Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Suraxanıda məktəblilərin təntənəli yolasalma mərasimi olmuşdur

17 noyabr 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədi ilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə “Ölkəmizi tanıyaq” tur-aksiyaları təşkil olunur.

“Ölkəmizi tanıyaq” tur-aksiyaların növbəti mərhələsində 17 noyabr 2016-cı il tarixdə Suraxanı məktəblilərinin Gəncə şəhərinə təntənəli yolasalma mərasimi olmuşdur.
Suraxanı rayon məktəbliləri əvvəlcə  Ümummilli Liderin Heydər Əliyev parkında  ucalan abidəsini ziyarət etdilər, Heydər Əliyev Mərkəzi ilə tanış oldular.
Layihə iştirakçıları ilə keçirilən görüşdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Lənkəran şəhərində Gənclər Mərkəzinin açılışında gənclərlə görüşündə qeyd edib ki, “....çalışın Azərbaycanın hər bir yerində olun və görün ki, doğrudan da Azərbaycan gözəl ölkədir”.
Dövlətimizin başçısının bu tövsiyəsinə əsasən, Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanılıb. Ötən müddət ərzində 7 istiqamət üzrə 5 tur-aksiya təşkil olunub. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda ümumilikdə 7135 nəfər iştirak edib.
2016-cı ilin noyabr ayının 12-15-də və 17-20-də həyata keçirilən 6-cı mərhələdə isə 4 istiqamət üzrə 76 şəhər və rayondan ümumilikdə 3120 nəfər iştirak edir. Bununla da “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edənlərin ümumi sayı 10255 nəfər olacaq.
Layihənin əsas məqsədi gəncləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində əldə olunan nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, eyni zamanda, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə ölkəmizin hazırkı dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın müasir simasını göstərməkdir.
Bu aksiya çərçivəsində Suraxanı gəncləri Gəncə, Şəmkir və Göygöldə olacaqlar. Onlar Gəncə şəhərində Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Cömərdi Qəssab türbəsi, Nizami Gəncəvinin məqbərəsi, Amfiteatr, Nizami Gəncəvi adına Mərkəz və Gəncə avtomobil zavoduna, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, “İstiqlal” parkı və nəfis çörək zavoduna, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev muzeyinə baxış keçirəcək, Hacıkənd qəsəbəsinə və Göygöl milli parkına ekskursiya edəcəklər.
İlqar Abbasov xüsusi vurğuladı ki, bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə Ümummilli Liderimiz Heydər Əliyevin siyasi irsi, Ulu Öndərin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində əldə olunmuş misilsiz nailiyyətlərlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişaf və böyük quruculuq işləri ilə hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacaq.
Tədbir rayonun mədəniyyət kollektivlərinin hazırladıqları konsert proqramı ilə davam etdi.
Sonra şagirdlər onlar üçün ayrılan avtobusla Gəncə şəhərinə yola düşdülər.
Məlumat üçün bildirək ki, turun mütəşəkkil və nümunəvi qaydada təşkil edilməsi məqsədi ilə Rayon İcra Hakimiyyətində qərargah yaradılıb. Qərargah üzvləri əvvəlcədən tur səyahəti üçün zəruri təşkilatı tədbirləri görüb və ekskursiyaya gedən şagirdlərlə ətraflı izahat işləri aparıblar.
Şagirdlər onlara yaradılan bu şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.

Keçidlər