Suraxanı rayonunda əhalinin 86,2%-i tibbi müayinədən keçib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsi əsasında ölkəmizdə 15 fevral – 15 may tarixləridə həyata keçirilən əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda da uğurla yekunlaşıb.
Əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün hələ fevral ayında rayonda bütün zəruri tədbirlər görülmüşdü. Bu məqsədlə Rayon İcra Hakimiyyətində komissiya yaradılmış, rayon ərazisində yerləşən müəssisə və idarələrin tibbi müayınədən keçmə qrafiki tərtib olunmuşdu.
Rayon əhalisinin tibbi müayinəsi (dispanserizasiyası) 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada aparılmışdır. Əhalin tibbi müayinəsini mütəşəkkil təşkil etmək məqsədi ilə müayinə aparılan dövrdə Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyininəməkdaşları əhali arasında planlı formada maarifləndirici tədbirlər aparmışdır. Görülən işlərin nəticəsidir ki, rayon əhalisinin tibbi müayinəsi (dispanserizasiyası) uğurla başa çatmış, vətəndaşlar yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində tibbi müayinədən keçmişdir. Tibbi müayinə dövründə səhiyyə müəssisələrində işləyən həkimlərdən ibarət yaradılmış səyyar briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmişlər.
Suraxanı rayonunda 172 min 789 nəfər vətəndaş və 139 kollektiv tibbi müayinədən keçib. Bu da tibbi müayinədən keçməsi nəzərdə tutulanların 86,2%-ni təşkil edir.
Tibbi müayinədən keçən vətəndaşların 7859 nəfəri rentgen, 29818 nəfəri laboratoriya müayinəsindən, 7045 nəfəri USM aparatından və 4768 nəfəri EKQ müayinəsindən keçib. Tibbi müayinədən keçən 5245 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 240 nəfər stasionar müalicəyə cəlb edilib, 256 nəfər təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilib.
Aparılan araşdırmalar deməyə əsas verir ki, tibbi müayinədən rayon əhalisi çox razı qalmışdır. Sakinlər qeyd etmişdir ki, bu tədbirin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan vətəndaşlarına göstərdiyi diqqət və qayğının nəticəsidir.
Onlara göstərilən diqqət və qayğıya görə rayon sakinləri ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.