Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbənin 71-ci ildönümü Suraxanıda geniş qeyd olundu

09 may 2016 | 16:00

1941-1945-ci illər müharibəsində qələbənin 71-ci ildönümü Suraxanı rayonunda geniş qeyd olunmuşdur. “9 may - Qələbə Günü” münasibəti ilə rayonun bütün qəsəbələrində (Əmircan, Bülbülə, Yeni Suraxanı, Zığ, Qaraçuxur, Hövsan)  rayon rəhbərliyinin, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, ictimaiyyət nümayəndələrinin və veteranların iştirakı ilə təntənəli tədbirlər keçirilmiş, abidə komplekslərinin önünə tər güllər qoyulmuşdur.
7 may 2016-cı il tarixdə ümumrayon tədbiri keçirilmişdir. Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Böyük Vətən müharibəsinin iştirakçıları, arxa cəbhə veteranları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Qaraçuxur qəsəbəsində  yerləşən “Vətən Şəhidləri Unudulmur” abidəsinin önünə gül qoydular.
Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra bir dəqiqəlik sükütla 1941-1945-ci illər müharibəsində həlak olmuş igid oğul və qızlarımızın əziz xatirəsi yad edildi.
Tədbirdə çıxış  edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev bildirdi ki, 1941-1945-ci illər müharibəsində qələbənin 71-ci ildönümü rayonun qəsəbələrində, dövlət və yerli idarəetmə orqanlarında, təhsil, səhiyyə, mədəniyyət və sənaye müəssisələrində geniş qeyd edilir.
Bu əlamətdar bayram münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik edən Rəşad Hacıyev qeyd etdi ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar - o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir. Müharibə başlananda respublikada orduya səfərbərlik ümumxalq hərəkatına çevirilmiş, 680 min nəfərdən çox insan səfərbərliyə alınmışdır. Döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunmuşlar. Onlardan 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Tank qoşunları general-mayoru Həzi Aslanov isə bu ada  iki dəfə layiq görülmüş, 34 nəfər həmyerlimiz "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdur. 57 həmyerlimiz general rütbəsinə yüksəlmişdir. 420 min həmyerlimiz döyüş meydanlarında qəhrəmancasına həlak olmuşdur. 1941-1945-ci illərdə respublikamızda 75 milyon ton neft çıxarılmış, 22 milyon ton benzin və başqa neft məhsulları istehsal edilərək cəbhəyə yola salınmışdır. O dövrdə bütün Sovet neftinin 90 faizi Azərbaycanın payına düşürdü. Burada Suraxanı neftçilərinin əməyi az deyildir. Suraxanı neftçiləri gecə-gündüz əzmlə çalışaraq cəbhəni yanacaqla təmin etmişlər.
Azərbaycan xalqı bu gün faşizmə qarşı müharibədəki iştirakı ilə fəxr edir. Xalqımız müharibə veteranlarına dərin ehtiram bəsləyir. Bu gün Suraxanı rayonunda 17 nəfər müharibə iştirakçısı, 20 nəfər arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş veteran və 200 nəfər həlak olmuş və ya vəfat etmiş müharibə iştirakçılarının dul qadınları yaşayır. Onların hər birinə uzun ömür və cansağlığı arzulayıram.
Rəşad Hacıyev xüsusi vurğulamışdır ki, Azərbaycan xalqının Ümummilli Liderı, Ulu Öndər Heydər Əliyev daim müharibə veteranlarına xüsusi qayğı və diqqət göstərmiş, onların problemləri ilə yaxından maraqlanmışdır. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidentı cənab İlham Əliyevin həyata keçirdiyi mühüm tədbirlər müharibə veteranlarının sosial müdafiəsini daha da yaxşılaşdırmışdır. 1941-1945-ci illər müharibəsində qələbənin 71-ci ildönümü ərəfəsində müharibə iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz nümunəsidir.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev eyni zamanda qeyd etmişdir ki, Suraxanı rayonunda həyata keçirilən yerli proqramlardan biri də rayonun bütün qəsəbələrində müharibə və əmək veteranlarının istirahətlərinin səmərəli təşkili üçün şəraitin yaradılmasıdır. Son illərdə 7 ünvanda “Veteranlar güşəsi” tikilmişdir. Ötən dövrdə 14 ünvanda 28 şəhidin xatirəsini ədəbiləşdirən xatirə kompleksləri əsaslı təmir olunmuş və yeniləri tikilmişdir.
Çıxış edən veteranlar döyüş xatirələrini söyləmiş, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
1941-1945-ci illər müharibəsində qələbənin 71-ci ildönümü münasibəti ilə keçirilən tədbir  “Aura” şadlıq sarayında davam etdirilmişdir.
Tədbirdə rayonun Qurban Abbasov adına Mədəniyyət sarayının bədii kollektivləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.

Keçidlər