Suraxanı rayonunda əhalinin tibbi müayinəsi uğurla yekunlaşır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda uğurla yekunlaşır.
Tibbi müayinənin yüksək səviyyədə, operativ təşkil edilməsi məqsədi ilə Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmış, rayon ərazisində yerləşən müəssisə və idarələrin kollektivlərinin tibbi müayinədənkeçmə qrafiki tərtib olunmuşdur.
Suraxanı rayonun 214400 nəfər əhalisinin və rayonda məskunlaşmış 20 mindən yuxarı məcburi köçkünün tibbi müayinədən keçirilməsi 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada həyata keçirilir. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində tibbi müayinədən keçir.
12 may 2016-cı il tarixədək Suraxanı rayonunda 166 min 707 nəfər vətəndaş və 139 kollektiv tibbi müayinədən keçib. Bu da tibbi müayinədən keçməsi nəzərdə tutulanların 71,1%-ni təşkil edir.
Tibbi müayinədən keçən 5116 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 235 nəfər stasionar müalicəyə cəlb edilib, 256 nəfər təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilib.
15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Arif Məmmədov bildirdi ki, Xəstəxana 2011-cı ildə əsalı təmir olunub və müasir avadanlıqlarla təchiz olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinəsinin keçirilməsi ilə bağlı tapşırığını yerinə yetirmək üçün xəstəxananın poliklinika şöbəsi tam hazır vəziyyətə gətirilmişdir. Əhalinin tibbi müayinədən keçirilməsində əsas məqsəd xəstəliklərin erkən aşkarlanmasıdır. İllərlə həkimə müraciət etməyənlər indi müayinələrə cəlb olunurlar. İnsanların sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas hədəflərindəndir. Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyac yarandığı halda onları cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayinə edirlər. Müəssisə 39077 nəfər böyük əhaliyə və 13728 uşağa xidmət edir. Tibbi müayinədən keçməyə gələnlər ümumi və biokimyəvi analiz verirlər, rentgen, kardioqram, ultrasəs və digər müayinələrdən keçirlər. Tibbi müayinə başlayandan bu günə qədər 25173 nəfər tibbi müayinədən keçib. Bunlardan 3323 nəfəri rentgen, 628 nəfəri USM aparatından, 5740 nəfəri laboratoriya və 640 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən vətəndaşların 1527 nəfərində xəstəlik aşkar olunub və 66 nəfəri stasionar müalicəyə götürülüb,117 nəfər hospitalizasiya olunub.
Arif Məmmədov məlumat verdi ki, xəstəxanada işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və müəyyən səbəblərdən poliklinikaya gələ bilməyən vətəndaşlara evlərində tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Qaraçuxur qəsəbəsi ağsaqqallar şurasının sədri Əlağa Hüseynov 15 nömrəli BŞX-nin tibbi heyyətindən, burada yaradılan şəraitdən razılığını bildirdi və vətədaşların qayğısına diqqətlə yanaşdığına görə dövlət başçısına minnətdarlıq etdi.
Qəsəbə sakini Türkan Fətullayeva bildirdi ki, bütün müayinələrdən keçdim. Həkimlər və tibb bacıları məni mehribanlıqla qarşıladılar. Belə şəraiti bizə yaratdığına görə Prezidentimizə minnətdarlığımızı bildiririk.