30 dekabr tarixində Suraxanıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd edildi
30 dekabr 2024 | 12:00
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin, Suraxanı rayonundan Milli Məclisə seçilmiş deputatların, YAP Suraxanı rayon təşkilatının və rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, şəhid ailələri və qazilərin, rayonun idarə, müəssisə, təşkilat rəhbərlərinin, ziyalıların iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və təyyarə qəzasında həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib, bu əlamətdar günün əhəmiyyətindən, o cümlədən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazandığımız tarixi ədalətin zəfər çalmasında xalqımızın göstərdiyi birlik və həmrəyliyin bütün dünyaya sübut olunduğundan söz açıb. Həmçinin, təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyən RİH başçısı Adil Əliyev tədbirdə iştirak edən şəhid ailələrinə və qazilərə bir daha hörmət və ehtiramını bildirib.
Bayram tədbirində Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Qaya Məmmədov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov çıxış edərək xoş arzularını və təbriklərini çatdırıblar. Qeyd olunub ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün təsis edilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu günün əhəmiyyətindən danışılaraq bildirilib ki, bu bayram xalqımızın həmrəyliyinin möhkəmlənməsində xüsusi rol oynayır.
Tədbir sevilən incəsənət nümayəndələrinin ifaları ilə davam edib.
Tədbirdə rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup şəxs Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.