Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü illiyi münasibəti ilə silsilə tədbirlər keçirilir

05 may 2016 | 16:00

Suraxanı rayonunda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü illiyi münasibəti ilə silsilə tədbirlər keçirilir.
Növbəti belə tədbir - “Heydər Əliyev və ordu quruculuğu”  mövzusunda konfrans Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının birgə təşkilatçılığı ilə Mərkəzdə keçirilmişdir.
Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Milli Məclisin deputatları Ağacan Abiyev, Sevinc Fətəliyeva, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbin və Respublika Müharibə, Əmək və Silahli Qüvvələr Veteranları təşkilatının nümayəndələri, N saylı hərbi hissənin hərbiçiləri, 3 mindən yuxarı rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər, Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin Rəsm dərnəyində yaradıcılıqla məşğul olan uşaqların Mərkəzin ətrafında yerləşdirilmiş lövhələrdə sərgilənən rəsm əsərlərnə baxdılar.
Konfrans iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra şagirdlərin hazırladıqları əl işləri və kitab sərgisi ilə tanış oldular. Mərkəzin sifarişi ilə hazırlanmış Ümummilli Liderin həyat və yaradıcılığına həsr olunmuş “Millət atası” filminə baxışdan sonra konfrans öz işinə başladı.
Konfransda məruzə ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, bu günlərdə ölkəmizdə və onun hüdudlarından kənarlarda – dünyanın bir çox ölkələrində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü illiyi qeyd olunur. Heydər Əliyev Azərbaycan xalqının milli sərvətidir. Bugünkü konfransımız Ulu Öndərin çoxşaxəli fəaliyyətinin mühüm bir istiqaməti olan ordu quruculuğu sahəsindəki fəaliyyətinə həsr olunub. Müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır.
Ulu Öndər SSRİ dövründə və müstəqil olduqdan sonra Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirmişdir. 1969-cu ildə Respublika rəhbərliyinə gəlişindən sonra  müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. 1971-ci ildə böyük səylər nəticəsində general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olmuşdur. Həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Bu gün məktəbin məzunları arasında yüksək rütbəli zabitlər, generallar var. Eyni zamanda Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində və eləcə də SSRİ-nin digər məktəblərində oxuması üçün tədbirlər görmüşdür. Heydər Əliyevin SSRİ dövründəki ordu quruculuğu siyasəti müstəqillik qazandıqdan sonra da öz bəhrəsini vermişdir.
Məruzəçi qeyd etdi ki, hər bir dövlətin varlığı, müqəddəratı onun güclü iqtisadiyyatı və güclü ordusunun olması ilə səciyyələnir. 1991-ci il 18 oktyabrda öz müstəqilliyini bərpa etmiş Azərbaycan elə müstəqilliyinin ilk günlərində mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətlə üzləşdi. Bu eyni zamanda özünü ordu sahəsində də göstərdi. Dağlıq Qarabağda döyüşən əsgərlərin vahid komandanlıqdan idarə edilməməsi 20 faizdən artıq torpaqlarımızın ermənilər tərfindən işğalı ilə nəticələndi.
1993-cü il iyun ayında xalqın təkidli tələbi ilə Ulu Öndərin yenidən siyasi hakimiyyətə gəlməsi ilə qardaş qırğının qarşısını almaqla yanaşı, mərkəzi komandanlığa bir başa tabe olan ordu quruculuğuna başlanıldı.
Milli Məclisin 1993-cü il noyabrın 18-də keçirilən iclasında müdafiə və təhlükəsizlik məsələləri müzakirə olundu. Orduda kadr problemini aradan qaldırmaq məqsədilə MDB qoşun hissələrində xidmət edən azərbaycanlı zabitlərin vətənə qayıtmasına xüsusi diqqət və qayğı göstərildi. Ordu quruculuğunun qanunvericilik bazası yaradıldı. Həmin dövrdən başlayaraq Ümummilli Liderin rəhbərliyi altında Silahlı Qüvvələrin komplektləşdirilməsi, nizam-intizamın, döyüş əhval-ruhiyyəsinin qaldırılması, Milli Ordunun maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində qətiyyətli addımlar atıldı. Dövlət müstəqilliyini bərpa edəndən sonra çoxqütblü inkişaf modelləri sırasından Qərb dəyərlərini seçən Azərbaycan hərbi-siyasi təhlükəsizliyinə təminatı gücləndirmək, beynəlxalq birliyin tamhüquqlu subyektinə çevrilmək üçün aparıcı beynəlxalq təşkilatlarla, o cümlədən NATO ilə əməkdaşlığa mühüm önəm verdi. Bu əməkdaşlıq strateji məzmun kəsb etməklə, regionun mühüm enerji layihələrinin təhlükəsiz gerçəkləşdirilməsinə əsaslı təminat baxımından da çox əhəmiyyətlidir.
Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işi yeni dövrün tələbləri səviyyəsində inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bu məqsədlə bütün zəruri tədbirlərin həyata keçirilməsinə nal olmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin sosial rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunu bir daha təsdiqləyir.
Müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması da ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Əvvəllər xaricdən alınan bəzi hərbi texnika və döyüş sursatları artıq Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal olunur. Azərbaycanın yerli istehsal hesabına ordusunun müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında üstünlüyünü daha da artırır.
Erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti tamamilə haqlı olaraq öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir. Azərbaycan tərəfi açıq bəyan edib ki, sülh danışıqları nəticə verməzsə, münaqişə hərb yolu ilə həll ediləcəkdir. İşğalçı Ermənistan dövləti də qeyri-konstruktiv mövqeyindən əl çəkərək Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir. "Status-kvo"nun dəyişdirilməsi üçün əsl vaxtdır. Əks-təqdirdə təcavüzkar Ermənistan öz qarşısında qüdrətli Azərbaycan Ordusunu görəcək. Və belə bir hal artıq artıq baş verdi. Apelin 1-də başalayan 4 günlük müharibədə təcavüzkar Ermənistan öz qarşısında qüdrətli Azərbaycan Ordusunu gördü.
Ermənilərin törətdikləri təxribatların qarşısının alınması zamanı Azərbaycan əsgəri düşmənə ərazilərimizə qarşı hərbi təcavüz siyasətinin davam etdirildiyi illərin ən sərt cavabını verərək ən ağır zərbəsini vurdu. Azərbaycanın getdikcə artan qüdrətini və gücünü düşmən qovulduğu yüksəkliklərlə, verdiyi tələfatlarla gördü.
Bu qələbə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 90-cı illərinin ortalarından müəyyən etdiyi uzaqgörən siyasi kursun məntiqi nəticəsidir.
Düşmən bir daha əyani surətdə anladı ki, Azərbaycan müstəqilliyinin ilk illərindəki Azərbaycan deyil. Müstəqil Azərbaycan cənubi Qafqazın ən modern, hazırlıqlı və güclü ordusuna malikdir.
İlqar Abbasov xüsusi vurğuladı ki, ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Mayın 1-də möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilə növbəti dəfə cəbhə xəttinə səfər etmişdir.
Böyük hərbi riskə baxmayaraq cənab İlham Əliyev ön səngərə gedərək cəsarət və mərdliyi ilə şəxsi nümunə göstərmiş, şəxsi heyətlə görüşmüşdür. Görüşdən sonra Ali Baş Komandan təmas xəttində Ermənistan ordusunun törətdiyi təxribatların qarşısını alarkən şücaət göstərmiş döyüşçülərə hədiyyələr təqdim etmişdir.
Səfər zamanı cənab İlham Əliyev və Mehriban xanım Əliyeva, eyni zamanda aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artileriya qurğularından açılmış atəş nəticəsində dağılmış evlərə baxmış, cəbhənin 200 metrliyində yaşayan sakinlərlə və erməni təxribatı nəticəsində xəsarət almış soydaşlarımızla görüşmüşlər.
Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan cənab İlham Əliyev bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirmişdir.
İlqar Abbasov məruzəni belə yekunlaşdırdı: Hər bir soydaşımız əmindir ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq, hərbi intizamını artıracaq, döyüş və mənəvi-psixoloji hazırlığını yüksəldəcək, qazandığı uğur və nailiyyətlərlə xalqımızı sevindirəcək və tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızın xilas edilməsinə nail olacaq.
Məruzə ətrafında Milli Məclisin deputatları Ağacan Abıyev və Sevinc Fətəliyeva, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbin rəisi, polkovnuk Fizuli Salahov, Respublika Müharibə, Əmək və Silahli Qüvvələr Veteranları təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, YAP Suraxanı rayon Təşkilatının sədri Vüqar Seyidov çıxış etdilər. Çıxışlarda Ulu Öndərin ordu quruculuğu istiqamətindəki fəaliyyətindən ətraflı danışıldı və xüsusi vurğulandı ki, Azərbaycan əsgəri bu gün quruda, havada və dənizdə Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir, Ulu Öndərimizin ideyalarına sadiqdir, Vətənin hər bir çağırışına hər an hazırdır. Xalq öz ordusuna inanır, onun gücünə güvənir.
Sonra 2015-2016-cı tədris ilində Suraxanı rayonu Heydər Əliyev Mərkəzində və Yeni Azərbaycan Partiyası  Suraxanı rayon təşkilatında  Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədi ilə keçirilmiş açıq dərslərin təşkilində və keçirilməsində fəal iştirakına görə fərqlənmiş şəxslər rayon İcra Hakimiyyəti başçısının və YAP Suraxanı rayon təşkilatının Fəxri Fərmanları ilə təltif edildilər.
Yeni Azərbaycan Partiyasının sıralarına üzv qəbul olunmuş bir qrup rayon sakininə üzvlük vəsiqəsi təqdim olundu.
Respublika Müharibə, Əmək və Silahli Qüvvələr Veteranları təşkilatının sədri Dadaş Rzayev bir qrup şəxsə təşkilatın medal və fəxri fərmanlarını təqdim etdi.
Konfrans iştirakçılarına məlumat verildi ki, YAP Suraxanı rayon Təşkilatının Gənclər Birliyi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü illiyi münasibəti ilə  fləşmob keçirib. Heydər Əliyev parkında keçirilən fləşmobun videoçarxı konfrans iştirakçılarına göstərildi.
Konfransda iştirak edən qonaqlara Mərkəzin xatirə hədiyyəsi təqdim olundu.
Konfransın işini İlqar Abbasov bu sözlərlə yekunlaşdırdı: Heydər Əliyevin irsi - vətənə, xalqa sədaqətlə xidmət etmək, müstəqilliyimizi göz bəbəyi kimi qorumaq və bu yolda canını belə əsirgəməmək kimi müqəddəs dəyərləri bizim hər birimiz üçün əsl həyat məktəbidir.

Keçidlər