Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “15 iyun – Milli Qurtuluş günü” münasibəti ilə konfrans keçirilmişdir

13 iyun 2016 | 16:00

Suraxanı rayonunda “15 iyun – Milli Qurtuluş günü” münasibəti ilə  Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, Azərbayanda Atatürk Mərkəzinin, Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” mövzusunda konfrans keçirilmişdir.
Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Milli Məclisin deputatları Nizami Cəfərov, Ağacan Abiyev, Sevinc Fətəliyeva, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər, Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular və Mərkəzin sifarişi ilə hazırlanmış “Xilaskar” filminə baxdılar.
Dövlət himni səsləndirildikdən sonra konfransda açılış nitqi ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, Azərbaycan tarixində Heydər Əliyev səxsiyyətinin müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.
Ulu Öndər bütün həyatını döğma xalqına, Vətəninin tərəqqisinə həsr etmişdir. Heydər Əliyevin tərcümeyi-halı Azərbaycanın tarixi ilə o qədər qaynayıb-qarışmışdır ki, onları bir-birindən ayırmaq qeyri-mümkündür. Biz Heydər Əliyev haqqında danışarkən Azərbaycandan, Azərbaycan barədə danışanda Heydər Əliyevin fəaliyyətindən söhbət açmış oluruq.
Ulu Öndərin 1993-cü ildə siyasi hakimiyyətə gəlməsi ilə ölkədə iqtisadi, siyasi, hüquqi islahatlar aparıldı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu sahəsində uğurlu addımlar atıldı.Yeni Konstitusiya layihəsi hazırlanaraq referendum yolu ilə qəbul edildi, bazar münasibətlərinə keçidlə bağlı möhkəm qanunvericilik bazası yaradıldı. "Əsrin müqaviləsi" neft kontraktı imzalandı. Milli ordu quruculuğu sahəsində irəliyə doğru mühüm addımlar atıldı. Azərbaycan informasiya blokadasından çıxarıldı. Azərbaycana xarici sərmayənin yatırılması üçün əlverişli biznes mühitinin yaradılması istiqamətində əhəmiyyətli işlər görüldü. Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması nizama salındı.
İlqar Abbasov qeyd etdi ki, Azərbaycan dövlətçiliyi tarixində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatının, dilinin, mədəniyyətinin inkişafı istiqamətindəki fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir..
İstər sovet dövründə, istərsə də Azərbaycanın müstəqilliyi dövründə hakimiyyətdə olduğu illərdə Heydər Əliyev ədəbiyyat və mədəniyyətin inkişafına böyük diqqət və qayğı ilə yanaşmış, cəmiyyətin inkişafında ədəbiyyatın aparıcı rolunu daim vurğulamışdır.
“Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” - deyən Heydər Əliyev azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərlərimizi  təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu işinin mühüm atributu kimi dəyərləndirirdi.
İlqar Abbasov xüsusi vurğuladı ki, bu gün ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıqlarına əsasən tarix və mədəniyyət abidələrinə dövlət səviyyəsində diqqət və qayğı göstərilir.
Dövlətimizin başçısının mədəniyyətlə bağlı imzaladığı fərman və sərəncamlar, apardığı məqsədyönlü siyasət və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Fondun həyata keçirdiyi layihələr bunun ən yaxşı göstəricisidir.
Konfransda “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisidir” adlı məruzə ilə çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, BDU-nun ümumi dilçilik kafedrasının müdiri Nizami Cəfərov qeyd etdi ki, ”Heydər Əliyev Azərbaycanı azərbaycanlılara qaytardı” fikrinin bir şaxəsi də məhz mədəniyyətlə bağlıdır. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə böyük məhəbbət duyğuları ilə yanaşan Ümummilli Lider həm də bu dəyərlərin qoruyucusu idi. Ulu Öndərin xalqın təkidli tələbi ilə yenidən siyasi rəhbərliyə qayıtması ilə vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlarımız, adət və ənənələrimiz, mərasimlərimiz xalqa qaytarıldı. Heydər Əliyevin ədəbi-nəzəri fikirləri ilə əməli fəaliyyətinin vəhdəti nəticəsində, bu gün Azərbaycan ədəbiyyatının, Azərbaycan mədəniyyətinin inkişafı üçün geniş perspektivlər açılmışdır.
“Ümummilli Liderin ədəbiyyat siyasəti” adlı məruzə ilə çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıya vurğuladı ki, Heydər Əliyev ədəbiyyata xalqın milli-tarixi varlığının, mənəviyyatının üzvi tərkib hissəsi kimi baxmış, mənsub olduğu xalqı ədəbiyyatı ilə bir yerdə bütöv bir tamın ayrılmaz hissəsi kimi dəyərləndirmişdir.
Konfransda Milli Məclisin deputatları Ağacan Abiyev, Sevinc Fətəliyeva, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, “Qızıl qələm” mükafatı laureatı, 278 nömrəli tam orta məktəbin tarix müəllimi Vaqif Rüstəmov çıxış etdilər.
Konfransda qeyd olundu ki, mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlər göstərmişdir. Azərbayan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev adlı Ümummilli Lideri var
Sonda Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı Nizami Cəfərova Mərkəzin xatirə hədiyyəsi təqdim olundu.

Keçidlər