Suraxanı rayonunda "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilmişdir
Suraxanı rayonunda "Vətənin müdafiəsinə hazıram!" mövzusunda kütləvi tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Suraxanı rayonu Heydər Əliyev parkında ucalan Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarət etmiş və önünə tər güllər düzmüşlər.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Suraxanı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hazırlanmış tədbir İcra Hakimiyətinin Akt zalında keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamıdır.
Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
"Vətənin müdafiəsinə hazıram!" mövzusunda keçirilən tədbirə bu dəfə ev sahibliyi edən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində gördüyü işləri dəstəklədiyini bildirmiş və onlara uğurlar arzu etmişdir. İlqar Abbasov qeyd etmişdir ki, tarixən Azərbaycan gəncliyi, Azərbaycan oğullları ölüm-dirim savaşında canlarını qurban veriblər. Xalqımız da öz oğullarına həmişə güvənir və onlara arxalanır.
Azərbaycanın müstəqilliyi Qarabağ döyüşləri ilə eyni zamana düşdüyündən gəncliyimiz Vətən sevgisini cəbhədə, ərazilərimizi düşmən tapdağından qoruyarkən daha çox nümayiş etdirmişdir. Onların qəhrəmanlıqlarından hələ də əsərlər yazılmaqdadır.
Vətənimizin azadlığı uğrunda ilk qurbanlar 20 yanvar 1990-cı il hadisələrində şəhid olan, itkin düşən və yaralananlar oldular. Lakin xalqımızı sındırmaq mümkün olmadı. 20 yanvar hadisələrindən sonra Vətənimizin Qarabağ bölgəsində ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə gənclərimizin şücaəti, igidliyi sayəsində Azərbaycan Ordusundan daha yaxşı silahlanmış və təlim görmüş, havadarları tərəfindən dəstəklənən erməni ordusunun qarşısı alındı. Qeyd etdiyim hər iki qanlı hadisədə aparıcı qüvvə kimi bu ağırlığı çiynində daşıyan, düşmən həmləsinə sinə gərən Azərbaycan gəncliyi oldu.
Rayon rəhbəri təəssüflə bildirmişdir ki, bu gün Azərbaycan hələ də müharibə şəraitində yaşayır. Torpaqlarımızın bir hissəsi düşmən tapdağı altında qalır. Vətəni sevmək, onu düşməndən qorumaq, lazım gəldikdə onun üçün canını fəda etmək müqəddəs bir vəzifədir. Milli-mənəvi dəyərlərini, haqqı-ədaləti sevən bir insan Vətənini də mütləq sevməli, daim onun müdafiəsinə hazır olmalıdır.
Azərbaycan gəncliyinin tərkib hissəsi olan Suraxanı rayonunun gəncləri də ölkəmizdə gedən proseslərin içərisində olmuş və Vətənə sədaqətli olduqlarını nümayiş etdirmişlər.
Qarabağ müharibəsində Suraxanı rayonundan torpaqlarımınızın müdafiəsi zamanı 310 nəfər şəhid, 290 nəfər müxtəlif dərəcəli əlil olmuşdur. Hal-hazırda rayonumuzda yüzlərlə Qarabağ Müharibəsi veteranı yaşayır və Vətənini müdafiəsinə yenidən qalxmağa hazır olduqlarını dəfələrlə bildirmişlər
Bizim qarşımızda duran əsas məsələ-Müstəqil Respublikamızın suverenliyinin, ərazi bütövlüyünün qorunmasıdır. Hər şey Vətənin müdafiəsindən başlayır.
İlqar Abbasov xüsusi vurğuladı ki, 2016-cı il aprel ayının 2-də Milli Ordumuzun əsgər və zabitləri erməni təxribatına tutarlı cavab verməklə Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha təsdiq etdi. Cənab Prezidentimizin qeyd etdiyi kimi: "Bizim Ordumuz istənilən vaxt torpaqlarımızı düşməndən azad etməyə qadirdir!"
Rayon rəhbəri çıxışının sonunda gənclərə Vətəni qəlbən, bütün varlığınla sevməyi tövsiyə edərək onlara bu yolda uğurlar arzu etdi və əmin olduğunu bildirdi ki, Suraxanı rayonunun bütün gəncləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ona dəstək olacaq və ölkəmizin inkişafı və tərəqqisi üçün var qüvvəsi ilə çalışacaqlar.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov çıxış edərək sözügedən sahədə görülmüş işlərdən, qarşıda duran vəzifələrdən söz açdı və tədbirin təşkilatşılığında yaxından kömək göstərənlərə, o cümlədən rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirərək təşəkkür plaketini Suraxanı rayon İcra Hakimiyyətinin başçısına təqdim etdi.
Tədbirdə çıxış edənlər, şəhid anası Saray Quliyeva, Əfqanıstan Müharibəsi Veteranları İctimai birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli və digərləri Azərbaycan gəncliyi haqqında, onun qəhrəmanlığı haqqında danışaraq qeyd etdilər ki, bu günün məktəblisi, sabahın əsgəri, zabitidir. Onların vətənpərvər ruhda tərbiyəsi biz yaşlı nəslin, müəllimlərin, hərbi hazırlıq rəhbərlərinin, ictimai təşkilatların vəzifəsidir.
Sonra yeniyetmə və gənclərin vətənpərvər ruhunda tərbiyəsində xidmətləri olan bir qrup ictimaiyyət nümayəndələri, hərbi hazırlıq rəhbərləri, müəllimlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təltif edildilər.
Ənənəvi olaraq Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin xatirə hədiyyəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim olundu.
Sonda tədbir iştirakçıları musiqili ədəbi-bədii kompozisiya və ifalara tamaşa etdilər.