“BakuBus” MMC-nin təşəbbüsü ilə səyyar əmək yarmarkası təşkil olunub
Bakı, 23 aprel, Elvin Camalov, AZƏRTAC
“BakuBus” MMC-nin təşəbbüsü və Suraxanı Rayonu İcra Hakimiyyətinin, Zığ qəsəbə nümayəndəliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin Suraxanı rayonu bölməsinin dəstəyi ilə Suraxanı rayonu Zığ Qəsəbəsində yerləşən Mədəniyyət evində həmin qəsəbədə yaşayan vətəndaşların işlə təmin olunması məqsədilə “İş SƏNİ axtarır” adlı səyyar əmək yarmarkası təşkil olunub.
Bu barədə AZƏRTAC-a “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
Onun sözlərinə görə bu baş tutan əmək yarmarkasında “BakuBus”un səlahiyyətli nümayəndələri ilə yanaşı, rayon icra hakimiyyətinin, məşğulluq xidmətinin və qəsəbə nümayəndəliyinin rəsmi şəxsləri də iştirak edərək Zığ qəsəbəsində yaşayan vətəndaşların çoxsaylı müraciətlərinə, onları maraqlandıran məsələlərə toxunmuş və işə qəbul proseduru, tələb olunan sənədlər, işə qəbul üçün zəruri olan kriteriyalar haqqında çoxsaylı suallar cavablandırılıb.
Əmək yarmarkasında 100-dən çox qəsəbə sakininin iştirak etdiyini deyən mətbuat xidmətinin rəhbəri bildirib ki, işə qəbul olmaq istəyən vətəndaşlarımız arasında sürücülük vəzifəsi ilə maraqlananlar digərlərinə nisbətən çoxluq təşkil edir. “BakuBus” olaraq bu qəbildən olan layihələri həyata keçirməkdə əsas məqsədimiz fəaliyyət göstərdiyimiz şirkətin yerləşdiyi ərazidə yaşayan sakinlərin işlə təmin olunması məsələsinə dəstək olmaqdır.
N.Allahyarova qeyd edib ki, sözügedən layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhali ilə çoxsaylı görüşlərindən sonra işsiz vətəndaş kontingentinin faizini minimuma endirməklə bağlı müəssisələrin qarşısına qoyduğu sosial öhdəliklə birbaşa əlaqədardır.