbaycanın yarım əsrlik tarixini özündə əks etdirən böyük bir külliyyatdır, daim öyrənilməli və öyrədilməlidir.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısı aparatının İctima-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd etdi ki, parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhvolma təhlükəsindən qoruyub saxlayan, onu yaşadan və bu dövlətin bütün atributlarını qurub-yaradan Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir.
Böyük şəxsiyyət Heydər Əliyev ilk növbədə dövlətçilik tariximizin müasir mərhələsinin əsasını qoymuşdur. Azərbaycan gerçəkliyini, onun ictimai-siyasi, mədəni-mənəvi həyatının bütün sahələrini əks etdirən mükəmməl bir elmi-nəzəri sistem – milli dövlət quruculuğu fəlsəfəsini, dövlətçilik ideologiyasını yaratmışdır.
Barxudar Barxudarov xüsusi vurğuladı ki, Ümummilli Lider Heydər Əliyev məhz güclü iradəsi və əzmi ilə bütün çətinliklərə sinə gərərək, xalqımızı səfərbər etməyə, öz arxasınca aparmağa və müstəqil dövlətçiliyimizi ardıcıl inkişaf yoluna çıxarmağa qadir olduğunu sübut etmişdir. Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr bu gün onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Dövlətimizin başçısı cənab İlham Əliyev əsası Ulu Öndər tərəfindən qoyulan siyasi xəttin dönməzliyini özünün konkret addımları ilə daha da inkişaf etdirərək təmin etmişdir. Heydər Əliyev siyasəti əbədidir, daimidir.
Tədbirdə çıxış edənlər bir daha qeyd etdilər ki, Ulu Öndərin adı özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək keyfiyyətləri ilə unudulmaz izlər buraxmışdır. Ümummilli Lider Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsindən xalqı xilas etmişdir. Bu gün Azərbaycan Respublikası özünün şərəfli dövrünü yaşayır.
Sonda məktəblilərin Ulu Öndərə həsr etdikləri ədəbi-bədii kompozisiya təqdim olundu.
Məlumat üçün bildirək ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədi ilə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 29 noyabr tarixdən Tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri xüsusi qrafik üzrə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olurlar.