Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda Çernobıl AES-də baş vermiş qəzanın 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir

26 aprel 2016 | 16:00

Çernobıl AES-də  26 Aprel 1986-cı ildə baş vermiş qəzadan 30 il ötür. XX əsrin ən böyük texnogen qəzasının aradan qaldırılmasında iştirak edən minlərlə azərbaycanlı arasında radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığını itirmiş Suraxanı rayon sakinləri də var. Qəza nəticəsində əlil olmuş Suraxanı rayon sakinlərinin qayğı və problemlərinə daha diqqətlə yanaşmaq, onlara mütəmadi olaraq maddi və mənəvi köməklik göstərilməsini davam etdirmək məqsədi ilə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 29 mart 2016-cı il tarixli sərəncam imzalamışdır.
“Çernobıl” qəzasının 30-cu ildönümü ilə əlaqədar Suraxanı rayon İcra Hakimiyyətinin və Suraxanı rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun “Halal süfrə” restoranında anım tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə bir dəqiqəlik sükutla Cernobıl qəzası nəticəsində dünyasını dəyişənlərin əziz xatirəsini yad etdilər.
          Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova qeyd etmişdir ki, 26 aprel 1986-cı ildə baş verən və bütün dünyanı təşvişə salan Çernobıl hadisələrindən xeyli vaxt keçsə də o müdhiş hadisənin doğurduğu fəsadlar hələ də yaşanmaqdadır. Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində yüz minlərlə insan radioaktiv şüalanmaya məruz qalmış, böyük bir ərazi xarabalığa çevrilmişdir. Baş vermiş qəzadan 30 il keçsə də tək Çernobılda deyil, ona yaxın ərazilərdə belə həyat naminə heç bir əlamət görünmür.
            Qəza baş verən ərazidə iştirak edən həmyerlilərimizin sağlamlığının qorunması, sosial müdafiəsinin gücləndirlməsi üçün müəyyən tədbirlər həyata keçirilmiş, onlar xüsusi imtiyazlarla təmin olunmuşlar. Belə ki, 1993-cü ildə “  Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu, sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq zərəçəkmişlərin statusu müəyyənləşdirilmişdir.
Afət Həsənova xüsusi vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev bu kateqoriyadan olan insanların problemlərinin həlli, onların həyat şəraitinin yaxşılaşdırılması, bu insanların özlərini cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etmələri üçün bütün zəruri tədbirləri həyata kecirir. “Çernobıl” qəzasının əlilləri və iştirakçıları dövlətin hərtərfli qayğısı ilə əhatə olunmuşlar. Suraxanı rayonunda da “Çernobıl” qəzasının əlilləri və iştirakçıları qarşılaşdıqları məişət problemlərinin həlli və maddi-rifah hallarının yaxşılaşdırılması yönündə mütəmadi olaraq zəruri tədbirlər həyata kecirilir.
Tədbirdə çıxış Suraxanı rayon Dövlət Sosial Müdafiə Fondunun direktoru, Çernobıl hadisələrinin iştirakçısı Şahalı Cəbiyev, “Çernobıl Əlilləri“ İttifaqının Suraxanı rayon flialının direktoru Akif Bayramov, Çernobıl əlili Vüqar Rzayev və digərləri qeyd etdilər ki, ölkədə Çernobıl əlillərinin hüquqlarını tənzimləyən xüsusi qanunvericilik aktı var. Bununla yanaşı, əlillərin sosial hüquqları ilə bağlı qanunlar da Çernobıl qəzası iştirakçılarına  şamil edilir. Bütün əlillər pensiya ilə təmin olunur, ildə bir dəfə pulsuz müayinə və müalicədən keçirlər, istirahət hüquqları təmin edilib və hər il birdəfəlik pul yardımı verilir. Çernobıl əlillərinə pulsuz ev və avtomobillər də verilir.
Tədbirin sonunda Çernobıl əlillərinin bir qrupuna ərzaq yardımı göstərildi.

Keçidlər