Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda səhiyyə işçiləri akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümünü qeyd etdilər

28 aprel 2016 | 16:00

Suraxanı rayonunda görkəmli oftalmoloq alim, akademik, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. Növbəti tədbir  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında keçirilmişdir.
Rayonun səhiyyə işçilərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Zümrüd Abdullayeva bildirmişdir ki, görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ölkəmizdə geniş qeyd edilir, əziz xatirəsi sonsuz məhəbbətlə anılır, yad edilir. XX əsrin ikinci yarısında tibb elminə böyük töhfələr vermiş görkəmli alimlər sırasında Zərifə xanım Əliyevanın özünəməxsus yeri var. Bütün elmi fəaliyyətini oftalmologiyaya həsr edən yorulmaz alim bu sahədə bir çox yeniliklərə imza atmış, dünya oftalmologiyası məkanında yaxından tanınmışdır. Bilik və təcrübəsi, peşə sevgisi və zəhmətsevərliyi onu akademiklik zirvəsinədək yüksəltmişdir. Təsadüfi deyil ki, alimin tədqiqatlarının nəticələri, elmi irsi bu gün də öz əhəmiyyətini, aktuallığını saxlamaqdadır.
Tədbirdə çıxış edən 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov qeyd etmişdir ki, Zərifə xanım Əliyeva həmkarlarının, yetirmələrinin, xəstələrinin hörmət və məhəbbətini qazandıran onun həkim fədakarlığı, yüksək vətəndaşlıq mövqeyi, səmimiyyəti, insanlara qayğısı  idi. Hədsiz dərəcədə xeyirxah bir insan olan Zərifə xanım yaşamaqdan, işləməkdən xüsusi zövq alır, həyata və insanlara qarşı nikbin, xeyirxah və etimad ab-havası yaratmaq üçün çox çalışırdı. Bu onun həyatının əsas meyarı, qırılmaz vəhdəti idi.
Zərifə xanımın zəngin elmi fəaliyyəti, qazandığı uğurlar barədə danışan 24 nömrəli Şəhər Poliklinikasının həkimi Rəna Qanbay akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafı istiqamətində apardığı tədqiqat işlərinin əhəmiyyətini xüsusi vurğulamışdır.
16 nömrəli Uşaq Poliklinikasının həkimi Aynur Ələsgərova çıxış edərək bildirmişdir ki, gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə xanım Əliyeva elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdilər. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı. Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi. Zərifə xanım Əliyeva sevib-seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu istedadını tam gerçəkləşdirə bilirdi.
Tədbirdə səslənən fikirləri ümumiləşdirən Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd etmişdir ki, akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanım Ümummilli Liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin anasıdır. Oftalmoloq alim Zərifə xanım Əliyevanın həyata keçməyən ideyalarının gerçəkləşməsində möhtərəm Prezidentimiz cənab  İlham Əliyevlə birgə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da yaxından iştirak edir.
Akademik Zərifə xanım Əliyeva özünün səmimiliyi, xeyirxahlığı, insansevərliyi, vətənpərvərliyi, bəşəri duyğuları ilə ölməzliyə qovuşub. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Keçidlər