Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “Narkomaniya bəşəriyyətin bəlasıdır!” mövzusunda tədbir keçirilmişdir

03 iyun 2016 | 16:00

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya bəşəriyyətin bəlasıdır!”  mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayon Polis İdarəsinin rəisi Namiq Həsənov qeyd etmişdir ki, bu gün bəşəriyyəti narahat edən məsələlərdən biri də narkomaniyadır. Artıq “ağ ölüm” kimi az qala bütün dünyanı ağuşuna alan bu sosial bəla hər il çoxlu sayda insanın ölümünə səbəb olur. Təəssüf ki, bu dünyanın bir üzvü kimi Azərbaycan da narkomaniyanın acı nəticələrindən böyük ziyan çəkir. Azərbaycan hökuməti ümumbəşəri problemə çevrilən narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə tədbirlər görür, ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir.
Narkomaniya əsasən gənclik dövründə başlanır və bir çox hallarda elə gənclik dövründə də narkotik aludəçisinin ölümü ilə nəticələnir. Buna görə də elə məktəb dövründən profilaktik tədbirlərə başlanmalıdır. Gənclər arasında narkomanlığın yayılmasının səbəbləri savadsızlıq, işsizlik, işsizlikdən doğan asudə vaxtların bolluğu, narkotik satıcılarının  himayə edilməsi, narkotik biznesidir.
Bu gün narkomaniya ilə bağlı mövcud olan problemlər daim nəzarətdə, ictimaiyyətin diqqətində saxlamaq üçün BMT-nin təşəbbüsü ilə 1987-ci ildən etibarən 26 iyun Beynəlxalq Narkomaniya ilə Mübarizə Günü təsis edilmiş və hər il qeyd olunur.
Narkomanlığın yayılması, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizədə rayonun hüquq-mühafizə orqanları davamlı işlər aparır. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir.  Narkotik qəbul edən insanların, xüsusi ilə yeniyetmənin kriminal meyilləri daha təhlükəlidir. Xarakterin zəifliyi, mənəvi özünənəzarətin hələ tam formalaşmaması onların cinayət əməllərinə sövq edilməsini asanlaşdırır. Müşahidələr göstərir ki, narkotik eyforiyası vəziyyətində olan yeniyetmənin törətdiyi cinayətlər çox zaman motivsiz, mənasız xarakter daşıyır.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova qeyd etdi ki, narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə istiqamətində dunyanın bir cox ölkəsində qeyri-hökumət təşkilatları minlərlə proqramlar təşkil edir, qəzetlərdə hər gün onlarca məqalələr, xəbərlər yayımlanır və minlərlə internet saytı mövcud narkomaniyadan asılı olmağın fəlakətini izah edən məlumatlar yayır. Lakin bu qədər fəaliyyətə baxmayaraq narkomaniyanın yaşı get-gedə daha da cavanlaşır və hər gun yüzlərlə gənc bu səbəbdən həyatını itirir.
Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlət başçısının, hüquq mühafizə orqanlarının daim diqqət mərkəzindədir. Narkomanlığa qarşı mübarizədə səmərəliliyə nail olmaq üçün aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə yaradılmış Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və ölkə rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət proqramı (2013-2018-ci illər)”nın təsdiq edilməsi haqqında imzaladığı sərancam ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin təşkilinə xüsusi təkan vermişdir. Bu mühüm Dövlət proqramının icrası ilə əlaqədar  Suraxanı rayonunda əlaqədar dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birlikdə sil-silə tədbirlərin keçirilir.
Tədbirdə çıxış edən Suraxanı rayon Prokuroru Rəhim Əliyev vurğuladı ki, narkomanlıq və narkobiznes cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdır, sosial-iqtisadi inkişafa mənfi təsir gostərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır və cinayətkarlığın artmasına səbəb olur. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin artması, narkotiklərlə bağlı cinayətlərin getdikcə daha çox ciddi problemə çevrilməsi və narkotik vasitələrə aludə olanlar içərisində yeniyetmə və gənclərin də olması böyük təəssüf hissi doğurur. Bir daha gənclərimizə müraciət edərək demək istəyirəm ki, diqqətli və ehtiyatlı olun.
Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinini rəisi Anar Rüstəmov çıxış edərək bildirdi ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində əməli və praktiki tədbirlərimiz davam edir. Cari ilin beş ayı ərzində rayon üzrə 27 fakt aşkar olunmuşdur. Onlardan 20 fakt saxlama və 7-si satış, o cümlədən, 2-si isə əkin faktı təşkil etmişdir. Cinayətkarlardan müsadirə olunaraq dövriyyədən çıxarılmış narkotik vasitələrin ümumi çəkisi 12 kq 405 qram təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayət faktlarının sayı  az olmuş, lakin müsadirə edilmiş narkotik vasitələrin ümumi çəkisi artmışdır.
Gənclərlə aparılan işdən danışan Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov qeyd etdi ki, gənclər arasında hüquq pozuntularının, narkomanlığın və digər zərərli vərdişlərin qarşısının alınması məqsədi ilə işimizi Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsində Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsi ilə əlaqəli şəkildə qurmuşuq. Keçirdiyimiz görüş və dəyirmi masalarda polis və prokurorluq orqanlarının əməkdaşları yaxından iştirak edirlər.
Rayonun ümumtəhsil məktəblərində şagirdlərin, müəllimlərin, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə birgə görüşlər keçirilir, “Dəyirmi masa”lar təşkil olunur, narkomaniya və onun törətdiyi bəlalar barədə fikir mübadiləsi aparılır. Təlim-tərbiyə müəssisələrində tərbiyə işlərini təkmilləşdirmək, şagirdləri milli-mənəvi dəyərlər əsasında formalaşdırmaq, onlara sağlam həyat tərzi aşılamaq məqsədi ilə vaxtaşırı müxtəlif tədbirlər keçirilir. Narkomanlığın fəsadları haqqında məktəblilərdə düzgün təsəvvürlərin formalaşdırılması və onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə məktəbdənkənar, sinifdənxaric tədbirlərin - rəsm, inşa müsabiqələrinin, hərbi vətənpərvərlik oyunlarının keçirilməsi təşkil edilir.
Gənclərimizi zərərli vərdişlərdən, xoşagəlməz hallardan uzaq tutmağın ən yaxşı üsullarından birinin gənclərimizin asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda kütləvi şəkildə bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinə cəlb edilməsi olduğunu nəzərə alaraq mütəmadi bədən tərbiyəsi və idman yarışları keçirilir. Bu yarışlarda çoxlu sayda yeniyetmə və gənc yaxından iştirak edir.
Tədbir bu sözlərlə yekunlaşdı: Gəlin, gəncliyimizi qoruyaq!, Narkomaniyaya yox deyək!
Sonda “Narkomaniya bəşəriyyətin bəlasıdır!” adlı videoçarx nümayiş olundu.

Keçidlər