Suraxanı rayonunda tatar milli bayramı – “Sabantuy” təntənəli qeyd edilmişdir
5 iyun 20116-cı il tarixdə Suraxanı rayonu Heydər Əliyev parkında Azərbaycanda yaşayan tatar icması milli bayramları olan “Sabantuy” bayramını qeyd etmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsini ziyarət etmiş, önünə əklil və tər güllər qoymuşlar.
Azərbaycan Respublikası, Rusiya Fedarasiyası və Tatarıstan Respublikasının dövlət himnləri səsləndirildikdən sonra milli bayram şənliyinə başlanılmışdır.
Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov bayram iştirakçılarını salamlamış və “Sabantuy”un rayonun Heydər Əliyev adına parkda keçirilməsinin artıq bir ənənə şəklini aldığını bildirmişdir. Barxudar Barxudarov xüsusi vurğulamışdır ki, əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan və Tatar xalqlarının dostluğu bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tatarıstan Respublikasının Sənaye və ticarət nazirinin birinci müavini Ruslan Kabirov Tatarıstan Respublikasının Prezidenti Rustam Minixanovun təbrik məktubunu bayram iştirakçılarının diqqətinə çatdırmışdır.
Bayran şənliyində Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri Oleq Muraşov, Milli Məclisin deputatı, "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev, Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Alfred Zakirov xalqlarımız arasındakı dostluğu yüksək qiymətləndirmiş və bu birliyə uğurlar diləmişlər. Onlar bildirmişlər ki, “Sabantuy”un Azərbaycanda məhz tatarların çox yaşadığı Suraxanı rayonunda keçirilməsi bunun əyani sübutudur.
İncəsənət ustalarının iştirak etdiyi bayram şənliyi geniş konsert proqramı ilə davam etmişdir. Gənclər tatar milli idman yarışlarında güclərini sınamış və qaliblər mükafatlandırılmışlar.