Suraxanı rayonunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir
Oktyabr ayının 18-də Suraxanı Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr olunmuş Yeni Azərbaycan Partiyası və Suraxanı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hazırlanmış “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda konfrans keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarət etmiş və önünə tər güllər düzdülər.
Suraxanı Rayon Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Mərkəzin Elektron lektoriya zalında konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.
Sonra konfrans iştirakçıları “Tarixi yaradan şəxsiyyət” adlı filmi seyr etdilər.
Konfransı giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qonaqları və konfrans iştirakçılarını salamladı, onları Müstəqillik Günü münasibəti ilə təbrik edərək qeyd etdi ki, 18 oktyabr-Dövlət Müstəqilliyi günü Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı» qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.
Bu gün həmin hadisələrdən 25 il ötür.
Bizim üçün son dərəcə sevindiricidir ki, tarix üçün uzun olmayan bu zaman müddətində Azərbaycan çox böyük inkişaf yolu keçib. Lakin bu 25 ilin heç də bütün dövrləri müsbət siyasi-iqtisadi proseslərlə yadda qalmayıb. Çünki 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi cəmiyyətimiz tərəfindən nə qədər böyük razılıq hissi ilə qarşılansa da, sonrakı dövrdə baş verən neqativ siyasi proseslər xalqımızın azadlıq ideyalarını şübhə altına almışdı. Çünki 1991-1993-cü illərdə hakimiyyətdə olan iqtidar Azərbaycanın müstəqilliyinin möhkəmlən¬məsi üçün nəinki bir iş görmədilər, əksinə ölkəni dünyada gedən proseslərdən uzaq sala¬raq təklənməsinə, təcrid olunmasına imkan yaratdılar. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güc¬lənməsi dövlətçilyimizin və müstəqillimizin məhvini qaçılmaz edirdi.
Belə bir ağır və mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu. Xalqımızın dahi oğlunun ölkədə hakimiyyətə dönüşü ilə respublikamızın 1920-ci ildəki aqibətinin təkrarlanması təhlükəsi sovuşduruldu.
Respublikamızın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünün dövlət səviyyəsində təntənəli surətdə qeyd olunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2016-ci il tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında" Sərəncamına müvafiq olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında bu münasibətlə silsilə tədbirlər həyata keçirilir.
Heydər Əliyev Azərbaycan xalqına azad, müstəqil, onun konstitusion hüquqlarını qoruya bilən, möhkəm hüquqi, siyasi və iqtisadi əsaslar üzərində qurulmuş qüdrətli, dövlət verdi.
Ulu öndərin layiqli siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqilliyimizin siyasi və iqtisadi sütunları daha da möhkəmlənib. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Bütün bunlar təbii ki, Heydər Əliyevin ideyalarının yaşamasının, Prezident İlham Əliyev tərəfindən müstəqilliyimizin, dövlətçiliyimizin qüdrətlənməsinə hesablanmış əməli siyasi fəaliyyətin nəticəsidir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü, Mübariz Qurbanlı məruzəsində qeyd etdi ki, tarixi müstəqilliyin ötən hər bir ili ölkəmiz və xalqımız üçün son dərəcə məsuliyyətli bir dövr kimi yadda qalmışdır. Xalqımız əsrlər boyu azadlıq, müstəqillik kimi ideallara qovuşmaq, taleyini sərbəst şəkildə müəyyənləşdirmək üçün qanlı mübarizə aparmış, lakin buna nail ola bilməmişdır. Əsrlər boyu davam edən bu mübarizəyə Azərbaycanın bir çox tarixi şəxsiyyətləri rəhbərlik etmiş, milli-azadlıq mübarizəsinin önündə gedərək göstərdikləri misilsiz qəhrəmanlıqlarla adlarını tarixin yaddaşına yazmışlar.
Milli Məclisin deputatı Ağacan Abiyev, YAP Suraxanı rayon təşkilatının Gənclər birliyinin sədri Kənan Kərimov, yazıçı–publisist Təranə Cəbiyeva çıxışlarında müstəqillik uğrunda xalqımızın apardığı çoxillik mübarizədən, istiqlaliyyətini yenidən bərpa etmiş Azərbaycanın ilk iki ildə üzləşdiyi fəlakət və sarsıntılardan, o dövrün sosial-iqtisadi böhran, xaos və anarxiya mühitindən, eyni zamanda Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasətindən və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə üz-üzə qalması nəticəsində müstəqilliyin itirilmə təhlükəsinin real qüvvəyə çevrildiyi zaman dövlət müstəqilliyimizi qoruya bilən Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə gəlməsindən, onun xilaskarlıq missiyasından və sonrakı illərdə dövlətçiliyimizin möhkəm zəmin əsasında formalaşdırılmasından söz açdılar.
Çıxış edənlər həmin dövrdə nüfuzunu itirmiş partiyaların tənəzzülü və parçalanması, xalqın onlardan üz döndərməsi nəticəsində Azərbaycanın siyasi arenasında, dövrün tələbi kimi, Ulu Öndərin xeyir-duası və bilavasitə tövsiyəsi ilə yaranan Yeni Azərbaycan Partiyasının sağlam qüvvələri öz ətrafında birləşdirərək cəmiyyətimizdə aparıcı siyasi gücə çevrildiyini xüsusi vurğuladılar.
25 illik tarix çıxışlarda, yaddaşlarda bir daha vərəqləndi, xalqımızın yenilməzliyindən və bu günədək qazanılmış uğurlardan danışıldı.
Konfransda Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov yekun sözü söylədi. İlqar Abbasov qeyd etdi ki, bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, oradakı inkişafı, 25 il bundan əvvəllə müqayisdə olan fərqi, görmək mümkün olmasın.
Amma bir həqiqət var ki, Heydər Əliyev hakimiyyətə gəlməsəydi, indi danışmağa nə məkan, nə zaman nə də Azərbaycanın özü olardı.
Məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Müstəqil Azərbaycan Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə tarixən formalaşmış dəyərlər sisteminə söykənən Heydər Əliyev strategiyasına istinad edərək qətiyyətlə irəliləyir, gücünü və qüdrətini durmadan artırır, dahi azərbaycanlıya məxsus ideyaların həmişəyaşar olduğunu bir daha təsdiqləyir.
Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, yaradıcı potensialına, vətənpərvərliyinə və qurub-yaratmaq əzminə arxalanaraq, 25 il ərzində suveren dövlət çərçivəsində misilsiz inkişaf yolu keçmişdir.
Hər bir Azərbaycan vətəndaşı ürəkdən inanır ki, Prezident cənab İlham Əliyev yürütdüyü praqmatik siyasətlə qarşıda müəyyənləşdirdiyi milli ideyanı - müstəqil Azərbaycanın müasir və qüdrətli dövlətə çevrilməsini inamla təmin edəcəkdir.
Sonda konfrans iştirakçılarına musiqili ədəbi-bədii kompozisiya və ifalar təqdim olundu.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr olunmuş silsilə tədbirlər Suraxanı rayonunun idarə, müəssisə və təşkilatlarında davam edir.