Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Respublika günü münasibəti ilə “Azərbaycanın müstəqilliyi: beynəlmiləlçilik, birgəyaşayış və multikulturalizm ənənələri” mövzusunda konfrans keçirilib

26 may 2016 | 16:00

“28 may - Respublika günü” münasibəti ilə  Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın müstəqilliyi: beynəlmiləlçilik, birgəyaşayış və multikulturalizm ənənələri” mövzusunda konfransı keçirilib.
Konfrans iştirakçıları Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdikdən sonra rayonda yaşayan müxtəlif xalqların nümayəndələrinin parkda təqdim etdiyi sərgiyə və  “Gözəl şəhər: Bakı Riqalıların gözü ilə” adlı foto-sərgiyə baxıblar.
Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən konfrans dövlət himninin səsləndirilməsi ilə başlayıb. Konfransı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Xalq Cümhuriyyətinin 98 illiyi münasibəti ilə konfrans iştirakçılarını təbrik edərək qeyd edib ki, ölkəmiz şərqin ilk demokratik respublikası olmuşdur. 98 il bundan əvvəl – 1918-ci ilin may ayının  28-də Şərqdə ilk demokratik üsul-idarəyə əsaslanan cümhuriyyət quruldu. Azərbaycan Xalq Cümhuriyyəti ilk dəfə olaraq Azərbaycan adlı müstəqil dövlətin əsasını qoydu. Bugünkü konfransın keçirilməsində məqsəd bir daha tarixə nəzər salmaq, 23 ay müstəqil yaşayan Azərbaycan Xalq Cümhuriyyəti dövründə və  71 il sovetlər birliyinin tərkibində yaşadıqdan sonra 1991-ci ilin 18 oktyabrında yenidən müstəqillik əldə edən ölkəmizdə multikultural dəyərlərin cəmiyyətin inkişafına təsirlərini diqqətə çatdırmaqdır. Bütün bu məsələlərlə bağlı siz maraqlı məruzələr dinləyəcəksiniz.
Rayon rəhbəri bildirmişdir ki, özünəməxsus milli və yüksək humanist ənənələrə malik olan Azərbaycan həm də multikulturalizm prinsiplərini dünyada yayan nadir ölkələrdəndir. Ölkəmizdə bu sahədə bərqərar olan münasibətlər təsdiq edir ki, multikulturalizm xalqımızın tarix boyu formalaşan milli keyfiyyətidir və bütün dövrlərdə cəmiyyətin yaşam tərzi olub. Bu gün isə reallıq odur ki, artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb və bu, mükəmməl örnək kimi ölkəmizdəki çoxsaylı fərqli etnik qrupların sülh şəraitində yaşamasına, bərabərhüquqlu fəaliyyətinə tam zəmin yaradır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında” 11 yanvar 2016-cı il tarixli sərəncamı da göstərir ki, multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
Qərblə Şərqi birləşdirən Azərbaycan fərqli sivilizasiyaların qovuşduğu məkan olaraq tarix boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, müxtəlif millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Burada heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, cəmiyyətdə multikultural dəyərlər hakim olmuş, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər hökm sürmüşdür. Multikulturalizm Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl ənənəyə çevrilmişdir.
Müstəqillik illərində isə bu mühüm tarixi ənənənin daha da gücləndirilməsi müasir Azərbaycan dövlətinin ən böyük nailiyyətlərindən biridir. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin dövlətçilik dühası, siyasi müdrikliyi və uzaqgörənliyi nəticəsində cəmiyyətin multikultural xarakteri siyasi və hüquqi prinsiplər səviyyəsinə yüksəldilmiş, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilmişdir.
Ulu Öndərin banisi olduğu azərbaycançılıq ideyası xalqımızın multikultural və tolerant dəyərlərinin ideoloji sistemini təşkil etməklə yanaşı, ölkəmizdə yaşayan bütün etnosların vahid maraqlar və vahid dövlət prinsipi ilə mənəvi-siyasi birliyini əlaqələndirir.
Heydər Əliyev siyasətini böyük uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı inkişaf edən ölkəmiz artıq dünyada multikulturalizm, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edilir.
İlqar Abbasov xüsusi vurğulamışdır ki, xalqımızın sahib olduğu multikultural dəyərlərin dünyaya təqdim edilməsində Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük əməyi var. Heydər Əliyev Fondunun fəaliyyətində multikulturalizm və tolerantlıq məsələləri başlıca yer tutmaqla yanaşı, həm də artıq Azərbaycan hüdudlarını aşır və Vatikandan Asiyaya, Şərqdən Afrikayadək böyük bir coğrafi arealı əhatə edir.
Bütün dünya bu gün olduqca narahat günlərini yaşayır. Hərbi-siyasi toqquşmalarla yanaşı, humanitar problemlər ayrı-ayrı ölkələrin faciəsinə çevrilib. Təəssüf ki, bu faciələr həm də milli və dini zəmində özünü göstərir. Onilliklər boyu bir-biri ilə yanaşı yaşamış millətlər düşmənə çevrilirlər. Qərb dünyasında islamofobiya meyilləri baş alıb gedir, beləliklə, sivilizasiyalararası ziddiyyətlər dərinləşir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməklə dünyaya sülh mesajı verdi. Eyni zamanda, bu addımla bir daha təsdiq olundu ki, Azərbaycan dövləti öz ərazisində məskunlaşan bütün xalqların mehriban və dostluq şəraitində birgəyaşayışının, onların inkişafının, adət və ənənələrinin qorunmasının təminatçısıdır.
Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, AMEA-nın həqiqi üzvü Urxan Ələkbərov qeyd etdi ki, beynəlxalq anlayışda multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət kimi qəbul olunur. Məsələyə bu prizmadan yanaşdıqda Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün zəruri şəraitin mövcudluğunu, dövlətin bu istiqamətdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini görürük. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi isə ölkəmizdə bu məsələyə olan xüsusi diqqət və qayğının birbaşa təzahürü sayıla bilər. Azərbaycan multikulturalizminin nəticəsidir ki, ölkəmizdəki bütün xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycanda bütün azsaylı xalqlar yüksək qayğı ilə əhatələniblər. Onlar müxtəlif rəhbər vəzifələrdə, yerli özünüidarətemə orqanlarında təmsil olunur, ölkənin ictimai həyatında fəallıqları ilə seçilirlər.
Konfransda Milli Məclisin deputatı Ağacan Abiyev “Multikulturalizm və azərbaycançılıq”, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Birinci prorektoru, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev “Multikulturalizm nəzəri fikrin işığında”, Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi, professor  Etibar Nəcəfov “Müasir dövrdə Azərbaycan Respublikasının daxili və xarici siyasətində multikulturalizm”, AMEA-nın Arxeologiya və etnoqrafiya institutunun şöbə müdiri, Abşeron arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru İdris Əliyev “Suraxanı rayonunda multikulturalizmin tarixi kökləri (tarixi-etnoqrafik materiallar əsasında)” adlı məruzələrlə çıxış etdilər. Natiqlər Azərbaycan multikulturalizminin mühüm istiqamətlərindən, onun ideya əsaslarından, nəzəri müddəalarından, praktik təzahürlərindən ətraflı bəhs etdilər.
Vurğulandı ki, 25 ildir müstəqilliyimizin bəhrələrini görürük, 98 il bundan əvvəl qazandığımız azadlığın davamını, növbəti ildönümünü yaşayırıq. Bu gün Azərbaycan dünyada multikulturalizmin ən mükəmməl modelini yaradıb. Artıq bu model ən inkişaf etmiş ölkələrin ali məktəblərində tədris olunur, elmi mərkəzlərdə öyrənilir, təhlil edilir. Son illərdə bu sahədə həyata keçirilən tədbirlərdən saatlarla danışsaq, yenə də bitməz. Yalnız onu demək kifayət edər ki, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideyası var olduqca, ölkəmizdə multikultural, tolerantlıq dəyərləri də inkişaf edəcək, zənginləşəcək. İndi olduğu kimi gələcəkdə də bu məkanda yaşayan bütün millətlərin təmsilçiləri Ulu Öndərimizin bu sözlərini təkrarlayacaqlar: Fəxr edirəm ki, mən Azərbaycanlıyam.

Keçidlər