Suraxanı rayonunda dini ekstremizmə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Suraxanı rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə dini ekstremizmə qarşı mübarizə istiqamətində növbəti maarifləndirmə tədbiri keçirib.
Tədbirdə rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının fəalları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayon ərazisində yerləşən məktəblərin direktorları, direktor müavinləri, Uşaq birliklərinin rəhbərləri, Həyat bilgisi fənnini tədris edən müəllimlər, mənzil-kommunal istismar sahələrinin rəhbərləri, rayonda yaşayan və işləyən fəal gənclər, din xadimləri, ictimai təşkilatların, siyasi partiyaların nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər,
Tədbir Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə çəkilmiş “Fitnə” sənədli filminin nümayişi ilə başladı.
Filmin nümayişindən sonra çıxış edən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, müstəqillik əldə etdikdən sonra respublikamızda vicdan azadlığı ilə bağlı hüquqlar bərpa olunmuş, məscid və kilsələrin fəaliyyətinə rəsmən icazə verilmiş, ölkə Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olduğu göstərilmiş, insan şəxsiyyətinə və insanlıq prinsiplərinə zidd olan dini baxışlar qadağan edilmişdir.
Azərbaycan özünün dünyavi dövlət olduğunu müstəqilliyin ilk günündən bəyan edib və bu prinsiplərə həmişə sadiq qalaraq, bərqərar olunmuş sabitliyin qorunması, vətəndaşlarımızın təhlükəsiz və sağlam cəmiyyətdə yaşaması üçün zəruri tədbirlər görür.
Hazırda qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm bütün cəmiyyətlər üçün bir bəlaya çevrilməkdədir. Bunun qarşısını vaxtında almaq ən vacib məsələrdən biridir.
Rayon rəhbəri xüsusi vurğulamışdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır, respublikamız tolerantlıq və multikulturalizm nümunəsinə çevrilib.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun tələblərindən irəli gələn məsələlər, dini radikalizm və onun fəsadları barədə çıxış edib. Bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətlərini, vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdlərini qətiyyətlə pisləyib. Bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirləri barədə geniş məlumat verdi.
Səyavuş Heydərov din pərdəsi adı altında aparılan münaqişələrə diqqəti çəkərək bildirdi ki, Azərbaycan bu gün dünyaya təkcə enerji təhlükəsizliyində deyil, eyni zamanda, qlobal təhlükəsizlik məsələlərində də töhfə verən ölkəyə çevrilib. Artıq dünya birliyi Azərbaycanı tolerantlıq nümunəsi kimi görür.
Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Rafiq Qaçayev çıxış edərək ölkəmizdəki multikultural və tolerant mühitin təməlində azərbaycançılıq ideologiyasının dayandığını bildirdilər.
Qeyd olundu ki, dini ekstremizmə və radikalizmə qarşı mübarizə ümumbəşəri xarakter daşıyır. Bu gün bəzi qüvvələr terroru dinlə əlaqələndirməyə cəhd göstərirlər. Dini ekstremizmə və radikalizmə qarşı mübarizə daha ciddi şəkildə davam etdirilməlidir. Burada kütləvi informasiya vasitələrinin, təhsil işçilərinin üzərinə də böyük vəzifələr düşür. Biz cəmiyyət içərisində hərtərəfli təşviqat işlərini gücləndirməliyik ki, Azərbaycanda ekstremist və radikal qruplar meydana gəlməsin.
Tədbir iştirakçılarına müxtəlif dini cərəyanlar və onların fəaliyyət metodları haqqında ətraflı məlumat verildi.
Tədbirin sonunda yekun sözü söyləyən rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, dini radikalizmə qarşı mübarizəni tək inzibati metodlarla məhtudlaşdırmaq düzgün olmaz. Burada ictimaiyyətin rolu çox böyükdür. Bu mübarizədə ən effektiv vasitə maarifləndirmə işidir, xüsusən gənclər və yeniyetmələr arasında.
Azərbaycanın inkişafını istəməyən, Azərbaycana dini yolla qəsd etmək istəyən qüvvələr birinci növbədə gəncləri hədəfə alırlar. Uzunmüddətli isti münasibətlər qurmaqla, maddi dəstək göstərməklə və digər metodlardan istifadə edərək gəncləri öz təsir dairəsinə salırlar. Bəzən gənclərimiz bilməyərəkdən radikal dini təriqətlərə qoşulurlar.
Hamımız bir olmalı, eyni məqsəd uğrunda, qazanılmış müstəqilliyimizin, cəmiyətimizdə bərqərar olmuş sabitliyin qorunması uğrunda birgə mübarizə aparmalıyıq. Birgə səyimizlə bu mübarizədən də qalıb çıxaraq, suverenliyimizi, millətimizi, varlığımızı, dövlətimizi qoruyacağıq.
Tədbirdə çoxsaylı suallar cavablandırıldı, verilən suallara və qaldirilan məsələlərə aydınlıq gətirildi.