Suraxanıda Beynəlxalq əlillər günü qeyd edildi
3 dekabr - Beynəlxalq əlillər günü münasibəti ilə Suraxanı Rayon İcra Hakimiyyətinin və Suraxanı rayon Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə əmək, müharibə əlilləri, Çernobıl qəzasının iştirakçıları və müxtəlif səbəblərdən əlil olmuş 150 nəfər rayon sakini üçün “Halal Süfrə” restoranında süfrə acılmışdır.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova bildirmişdir ki, Azərbaycanda müharibə əlillərinə, şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Ulu Öndər Heydər Əliyev hakimiyyətə 2-ci dəfə gəlişi zamanı imzalanan ilk fərmanlarında biri “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman olmuşdur. Bu Fərmanla müharibə iştirakçılarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsinə start verilmişdir.
Hazırda Suraxanı rayonunda 10994 nəfər əlil yaşayır. Onlardan 2550 nəfəri sosial əlil, 8444 nəfəri müharibə, əmək, silahlı qüvvələrdə xidmət, Çernobıl qəzası və digər əlil kateqoriyasına daxildir. Rayonda 18 yaşına çatmayan əlillərin sayı 830 nəfərdir. Onların hamısına dövlət tərəfindən pensiya və müavinət verilir.
Afət Həsənova vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidentı cənab İlham Əliyev bu kateqoriyadan olan insanların problemlərinin həlli, onların həyat şəraitinin yaxşılaşdırılması, bu insanların özlərini cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etmələri üçün bütün zəruri tədbirləri həyata kecirir. “Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək” deyən dövlət başçısının bu sözləri əlilliyi olan şəxslərin sosial müdafiəsinin daim gücləndirilməsində öz əməli təsdiqini tapır.
Dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi, onların müalicəsi, reabilitasiyası, sosial təminatı istiqamətində mühüm addımlar atılır. Əlillər dövlətin hərtərfli qayğısı ilə əhatə olunmuşlar. Suraxanı rayonunda da əlillərin qarşılaşdıqları məişət problemlərinin həlli və maddi-rifah hallarının yaxşılaşdırılması yönündə mütəmadi olaraq zəruri tədbirlər həyata kecirilir.
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond tərəfindən son illər həyata keçirilən sosial layihələr sayəsində əlillərin sosial müdafiəsi ilə bağlı mühüm irəliləyişlər əldə edilib. Fondun əlilliyi olan şəxslərlə bağlı fəaliyyətinin əsas istiqamətləri onların müalicəsi və təhsil hüquqlarının reallaşdırılmasıdır. Mehriban xanım Əliyevanın təşəbbüsü, diqqət və qayğısı sayəsində bir çox əlil evləri əsaslı təmir olunub, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılıb. Suraxanı rayonu da bu qayğıdan kənarda qalmayıb. Heydər Əliyev Fondu Suraxanı rayonunda Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzi inşa edərək ən müasir avadanlıqlarla təchiz edib. Bu gün Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar uğurla reabilitasiya kursu keçirlər.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin müdiri Şahalı Cəbiyev çıxış edərək bildirmişdir ki, Bakıda və bölgələrdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Əhalinin sağlamlığının qorunması, səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində geniş vüsət alan işlərin, yeni müalicə-diaqnostika və bərpa müəssisələrinin yaradılmasının daha bir müsbət nəticəsi kimi respublikada əlilliyin artım sürətinin qarşısı alınıb. Son illər Azərbaycanda əlillərin mənzillə təminatı sahəsində də mühüm tədbirlər həyata keçirilib. Dövlətimizin başçısı cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər Qarabağ əlili və şəhid ailəsi 2018-ci illədək mərhələlərlə mənzil və ya fərdi yaşayış evləri ilə təmin ediləcəklər. Rayonumuzda bu kateqoriyadan olan, mənzil növbəsinədə dayananların sayı 154 nəfərdir.
Tədbirdə çıxış edənlər əlillərə göstərilən diqqətə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Tədbirdə rayonun Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi kollektivinin üzvləri rəngarəng proqramla çıxış etdilər.