Suraxanı rayonunda 2016-cı ilin 9 ayında görülmüş işlərə yekun vurulmuşdur
Oktyabr ayının 19-da Suraxanı rayon İcra Hakimiyyətinin konfrans zalında Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin giriş və yekun nitqindən irəli gələn vəzifələr və Suraxanı rayonunda 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncağı giriş sözü ilə açan və məruzə ilə çıxış edən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bu ilin oktyabr ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası haqqında məlumat verərək qeyd etdi ki, cari ildə sənaye potensialımız 0,2 faiz, sənayemizin qeyri-neft sektoru 3,6 faiz, kənd təsərrüfatı 2,4 faiz artmış, 29 məktəb tikilmiş, 485 məktəbdə təmir işləri aparılmış, 33 səhiyyə obyekti inşa olunmuş və ya təmir edilmiş, böyük infrastruktur və yol layihələri icra edilmiş, 121 mini daimi olmaqla 154 min iş yeri yaradılmışdır.
Ölkəmizin digər bölgələrində olduğu kimi Suraxanı rayonunda da 2016-cı ilin 9 ayında sosial-iqtisadi inkişaf davam etdirilmiş, bir çox işlər görülmüşdür.
Bu dövr ərzində Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 183,4 milyon manat, tikinti-quraşdırma işləri 37,7 milyon manat, nəqliyyat xidmətləri 3,7 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 24,6 milyon manat, kənd təsərrüfatı 2,5 milyon manat, pərakəndə ticarət dövriyyəsi 243,9 milyon manat olmuş, orta aylıq əmək haqqı 557 manat təşkil etmiş, əhaliyə 154,2 milyon manat məbləğində pullu xidmətlər göstərilmiş, 3031 yeni iş yeri açılmışdır.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Suraxanı rayonu üzrə nəzərdə tutulmuş 54 tədbirdən 5-i icra olunmuş, 19-nun icrasına başlanılmışdır.
Cari ilin 9 ayı ərzində yeni qaz kəmərləri, Kompleks Transformator Məntəqələri tikilmiş, su və kanalizasiya xətləri çəkilmiş, Hövsan qəsəbəsində yüksəkgərginlikli elektrik yarımstansiyasının tikintisi davam etdirilmişdir.
Hal-hazırda rayon əhalisinin 100,0 faizi elektrik enerjisi ilə, 98,0 faizdən çoxu məişət qazı ilə, 38,0 faizi fasiləsiz içməli su ilə, 58,0 faizi isə qrafik əsasında su ilə təmin olunur.
Köhnə Bakı-Aeroport yolundan “Şuşa” köçkün şəhərciyinə gedən yol əsaslı təmir olunaraq asfaltlanmış, Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması, Zığ dairəsi-Beynəlxalq Hava Limanı avtomobil yolundan Zığ qəsəbəsinə giriş və çıxış üçün qovşağın düzəldilməsi işləri davam etdirilmiş, ümumilikdə rayon küçələrinə 116,0 min kv.m. asfalt örtüyü salınmış, 7850,0 p.m. bordür düzülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 62 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun Zığ qəsəbəsi ərazisinə düşən hissəsində (5,0 km) təmir işləri başa çatmaq üzrədir.
Bülbülə və Zığ göllərinin ekoloji vəziyyətlərinin yaxşılaşdırılması, rayonda neftlə çirklənmiş torpaqların təmizlənməsi işləri davam etdirilmişdir.
Hövsan qəsəbəsi, ¬¬¬¬¬¬¬¬¬¬¬¬¬Oqtay Şabanov və Elman Qasımov küçələrində ümumilikdə 9 ədəd 9 mərtəbəli yaşayış binasında aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2014-cü ilin noyabr ayının 5-dən başlayan birinci “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 13980 ədəd, o cümlədən cari ilin 9 ayı ərzində 3080 ədəd ağac əkilmiş və payız-qış mövsümündə bu işlər davam etdiriləcəkdir.
Nazirlər Kabinetinin Qərarına əsasən Əhməd Mehbalıyev küçəsi 34 və 36 ünvanda yerləşən istismara yararsız iki mərtəbəli yaşayış binalarının sökülərək, yerində inşası nəzərdə tutulan çoxmərtəbəli yaşayış binasının “Etibarlı” MTK tərəfindən tikintisinə icazə verilmişdir.
2012-ci ildən başlayan torpaq çökməsi və sürüşmə nəticəsində Zığ qəsəbəsinin ərazisində qəzalı vəziyyətə düşmüş 130-dan çox fərdi yaşayış evi ilə bağlı Nazirlər Kabinetinin Sərəncamı ilə Əmircan-Hövsan avtomobil yolunun 5-ci kilometrində həmin qəzalı evlərin sakinlərinə verilməsi məqsədi ilə 6,0 ha torpaq sahəsinin təyinatı dəyişdirilərək Zığ Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrində yaşayış evinin tikintisində sakinlərə tikinti materialları ilə köməklik göstərilməsi üçün İcra Hakimiyyəti tərəfindən imkanlar araşdırılır.
Həmçinin, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 21/1 ünvandakı yataqxana binası uzun müddət təmir olunmadan istismar edildiyi üçün qəzalı vəziyyətə düşmüşdür. Sevindirici haldır ki, Nazirlər Kabineti tərəfindən binada yaşayan 85 ailə köçürülməklə hər birinə dövlət büdcəsindən 35,0 min manat verilir. Hal-hazırda 48 ailə həmin vəsaitlə təmin olunmuş, digərlərinə isə vəsaitin ödənilməsi davam etdirilir.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və aidiyyəti dövlət orqanlarının iştirakı ilə rayonda ənənəvi olaraq qeyd edilmiş dövlət bayramları və keçirilmiş müxtəlif tədbirlər haqqında söz açan rayon rəhəri diqqətə çatdırdı ki, ötən dövr ərzində təsdiq edilmiş tədbirlər planlarına əsasən 14 iyulun 14-də Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 47 illiyi münasibəti ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Suraxanı RİH-in və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.
12 sentyabr tarixdə Qurban bayramı, “15 sentyabr - Bilik günü”, “1 oktyabr-Beynəlxalq Ahıllar günü”, “5 oktyabr - Beynəlxalq Müəllim günü” münasibətilə rayonda tədbirlər keçirilmiş, ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və qiymətli hədiyyələrlə təltif olunmuşdur.
Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin fəaliyyətindən danışan İlqar Abbasov qeyd etmişdir ki, Mərkəz ilə indiyədək 65,6 min yerli və xarici ziyarətçi tanış olmuş, onun Elektron kitabxanasının xidmətindən 15 mindən artıq istifadəçi faydalanmış, mərkəzi icra hakimiyyəti orqanları, elm və təhsil müəssisələri, digər dövlət orqanları ilə birgə 2009-cu ildən bəri Mərkəzdə 188 tədbir keçirilmişdir.
Ötən dövr ərzində rayonda vətəndaşların müraciətlərinə, onların problemlərinin həllinə diqqətin artırıldığını vurğulayan İcra Hakimiyyətinin başçıısı yığıncaq iştirakçilarının diqqətinə çatdırdı ki, 2016-cı ilin 9 ayı ərzində Suraxanı Rayon İcra Hakimiyyətində 2888 vətəndaş müraciətinə baxılmış, RİH başçısı tərəfindən 447 nəfər vətəndaş qəbul edilmiş, ümumilikdə 2108 nəfər sakinin iştirakı ilə keçirilmiş 36 səyyar görüş-qəbulunda qaldırılan məsələlərə və
təkliflərə əsasən aidiyyəti idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, icrasına daim nəzarət edilmişdir.
2016-cı ilin 9 ayı ərzində rayonun aidiyyəti idarələri tərəfindən 8248 nəfərə 3 milyon 600 min manatdan artıq sosial müavinət ödənilmiş, 2400 ailəyə 1 milyon 138 min manatdan artıq ünvanlı dövlət sosial yardım göstərilmiş, Rayon Məşğulluq Mərkəzinə 5710 nəfər işaxtaran vətəndaş müraciət etmiş, onlardan 986 nəfəri işlə təmin edilmiş, 444 nəfərə işsiz statusu, 469 nəfərə isə işsizlik müavinəti verilmişdir.
Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində 300 nəfər işsiz vətəndaş ödənişli ictimai faydalı işlərə və 221 nəfər yaşayış binalarının cari təmiri işlərinə cəlb edilmiş, ümumilikdə bu proqram çərçivəsində 1072 rayon sakini işlə təmin edilmişdir.
Rayon təsərrüfatının 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlığını yüksək səviyyədə təmin etmək məqsədi ilə Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə müvafiq Qərargah yaradılmış, həyata keçiriləcək tədbirlər planı təsdiq edilmişdir. Payız-qış mövsümünə hazırlıqla əlaqədar təmir işləri davam etdirilir, məhəllədaxili və binaların zirzəmilərində aşağıpaylayıcı istilik xətləri dəyişdirilir, məhəllədaxili və binadaxili istilik sistemləri yenidən qurulur.
Növbəti mövsümdə istilik sisteminə qoşulmuş 323 çoxmərtəbəli yaşayış binası, 70 təhsil və təhsiləqədər, 12 səhiyyə obyekti istiliklə normal təmin olunacaqdır.
Sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsinin (referendum) rayonda yüksək səviyyədə təşkil olunduğunu və seçicilərin fəal iştirakını vurğulayan rayon rəhbəri Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri qəbul etməklə, Azərbaycan xalqının konstitusiyamızın təkmilləşdirilməsinə, dövlət idarəçiliyinin daha səmərəli olmasına, əmin-amanlığa, sabitliyə, inkişafa və etibarlı gələcəyə səs verdiyini qeyd etdi.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qarşıda duran vəzifələr sırasında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşların mənzil probleminin həll olunması, vətəndaşların mənzillərində məskunlaşmış məcburi köçkünlərin digər evlərə köçürülməsi, yeni uşaq bağçasının tikintisinin başa çatdırılması, rayonun qəsəbədaxili və məhəllədaxili yollarının təmiri, asfalt örtüyünün salınması, küçələrin və məhəllələrin işıqlandırılması, çoxmərtəbəli yaşayış binalarında liftlərin dəyişdirilməsinin başa çatdırılmasını da yığıncaq iştirakçılarının diqqətinə çatdırdı və müvafiq tapşırıqlarını verdi.
Rayon rəhbəri Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinin Suraxanı rayonunda geniş qeyd edildiyi barədə ətraflı məlumat verdi və qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin formalaşdırdığı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaradıcılıqla və uğurla davam etdirdiyi müstəqil dövlətçiliyimizin inkişaf konsepsiyası Azərbaycanın regionun lider dövlətinə, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından birinə çevrilməsinə imkan yaradıb. Artıq Azərbaycan istər regional və qlobal təhlükəsizliyin təmin edilməsində, istərsə də enerji təhlükəsizliyinə nail olunmasında etibarlı, sabit tərəfdaş kimi qəbul olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən 13 il ərzindəki fəaliyyəti, əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaratmış, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olmuşdur.
Çıxışının sonunda İlqar Abbasov qeyd etdi ki, Suraxanı rayonunun sakinləri və əmək kollektivləri bu günlərdə keçirilən referendumda bir daha Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi və iqtisadi kursuna sadiqliyi nümayiş etdirdilər, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin təklif etdiyi davamlı inkişaf xəttini bütünlüklə dəstəklədilər.
Suraxanılar son illər ölkəmizdə sosial-iqtisadi və mədəni sahədə əldə edilmiş böyük uğurları haqlı olaraq Ölkə Prezidenti cənab İlham Əliyevin bütün bölgə və regionlara, o cümlədən Suraxanı rayonuna göstərdiyi gündəlik diqqət və qayğının nəticəsi kimi qiymətləndirir, sabaha böyük inam və ümidlə baxırlar.
Məruzə ətrafında Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, “Azəristiliktəcizat” ASC-nin 12 saylı İstismar sahəsinin rəisi Məşdi Cəfərxanov, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Suraxanı rayonu üzrə sektorunun müdiri Əkbər Qənbərli, 23 saylı Şəhər Poliklinikasının baş həkimi Şərəbanı Yusifzadə, 280 nömrəli tam orta məktəbin direktoru Nizaməddin Ağcayev çıxış etdilər.
Çıxış edənlər ölkəmizin sosial-iqtisadi, mədəni inkişafından, rayonda aparılan abadlıq, quruculuq işlərindən, sosial sahədə qazanılan uğurlardan, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsindən, qaçqın və məcburi köçkünlərə dövlət qayğısından, təhsil, səhiyyə müəssisələrin yeniləşməsindən, qarşıdan gələn payız-qış mövsümünə hazırlığın vəziyyətindən və digər aktual məsələlərdən və sözügedən sahələrdə problem və onların həlli yollarından danışdılar.
Yığıncağın yekunu üzrə müvafiq qərar qəbul olundu.