Suraxanı rayonunda növbəti səyyar görüş keçirilmişdir
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sakinlərlə növbəti səyyar görüşü olmuşdur.
Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə mütəmadi səyyar görüşləri keçirilir, onların təklif və rəyləri dinlənilir, qarşılaşdıqları problemlərin qısa zamanda aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Cari il ərzində 13 səyyar görüş-qəbul keçirilmişdir.
Növbəti səyyar görüş Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 362/1 saylı evin yanında keçirilmişdir. Sakinlərlə keçirilən növbəti görüşə gələn rayon rəhbəri məlumat vermişdir ki, qəbul edilmiş müxtəlif dövlət proqramlarının uğurlu icrası nəticəsində abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlər əldə edilmiş, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, yeni məktəb, uşaq bağçası, poliklinikaların tikintisi, mövcud olanların əsaslı təmiri və müasir avadanlıqla təzhizatı sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələri həyata keçirilmişdir.
İlqar Abbasov sakinlərin diqqətinə çatdırmışdır ki, ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 dəfə Suraxanı rayonunda olmuşdur. Fevralın 3-də “Bakı-2015” Birinci Avropa Oyunları üçün Zığ qəsəbəsində inşa edilən avtobus deposu və təlim mərkəzində görülən işlərlə tanış olmuş, iyun ayının 3-də həmin obyektlərin açılışında iştirak etmişdir. Aprelin 26-da “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunda “Bakı-2015” Birinci Avropa Oyunlarının məşəlini alovlandırmış, oktyabrın 4-də “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal Adası” layihəsi çərçivəsində SABIS Sun Beynəlxalq məktəb kompleksinin və Qolf klubunun açılışında iştirak etmiş, noyabrın 11-də isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N saylı hərbi hissəsinin hərbi şəhərciyində yaradılan şəraitlə tanış olmuşdur.
Cari ilin yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “ATEF Sirkətlər Qrupu” MMC-nin Qaraçuxur qəsəbəsində yağ transformatorları, gәrginlik transformatorları, komplekt transformator yarımstansiyaları vә stabilizatorlar istehsal edən İriqabaritli Transformator Zavodu istifadəyə verilmiş, yeni Yüksəkgərginlikli Avadanlıqlar Zavodunun təməli qoyulmuşdur.
Son dövrdə Səttar Bəhlulzadə, İlqar Məmmədov, Şahin Məhərrəmov, Oqtay Əliyev, Xanlar Ələkbərov, Atamoğlan Rzayev, Zahid Əliyev, Malik Mustafayev küçələrində yaşayış və qeyri-yaşayış obyektlərinin fasadları və hasarları yenidən qurulmuş, təmir olunaraq rənglənmiş, aqlay daşları ilə üzlənmiş, qaz, elektrik, telefon və digər yerüstü kommunikasiya xətləri yerin altına salınmış, asfalt vurulmuş, bordur düzülmüş, qazon salınmış, bir çox qapı və darvaza dəyişdirilmiş, küçələrin işıqlandırılması üçün işıq dirəkləri və çilçıraqlar quraşdırılmışdır.
Hövsan qəsəbəsinin girişindən başlayaraq İlqar Əhlimanov, Oqtay Şabanov və Elman Qasımov küçələrinin ətrafında abadlıq və quruculuq işləri aparılmış, divar və hasarlar rənglənmişdir.
Qaraçuxur qəsəbəsində Cəlal Qurbanov, İlqar Musayev, Zaur Şərifov, Abbas Fətullayev, Nizami İsmayılov, Fərman Kərimzadə və Abbasqulubəy Şadlinski küçələrində və Yeni Günəşli yaşayış sahəsində rayonun idarə və müəssisələrin köməkliyi ilə abadlıq-quruculuq işlər görülmüş, küçələrin ətrafında yerləşən qeyri-yaşayış obyektlərinin fasadları aqlay daşı ilə üzlənmiş, binaların fasadları və hasarlar rənglənmiş və ətraf ərazilər abadlaşdırılmışdır.
Rayon ərazisində 13 ünvanda nümunəvi abad məhəllənin salınmasına və mövcud “Nümunəvi abad məhəllə”lərdə təmir-bərpa işlərinə başlanılmış və işlərin may ayının ilk günlərində başa çatdırılması planlaşdırılır.
Səyyar görüşdə sakinlərdən Həsənova Gülöyşə Ənvər qızı bankdan kredit alınmasına və evinin genişləndirilməsinə köməklik göstərilməsi, Abdullayev İntiqam Əziz oğlu məhəllədaxili yolların təmizliyinə diqqətin artırılması və asfaltlanması, Qurbanov Qədim Musa oğlu və Ələkbərov Nəcəf Zöhür oğlu torpaq sahələrinin sənədləşməsi, Əliyev Saleh Paşa oğlu fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin verilməsi ilə bağlı məsələlər qaldırdılar.
Sakinlərə müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli RİH rəhbərliyi tərəfindən nəzarətə götürüldü.
Rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə sakinlər ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.
Görüşdə 60-dan yuxarı sakin və RİH başçısı aparatının məsul işçiləri, xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
Səyyar görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fərəc Quliyev iştirak etmişdir.