Suraxanıda ulu öndər Heydər Əliyevin xatirəsi anıldı
11 dekabr 2012-ci il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisidir ” mövzusunda konfrans keçirilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Orxan Ələkbərov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nümayəndələri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında Şuranın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Lider Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər və abidənin önünə tər güllər qoydular.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra konfrans öz işinə başladı.
Konfrans iştirakçıları bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad etdilər və "Xatirələr” filminə baxdılar.
Konfransı giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, vətənini, millətini sevən hər bir Azərbaycanlı üçün tükənməz qürur məmbəyidir ki, bu gün nəinki ölkəmizdə, dünyanın bir çox ölkələrində Ümummilli Liderimiz Heydər Əliyevin anım günü ilə bağlı silsilə tədbirlər keçirilir. Öz həyatını bütövlüklə xalqına, Vətəninə həsr edən Böyük Azərbaycanlı bir daha anılır, əziz xatirəsi yad edilir.
Güclü şəxsiyyətlər bir qayda olaraq tarixin gedişinə güclü təsir göstərə bilirlər. Necə deyərlər, genetika ilə mübahisə etmək olmaz. Ulu Tanrı və ya təbiət yenilik yaratmağa imkan verən istedadı əhalinin yalnız bir neçə faizinə bəxş edir.
Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin canlı tarixi olmaqla yanaşı, həm də Tanrının seçimidir, dahilik səviyyəsinə çatmış tarixi simadır.
Azərbaycanın tarixində hər dövr özünəuyğun böyük tarixi şəxsiyyətlər yarada bilmişdir. XX əsr isə hətta totaritar sovet rejimində belə Azərbaycan Respublikasını və xalqını təkcə SSRİ məkanında deyil, bütün dünyada tanıtdıran, dünya xalqları içərisində onun özünəlayiq yer tutmasına nail olan Heydər Əliyev kimi böyük bir şəxsiyyət yetişdirmişdir.
Taleyin hökmü ilə 2 dəfə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsindən xalqı xilas etmişdir.
Lakin Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrlə ikinci dövr arasındakı illər, sözün əsl mənasında, tariximizin hərc-mərclik dövrü, ağır tənəzzül illəridir.1991-ci ildə Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyi əldə etdikdən sonra ölkəmiz çox ciddi böhranlarla üz-üzə qalmışdı.
Ulu Öndər Heydər Əliyev çıxışlarının birində ümumdünya miqyaslı tarixi hadisələr kontekstində Azərbaycanın düşdüyü bu acınacaqlı vəziyyətə nəzər salarkən demişdir: "O dövrdəki Azərbaycan rəhbərliyi sadə bir həqiqəti nəzərə almırdı ki, dünyanın siyasi mənzərəsi böyük sürətlə dəyişməkdə idi. Yeni coğrafi-siyasi vəziyyət yeni strategiyaların formalaşmasını tələb edirdi və günün bu tələbinə Azərbaycan, təəssüf ki, cavab verə bilmirdi.”
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli istəyinə səs verərək hakimiyyətə qayıdışı Azərbaycanın qurtuluşunda dönüş nöqtəsi oldu.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişı ilə Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyalarının praktik şəkildə bərqərar olmasına fundamental əsaslar yarandı. Ölkə xaosdan, vətəndaş müharibəsindən, hərc-mərclikdən, bir sözlə, dövlətçiliyi itirmək təhlükəsindən qurtuldu. Zəmanəmizin qüdrətli siyasətçisi Heydər Əliyev öz doğma xalqını dibi görünməyən yarğanların, uçurumların üzərindən keçirib gələcəyə apardı.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Orxan Ələkbərov çıxış edərək qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müstəqillik yolunda ilk qədəmlərini atan Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik məsuliyyətini öz üzərinə götürərək xilaskarlıq və quruculuq missiyasını böyük şərəflə yerinə yetirməklə xalqımızın ən görkəmli şəxsiyyəti olaraq tarixdə silinməz iz qoymuşdur.
Ümummilli Liderimizin adı özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək keyfiyyətləri ilə unudulmaz izlər buraxmışdır. Bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri ilə şəxsi hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət və sədaqət meyarı olmuşdur. Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur.
Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, fəlsəfə elmləri doktoru Əlikram Abdullayev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyə Əhmədova, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dossenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin Əhmədov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət quruculuğu və hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru Fəxrəddin Nağıyev, YAP Suraxanı rayon gənclər təşkilatının sədri Zəkiyyə Musayeva, 87 nömrəli tam orta məktəbin məzunu, Ombudsman elçisi Nigar İbrahimova çıxış etdilər.
Çıxış edənlər xüsusi vurğuladılar ki, Heydər Əliyev sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin inkişafının bütün istiqamətlər üzrə əsaslarını formalaşdırdı.Ölkənin demokratik inkişaf yolunu müəyyənləşdirdi, sosial-iqtisadi-mədəni inkişaf xəttinin təməlini qoydu.Ən əsası isə Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən mükəmməl, gələcək illərdə təməli daha da möhkəmlənəcək milli dövlətçilik ideologiyasını formalaşdırdı.
Konfransı yekunlaşdıran Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanın xilası üçün gördüyü işlərin miqyasını müəyyənləşdirmək yox, ancaq təsəvvür etmək mümkündür.
Azərbaycan xalqı Heydər Əliyevi yetişdirdiyi kimi, Heydər Əliyev də Müasir Azərbaycan dövlətini yaratmışdır.
Ulu Öndər Heydər Əliyevin şəxsiyyət olaraq böyüklüyü həm də əsasını qoyduğu siyasəti yeni dövrün tələblərinə uyğun davam etdirə biləcək qüdrətli lider və etibarlı davamçı yetişdirməsindədir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəllifliyi ilə son 9 ildə Azərbaycanın möhtəşəm inkişaf salnaməsinin yeni parlaq səhifələri yazılır:
- ölkəmiz keçid dövrünü arxada qoyaraq keyfiyyətcə yeni pilləyə - modernləşmə mərhələsinə qədəm qoymuşdur.
- iqtisadi artım sürətinə görə dünyada liderlər sırasındadır.
- qəbul olunmuş 40-dan çox Dövlət Proqramı ölkə həyatının bütün sahələrində hərtərəfli islahatların əsasını qoymuş, inkişaf prosesində stabilliyin təmin edilməsinə şərait yaratmışdır.
- "Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlanması Azərbaycan dövlətinin yaxın perspektivlərə hesablanmış çox mühüm dövlət sənədidir.
Bu gün qürurla demək olar ki, Ulu Öndərin siyasi məfkurəsinin həmişəyaşarlıq səciyyəsini əks etdirmək, yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq niyyəti ilə yaradılan Heydər Əliyev Fondu Fondun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə qarşıya qoyduğu məqsədlərin həyata vəsiqə qazanması işində yeni-yeni zirvələr fəth edir, Azərbaycanımızın adını ucaldır.
Konfransda İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu qiymətli sözlərini diqqətə çatdırdı: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir.Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayır və möhkəmlənir.”
Haqlı olaraq deyirik: Olmasaydın olmazdıq, Ulu Öndər!
Sən Yaradanın sevimlisi, yaranmışların şərəflisisən!
Ruhun şad olsun!
Azərbaycan xalqı Heydər Əliyev sevgisini daim qəlbində yaşadır və yaşadacaqdır.
Konfransda Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak etmişdir.