Suraxanıda müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılanların təntənəli qarşılanması mərasimi olmuşdur
22 aprel 2016-cı il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılanların qarşılanmasına həsr olunmuş tədbir keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın üzvlərinin, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, sənaye müəssisələrinin rəhbərlərinin, YAP Suraxanı rayon təşkilatının fəallarının və ictimaiyyət nümayəndələrinin, həqiqi hərbi xidməti başa vuraraq ordudan təxris olunan Suraxanı gənclərinin, “Şahin” hərbi idman oyunları üzrə komandaların üzvlərinin iştirak etdiyi tədbirin iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Qarşılanma mərasimini giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsi rəisinin müavini Vüsal Həsənov qeyd etdi ki, bu meydandan biz dəfələrlə gənclərimizi hərbi xidmətə yola salmışıq. Bu gün isə Azərbaycan Respublikası Prezidentinin sərəncamına müvafiq Vətənə müqəddəs borcunu verərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılan gənclərimizi qarşılayırıq. Aprelin 1-də Ermənistan hərbi qüvvələrinin Azərbaycanın kəndlərini, yaşayış məntəqələrini atəşə tutmasına, hərbi mövqelərimizə zərbələr endirməsinə Silahlı Qüvvələrimiz lazımi cavabı verərək onları geri oturtdular, düşmənin döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarıldı. Azərbaycan Ordusu bu müharibədə bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini ələ keçirməyə müvəffəq oldu. Bu uğur Ulu Öndər Heydər Əliyevin başladığı və Ali Baş Komandan cənab İlham Əliyevin əzmlə davam etdirdiyi ordu quruculuğu prosesinin ən yüksək mərhələdə olduğunu göstərdi.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov hərbi xidməti cəbhə bölgəsində, təmas xəttində və ona yaxın ərazilərdə şərəflə başa vuraraq evə qayıtmış gənclərə xoş gəldin söylədi və bildirdi ki, son günlər Azərbaycan əsgərinin, Azərbaycan oğlunun cəbhədə göstərdiyi qəhrəmanlıq, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancanına döyüşməsi, şəhidlik zirvəsinə yüksəlməsi dediklərimizin əyani sübutudur. Aprelin 1-dən başlayaraq qoşunların təmas xəttində ermənilərin törətdikləri təxribatların qarşısının alınması zamanı Azərbaycan əsgəri düşmənə ərazilərimizə qarşı hərbi təcavüz siyasətinin davam etdirildiyi illərin ən sərt cavabını verərək ən ağır zərbəsini vurmuşdur.
Bu zəfər mənzərəsini Azərbaycan əsgəri yaratdı, bu qüruru bizlərə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev yaşatdı.
Bu qələbə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 90-cı illərin ortalarından müəyyən etdiyi uzaqgörən siyasi kursun məntiqi nəticəsidir.
Düşmən bir daha əyani surətdə anladı ki, Azərbaycan müstəqilliyinin ilk illərindəki Azərbaycan deyil.
Müstəqil Azərbaycan dövləti 1994-cü ilin atəşkəs sazişindən bəri ötən zamanı əsla boşuna xərcləməyib.
Bu, atəşkəsin yaratdığı imkanlardan faydalanaraq özünü inkişaf etdirən, qısa müddət ərzində misilsiz sosial-iqtisadi nailiyyətlər qazanan, dünyaya açılan, reallaşdırdığı qlobal layihələrlə beynəlxalq aləmdə əsl güc sahibinə çevrilən, hüquqi dövlət quruculuğu, demokratik islahatlarla cəmiyyəti bir yerə toplayan, informasiya müharibəsində rəqibi üstələməyə başlayan, eyni zamanda qüdrətli, yüksək təminatlı bir ordu formalaşdıran və Ermənistandan fərqli, sözün əsl mənasında, müstəqil dövlət olmağı bacaran Azərbaycanın gücüdür.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli mərhələsini yaşayan dövlətimizin gücünü düşmən indiyə qədər beynəlxalq arenalarda, diplomatiya səngərlərində çox görmüşdü. Aprelin 1-də isə düşmən Azərbaycanın getdikcə artan gücünü qovulduğu yüksəkliklərlə, verdiyi tələfatlarla gördü.
Bu gün dünyada baş verən hadisələrin fonunda bu cür hərbi əməliyyat keçirib işğalçı Ermənistana qısa müddət ərzində sarsıdıcı zərbələr vurmaq və Azərbaycanın bu haqlı addımını dünyaya olduğu kimi qəbul etdirmək asan məsələ deyil. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin illərdən bəri diplomatik cəbhələrdə apardığı haqq davasının zəfəridir, təntənəsidir.
Dörd günlük müharibə gedişində bütün cəmiyyətimiz Azərbaycan əsgərinin keçirdiyi döyüş əməliyyatlarının, qazandığı zəfərlərin bir parçası olmaq istəyirdi, keçirilən dəstək aksiyaları ilə, gənclərin könüllü olaraq döyüşə yollanmaq üçün hərbi komissarlıqlara kütləvi müraciətləri ilə, real həyatda, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə duyulan coşqu ilə hamı buna can atırdı.
İlqar Abbasov bu hadisələrin fonunda Azərbaycan qadınının mətanətini xüsusi vurğulayaraq qeyd etdi ki, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Heydər məscidində şəhidlərimizin xatirəsinə açdığı ehsan süfrəsi bütün Azərbaycan analarının, bütün Azərbaycan qadınlarının birliyinin təcəssümü idi. O məclisdə biz qəddini qürurla uca tutmuş Anaları gördük.
Aprel ayının 1-i gecəsi Ali Baş Komandan cənab İlham Əliyev Qələbə ümidini nəinki diriltdi, həm də inama çevirdi. Möhkəm və sarsılmaz inama.
Rayon rəhbəri çıxışında eyni zamanda hərbi xidmətdən qayıtmış gənclərin məşğulluq məsələini də xüsusi qeyd etdi, aidiyyəti qurumları bu məsələdə fəal olmağa çağırdı və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizə bir daha “Allah rəhmət eləsin!” söylədi.
Qarşılanma mərasimində rayon ağsaqqallar şurasının üzvü Müseyib Bağırov, şəhid anası Saray Quliyeva, həqiqi hərbi xidməti başa vurmuş Fərid Əliyev, YAP Suraxanı rayon Gənclər Birliyinin üzvü İsmayıl Hüseynov, Böyük Vətən Müharibəsi veteranı Seyfulla Baxışov çıxış etdilər.
Hərbi xidməti cəbhə bölgəsində, təmas xəttində və ona yaxın ərazilərdə şərəflə başa vuraraq evə qayıtmış gənclərə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin xatirə hədiyyəsi və digər qiymətli hədiyyələr təqdim olundu.
Tədbirdən sonra Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov hərbi xidmətdən qayıtmış gənclərlə ayrıca görüş keçirtdi, onları maraqlandıran suallara aydınlıq gətirdi və bir daha onların diqqətinə çatdırdı ki, bütün məsələlərlə bağlı istənilən vaxt rayon İcra Hakimiyyətinə müraciət edə bilərlər.