Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 47 illiyi Suraxanı rayonunda qeyd edildi
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 47 illiyi münasibəti ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Suraxanı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Tədbir Yeni Suraxanı qəsəbəsində “14 iyul” küçəsində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi günü tərənnüm etdirən Xatirə kompleksinə baxış keçirməklə başlamışdır. Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin hər il 14 iyul tarixində Xatirə kompleksini ziyarət etməsi bir ənənə halını almışdır.
Sonra tədbir iştirakçıları Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.
Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 47 illiyi münasibəti ilə keçirilən tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmişlər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev qeyd etmişdir ki, 14 iyul xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və heç vaxt unudulmayacaq günlərin sırasına həkk olunmuşdur. 14 iyul 1969-cu il Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi gündür. 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasına, 1993-cü ilin iyunundan 2003-cü ilin oktyabrınadək Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmiş Ulu Öndər istər Sovetlər Birliyi, istərsə də Mustəqil Azərbaycan Respublikası dövründə Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət etmişdir.
Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründən başlayır. Ulu Öndər Heydər Əliyev respublikaya rəhbərliyinin ilk illərindən qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirdi. Fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq oldu. İdarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin etdi.
Biz fəxrlə, böyük qürur hissi ilə deyirik ki, xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev təkcə XX əsrin deyil, ümumiyyətlə, Azərbaycan tarixinin yetirdiyi ən böyük, dahi şəxsiyyətdir.
Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir və inkişaf edir. Fəaliyyətə başladığı ilk gündən xalqı qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm” söyləyərək vədini real işlərlə bütün dünyaya göstərdi.
Ümummilli Liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində müstəsna xidmətləri olan Heydər Əliyev Fondunu xüsusi qeyd etmək lazımdır.
Fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu onun Prezidenti, YUNESKO və İSESKONUN Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanda və dünyada humanitar, həmçinin sosial problemlərin həlli, yoxsul və ehtiyacı olan insanlara maddi və tibbi dəstək, təhsil, mədəniyyət sahələri üzrə layihələri reallaşdırmaqla yanaşı, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə daim diqqətlə yanaşır.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxışında qeyd etdi ki, hər bir xalqın milli mənəvi irsini, əxlaqi dəyərlərini, genetik yaddaşını gələcək nəsillərə ötürmək missiyası kimi çətin və məsuliyyətli vəzifənin gerçəkləşməsində fenomenal şəxsiyyətlərin rolu əvəzsizdir. Azərbaycan xalqının Ümumilli Lideri, Ulu Ündər Heydər Əliyev belə şəxsiyyət olmaqla bu baxımdan xalqımız üçün bənzərsiz və unudulmazdır. Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, millətimizin və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirmişdir. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin qurub yaratdıqlarından bəhrələnir və bundan sonra da çox-çox illər bəhrələnəcəkdir.
Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov öz çıxışında qeyd etdi ki, bu gün ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında çox düşünülmüş və məqsədyönlü gənclər siyasəti uğurla aparılır. Bu siyasətin təməlində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin tövsiyələri dayanır. Görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri çox böyük işlərə imza atırlar, cəmiyyətdə çox mühüm rol oynayırlar. Gənclərimizin sorağı Beynəlxalq konfranslardan, dövlət və hökümət qurumlarından, ölkələrarası debatlardan, intellektual bilik yaraşlarından gəlir. Bu gün möhtərəm Prezidentin rəhbərliyi ilə təhsil ocaqlarında yüksək standartlara uyğun maddi-texniki baza yaradılır, müasir tədris prossesinin tətbiq edilməsi sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon Gənclər Birliyinin üzvləri Arzu Həsənzadə və Arzu Məmmədli öz çıxışlarında qeyd etdilər ki, 14 iyul 1969-cu il tarixdə siyasi hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev ölkədə elmin və təhsilin yüksəlməsinə, yeni ali məktəblərin və ali məktəblərdə yeni ixtisasların açılmasına, Azərbaycan gəncinin mükəmməl bilik və ixtisas alaraq cəmiyyətin fəal üzvünə çevrilməsinə hər cür şərait yaratdı. Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan xalqı və onun yaratdığı dövlət durduqca Heydər Əliyev də yaşayacaqdır.
Sonda Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin sifarişi ilə hazırlanmış “Əyilməz iradə” filmi nümayiş etdirildi.