Suraxanıda Beynəlxalq Tolerantlıq Günü qeyd olunub
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi xidmətinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə “16 noyabr - Beynəlxalq Tolerantlıq Günü” münasibətilə noyabrın 7-dən başlayaraq ölkə ərazisində silsilə tədbirlər keçirilir.
Tədbirlərdə Azərbaycanın tanınmış alim və mütəxəssisləri, Milli Məclisin deputatları, dini və milli icmaların nümayəndələri tədbir iştiraklçılarına tolerantlıq anlayışı, tolerant mühiti formalaşdıran amillər, tarixən Azərbaycan ərazisində mövcud olan birgəyaşayış qaydaları barədə ətraflı məlumat verirlər. Keçirilən tədbirlərdə bir daha qeyd olunur ki, Azərbaycanda hər zaman bütün dinlərə və fərqli mədəniyyətlərin daşıyıcılarına eyni qayğı ilə yanaşılıb. Buna ölkəmizdə milli, irqi və dini zəmində münaqişələrin, qarşıdurmaların olmaması da əyani sübutdur.
“16 noyabr - Beynəlxalq Tolerantlıq Günü” münasibətilə noyabrın 15-də Suraxanı rayonu Heydər Əliyev Mərkəzində də tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Suraxanı rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər.
Mərkəzin Elektron lektoriya zalında keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, müxtəlif dini konfenssiyalara, irqi və milli mənsubiyyətə malik insanlar arasında münasibətlərin tənzimlənməsində, xalqlar arasında dostluğun və birgəyaşayışın qorunub saxlanmasında tolerantlıq və multikultural dəyərlər mühüm rol oynayır.
Qərblə Şərqi birləşdirən Azərbaycan fərqli sivilizasiyaların qovuşduğu məkan olaraq tarix boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, müxtəlif millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Burada heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, cəmiyyətdə multikultural dəyərlər hakim olmuş, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər hökm sürmüşdür. Multikulturalizm Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl ənənəyə çevrilmişdir.
Müstəqillik illərində isə bu mühüm tarixi ənənənin daha da gücləndirilməsi müasir Azərbaycan dövlətinin ən böyük nailiyyətlərindən biridir. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin dövlətçilik dühası, siyasi müdrikliyi və uzaqgörənliyi nəticəsində cəmiyyətin multikultural xarakteri siyasi və hüquqi prinsiplər səviyyəsinə yüksəldilmiş, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilmişdir.
Ulu Öndərin banisi olduğu azərbaycançılıq ideyası xalqımızın multikultural və tolerant dəyərlərinin ideoloji sistemini təşkil etməklə yanaşı, ölkəmizdə yaşayan bütün etnosların vahid maraqlar və vahid dövlət prinsipi ilə mənəvi-siyasi birliyini əlaqələndirir.
Heydər Əliyev siyasətini böyük uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı inkişaf edən ölkəmiz artıq dünyada multikulturalizm, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında” 11 yanvar 2016-cı il tarixli sərəncamı da göstərir ki, multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
İlqar Abbasov xüsusi vurğulamışdır ki, xalqımızın sahib olduğu multikultural dəyərlərin dünyaya təqdim edilməsində Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük əməyi var. Heydər Əliyev Fondunun fəaliyyətində multikulturalizm və tolerantlıq məsələləri başlıca yer tutmaqla yanaşı, həm də artıq Azərbaycan hüdudlarını aşır və Vatikandan Asiyaya, Şərqdən Afrikayadək böyük bir coğrafi arealı əhatə edir.
Tədbirdə “Azərbaycan tolerantlıq ölkəsidir” adlı məruzə ilə çıxış edən filologiya elmləri doktoru, Azərbaycan dillər Universitetinin professoru Həbib Zərbəliyev bildirdi ki, bütün dünya bu gün olduqca narahat günlərini yaşayır. Hərbi-siyasi toqquşmalarla yanaşı, humanitar problemlər ayrı-ayrı ölkələrin faciəsinə çevrilib. Təəssüf ki, bu faciələr həm də milli və dini zəmində özünü göstərir. Onilliklər boyu bir-biri ilə yanaşı yaşamış millətlər düşmənə çevrilirlər. Qərb dünyasında islamofobiya meyilləri baş alıb gedir, beləliklə, sivilizasiyalararası ziddiyyətlər dərinləşir. Ölkəmizdə isə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir: Ulu Öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli-mədəni dəyərlərin qovuşma müstəvisinə çevirmişdir. Müdrik şəxsiyyətin siyasi kursunun layiqincə davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır və azad fəaliyyət göstərirlər. Ölkəmizdə dini və milli dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması beynəlxalq aləmdə də etiraf olunur. Prezident İlham Əliyevin din xadimləri ilə keçirdiyi görüşlər, Ramazan bayramlarında ənənəvi olaraq ölkəmizdəki dini icmaların, diplomatik korpusların nümayəndələri ilə iftar süfrələrində birgə iştirakı tolerant düşüncənin artıq tam bərqərar olunmasından xəbər verir. Azərbaycanda bütün azsaylı xalqlar yüksək qayğı ilə əhatələniblər. Onlar müxtəlif rəhbər vəzifələrdə, yerli özünüidarətemə orqanlarında təmsil olunur, ölkənin ictimai həyatında fəallıqları ilə seçilirlər.
Məruzə ətrafında Azərbaycan-Tatar gəncləri “Yaşlek” mərkəzinin sədri Diyaz Ahmədcanov, 76 saylı tam orta məktəbin müəllimi Yelena Sergeyevna Aslanova, Əmircan məscidinin axundu Rəhim Kərimov, Bülbülə Ağsaqqallar Şurasının sədri Mirzəağa Quliyev, Rus icmasının Suraxanı rayon təşkilatının Gənclər komissiyasının sədri Tamella Mikaylovna Abbasova çıxış edərək qeyd etdilər ki, bu gün ölkəmizin multikultural dəyərlərə böyük önəm verməsi, dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən respublikamızın rəhbəri bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.
Tədbiri yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, bu gün Azərbaycan dünyada multikulturalizmin ən mükəmməl modelini yaradıb. Artıq bu model ən inkişaf etmiş ölkələrin ali məktəblərində tədris olunur, elmi mərkəzlərdə öyrənilir, təhlil edilir. Son illərdə bu sahədə həyata keçirilən tədbirlərdən saatlarla danışsaq, yenə də bitməz. Yalnız onu demək kifayət edər ki, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideyası var olduqca, ölkəmizdə multikultural, tolerantlıq dəyərləri də inkişaf edəcək, zənginləşəcək. İndi olduğu kimi gələcəkdə də bu məkanda yaşayan bütün millətlərin təmsilçiləri Ulu Öndərimizin bu sözlərini təkrarlayacaqlar: “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam!”