Suraxanıda Heydər Əliyev parkında “Gənclərin sağlamlıq festival” keçirildi
Əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etmək məqsədilə bu il 20 aprel tarixdə Suraxanı rayonu Heydər Əliyev parkında Gənclərin Sağlamlıq Festivalı keçirilmişdir.
“Fiziki aktivliyi seç, xəstəliyi ötüb keç!” şüarı altında keçirilmiş Festivalının təşkilatçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Suraxanı Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və “İnkişaf Naminə İdman” İctimai Birliyidir.
Sağlamlıq festivalının rəsmi açılışında Gənclər və İdman nazirinin müavini cənab İntiqam Babayev və Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri cənab Fuad Muradov çıxış edərək gəncləri salamlamış və tədbir haqqında fikirlərini bölüşmüşlər.
Tədbirin idman və bədii hissəsində ruhlandırıcı musiqi nömrələrindən sonra şən və mütəhərrik oyunlardan ibarət olan estafet yarışında Suraxanı rayonunun şagirdləri iştirak etmişdilər. Finala vəsiqə qazanmış 4 məktəbin komandaları yarışaraq qalibi müəyyən etmişlər. Hər komandaya şagird və müəllim heyətindən ibarət azarkeş kütləsi dəstək vermişdir. Festival çərçivəsində parkın bir neçə yerində müxtəlif idman bölmələri fəaliyyət göstərmişdir. İdman bölmələrində fəaliyyət göstərən məşqçi-təlimatçılar musiqi sədaları altında tədbir yerinə təşrif buyuran ailələr və uşaqları da bu fəaliyyətlərə qatılmağa dəvət etmişdirlər. Təklif edilən idman növlərinə yüngül atletika, karate, akrobatika, boks, kapoeyro və futbol daxil idi.
Yarışlarda iştirak edən bütün məktəb şagirdləri sertifikat və medallarla təltif olunmuş, 1, 2, 3-cü yerləri tutan məktəblər isə diplom, kubok və hədiyyələrlə mükafatlandırılmışdır. Sağlamlıq festivalı çərçivəsində həmçinin əhalinin fiziki aktivliklə bağlı məlumatlandırılması məqsədilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanılmışdır. Sağlamlıq festivalına şux və oynaq musiqi nömrələri ilə yekun vurulmuşdur.