Suraxanıda Beynəlxalq Müəllim günü
Suraxanıda Beynəlxalq Müəllim günü təntənəli qeyd edildi.
Suraxanı rayonunda Beynəlxalq Müəllim günü münasibəti ilə geniş tədbir keçirilmişdir. Rayon ərazisində yerləşən təhsil müəssisələrində çalışan təhsil işçilərinin bir qrupunun qatıldığı tədbirdə ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərən rayon məzunları da iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək önünə tər güllər qoymuşlar. Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında təhsil sahəsində qazanılan uğurları əks etdirən sərgi ilə tanış olduqdan sonra Beynəlxalq Müəllim gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, müstəqil dövlətimizin qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin “Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir” kəlamı bu gün də xüsusi əhəmiyyət kəsb edir. Həyatda qazandığı bütün uğurlara görə müəllimlərə minnətdar olduğunu bildirən Ulu Öndərimiz “Mən müəllim adından uca ad tanımıram” deyirdi..
Hazırki mərhələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla həyata keçirir, onun elm və təhsil haqqındakı tezis və kəlamlarını əsas tutaraq gələcək nəsillərin işıqlı və müasir tələblərə cavab verən məktəblərində təhsil alması üçün əlindən gələni edir. Son illər ərzində respublikamızda 3 minə yaxın yeni məktəb binası tikilmiş, yüzlərlə məktəb binası əsaslı təmir olunmuş, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, məktəblərin maddi-texniki təchizatının müasir tələblər səviyyəsində qurulması və təhsil işçilərinin maddi-rifah halının yaxşılaşdırlması üçün çoxsaylı Dövlət proqramları, Fərman və Sərəncamlar imzalanmışdır. Möhtərəm Prezidentimiz çıxışlarının birində “Əgər Azərbaycan müharibə vəziyyətində olmasaydı, büdcədə təhsil xərcləri birinci yerdə olacaqdı” deyə vurğulamışdır.
Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi ilə respublikamızda həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb» proqramı gənc nəslə və müəllimlərə olan qayğının əyani təzahürüdür.
Bu Proqram çərçivəsində ölkəmizin hər bir yerində yeni məktəb binalarının tikintisi və əsaslı təmiri ilə bağlı illər ərzində yığılıb qalmış problemlərin həlli istiqamətində ciddi işlər görülür.
Hər cür şəraiti olan bu məktəblərin müəllimləri də, şagirdləri də, eləcə də rayonumuzun qədirbilən insanları da dövlətimizin gənc nəslin təlim-tərbiyəsinə göstərdiyi qayğını heç vaxt unutmayacaqlar. Görülən bu işlər həm də rayonumuzda uzun müddətdir aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinin tərkib hissəsidir.
İlqar Abbasov vurğulamışdır ki, hazırda ölkəmizdə 300 min nəfərə yaxın, rayonumuzda isə 3145 müəllim çalışır. Dövlət rəhbərliyimiz müəllimlərin maddi-rifah halının yaxşılaşdırılması məqsədilə mütəmadi olaraq tədbirlər görür, onları fəxri adlarla və müxtəlif dövlət mükafatları ilə təltif edir.
Azərbaycan təhsil sisteminin tərkib hissəsi olan Suraxanı rayon təhsil ictimaiyyəti də ötən tədris ilini uğurla başa vurmuşdur.
2015-2016-cı tədris ilində rayon ərazisində yerləşən 34 orta ümumtəhsil məktəbini və Xarici Dillər Təmayüllü gimnaziyanı 2016 şagird bitirmiş, onlardan 1722 nəfəri ali məktəblərə qəbul olunmaq üçün ərizə vermiş, sənəd verənlərdən 1083 nəfəri tələbə adını qazanmışdır. Bu da məzunların 62,8 faizini təşkil edir.
Müqayisə üçün bildirirəm ki, ötən il 1976 nəfər məzunumuzdan 1690 nəfəri ali məktəblərə sənəd vermiş, onlardan 1071-i tələbə adını qazanmışdır.
Abituriyentlərdən 14 nəfəri 650-dən, 57 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Bayram tədbiri olmasına baxmayaraq qeyd etmək istəyirəm ki, sadaladığımız göstəricilər ötən ildəkindən zəifdir. Belə ki, ötən il 24 nəfər məzunumuz 650-dən, 68 nəfər isə 600-dən yuxarı bal toplamışdı. Ötən illə müqayisədə həm ali məktəblərə qəbul olunmuş məzunlarımızın, həm də qəbul imtahanlarında yüksək nəticə göstərənlərin sayında azalma müşahidə edilir. Belə ki, ötən il ali məktəblərə sənəd verənlərin 63,3 faizi tələbə adını qazanmışdısa, bu il isə bu rəqəm 62,8 faizə enmişdir. Bu rəqəmlər işimizə daha diqqətlə yanaşmağı və məsuliyyət hissini artırmağın zəruri olduğunu göstərir.
Suraxanı müəllimləri rayonumuzun ictimai-siyasi və mədəni həyatında həmişə fəal iştirak edirlər.
Rayon rəhbəri 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar keçirilmiş ümumxalq səsverməsinin – referendumun uğurla başa çatması münasibəti ilə rayonun təhsil işçilərini və bütün Suraxanı ictimaiyyətini ürəkdən təbrik edərək vurğuladı ki, bu siyasi kampaniyada təhsil işçilərimiz xüsusi fəallıq nümayiş etdirmişlər. Referendumun nəticələri bir daha Azərbaycan xalqının Ulu Öndərimiz Heydər Əliyevin siyasi ideyaları və möhtərəm Prezidentimizin ətrafında hər zamankı kimi sıx birləşdiyini bütün dünyaya nümayiş etdirdi.
Tədbirdə iştirak edən rayondan Milli Məclisə seçilmiş deputatlar Ağacan Abiyev, Sevinc Fətəliyeva, Fərəc Quliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və “Qadın və İnkişaf” Mərkəzinin direktoru Şövkət Xanməmmədova çıxış edərək müəllim peşəsinin zəruriliyindən ətrafı danışdılar, müəllimin cəmiyyətimizdə yüksək yer tutduğunu, onların həmişə ölkə rəhbərliyinin diqqətində olduğunu vurğuladılar, rayonun müləllimlərinin ünvanına təbriklər söylədilər, gələcək nəslin tərbiyəsində, elmi biliklərə yiyələnməsində daha fəal olmağa çarış etdilər və müəllimlərə uğurlar arzuladılar.
Rayonun 282 nömrəli tam orta məktəbin direktoru Camal Əlirzayev, 278 nömrəli tam orta məktəbin direktoru Məlahət Əliyeva, 76 saylı tam orta məktəbin dil və ədbiyyat müəllimi Nəriman İsmayılov, Prezident təqaüdçüsü, qəbul İmtahanlarında 690 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərmiş Xarici Dillər Təmayüllü Gimnaziyanın məzunu, hal-hazırda Bakı Dövlət Universitetinin tələbəsi Abdullayeva Töhvə çıxış edərək təhsilə göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə öz dərin təşəkkürlərini bildirmişlər.
Müəllim günü münasibəti ilə təhsil sahəsində fərqlənən müəllimlər və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildilər, onlara qiymətli hədiyələr təqdim edildi.