Suraxanıda növbəti səyyar görüş keçirilmişdir
19 dekabr 2012-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sakinlərlə növbəti səyyar görüşü olmuşdur.
Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə mütəmadi səyyar görüşləri keçirilir, onların təklif və rəyləri dinlənilir, qarşılaşdıqları problemlərin qısa zamanda aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. 2010-cu ildə Rayon İcra Hakimiyyəti başçısının ərazilərdə 2215 nəfər sakinin iştirakı ilə 36, 2011-ci ildə 2070 nəfər sakinin iştirakı ilə 38, 2012-ci ilin 11 ayı ərzində 1563 nəfər sakinin iştirakı ilə qrafik üzrə 27, növbədənkənar 6 səyyar görüş-qəbul təşkil edilmişdir.
Hövsan qəsəbəsində 280 nömrəli tam orta məktəbin akt zalında sakinlərlə keçirilən növbəti görüşə gələn rayon rəhbəri məlumat vermişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 may 2011-ci il tarixli sərəncamı ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqrami” təsdiq edilmişdir. Dövlət Proqramına əsasən Suraxanı rayonunda 102 tədbirin keçirilməsi nəzərdə tutulmuş, onlardan 31-i tam icra olunmuş, 47-nin icrasına başlanılmış, 24-nün icrasına başlanılmamışdır. Başlanılan və başa çatdırılan tədbirlər proqramın 76,5 faizini təşkil edir.
Həmçinin, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Suraxanı rayonu üzrə həyata keçiriləcək işlərə dair 48 bənddən ibarət əlavə tədbir nəzərdə tutulmuş, onlardan 37-si təhsil sahəsinə, 11-i isə əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün yanğına qarşı su hovuzlarının tikintisi və təmirinə aid tədbirlərdir.
Dövlət Proqramı əsasında rayonda görülməsi nəzərdə tutulmuş işlərin icra vəziyyəti icraçı idarə və təşkilatların rəhbərlərinin iştirakı ilə mütəmadi müzakirə edilir, müşavirələr keçirilir, qarşıya çıxan problemlərin həlli yolları müəyyən olunur.
Sakinlərin diqqətinə çatdırılmışdır ki, ötən illərdə olduğu kimi 2012-ci ildə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir neçə dəfə rayonumuzu şərəfləndirərək Dövlət Proqramları çərçivəsində görülən işlərlə tanış olmuşdur.
Belə ki, fevralın 8-də Bülbülə qəsəbəsindəki 313 nömrəli uşaq bağçasında, mayın 11-də Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində yeni salınmış sayca 5-ci parkın açılışında, avqustun 2-də Yeni Suraxanı qəsəbəsindəki 85 nömrəli tam orta məktəbdə və Bülbülə qəsəbəsindəki 268 nömrəli uşaq bağçasında, sentyabrın 14-də isə Bülbülə qəsəbəsində yeni inşa olunmuş 327 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etmişdir.
Sakinlərlə görüşdə İlqar Abbasov xüsusi vurğulamışdır ki, qəbul edilmiş müxtəlif dövlət proqramlarının uğurla icrası nəticəsində Bakı şəhərində abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlər əldə edilmiş, yolların salınması və əsaslı təmir edilməsi, nəqliyyatın işinin yaxşılaşdırılması, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələri həyata keçirilmişdir.
Görüş iştirakçılarından şəhid ataları Bayramov Pirəli, Hüseynov Mirzə, Qarabağ müharibəsi əlili Hüseynov İxtiyar, Hacıyev Xalid, Yəhyayev Habil onları narahat edən məsələlərlə bağlı müraciət etdilər. Səyyar görüşdə sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli RİH rəhbərliyi tərəfindən nəzarətə götürüldü.
Rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə sakinlər ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.
Görüşdə 220-dən yuxarı sakin və RİH başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.